Azərbaycan ilə Kuba arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur

 

Fevralın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan kubalı həmkarı Bruno Eduardo Rodriqes Parrilya ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti inkişaf perspektivləri müzakirə olunmuşdur.

E.Məmmədyarov Azərbaycanın Kubada, Kubanın isə Azərbaycanda səfirliyinin açılmasını ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətini vurğulamışdır.

Azərbaycan ilə Kuba arasında iqtisadiyyat, mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu deyən E.Məmmədyarov hələ SSRİ dövründən mindən çox kubalı tələbənin Azərbaycanın texniki neft-qaz sahəsində ixtisaslanan təhsil ocaqlarında oxuduqlarını qeyd etmişdir.

Bundan əlavə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyini kubalı nazirin diqqətinə çatdırmışdır.

Azərbaycana səfərindən məmnunluğunu bildirən B.Rodriqes Parrilya ölkələrimiz arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır. İkitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edən kubalı nazir ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan B.Rodriqes Parrilya bildimişdir ki, məsələ sülh yolu ilə, beynəlxalq hüququn normaları prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 3.