Azərbaycan ilə Kuba arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır

 

Azərbaycanda rəsmi səfərdə olan Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya fevralın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

O.Əsədov demişdir ki, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixi vardır. Hələ sovetlər dövründə Azərbaycan ilə Kuba arasında elm, təhsil, mədəniyyət sahələrində yaxşı münasibətlərimiz olmuşdur. Yüzlərlə kubalı gənc bu gün də Azərbaycanın ali məktəblərində təhsil alır.

Dövlət və hökumət rəsmilərimizin qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar, imzalanmış sənədlər əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratmışdır. Ümid edirik ki, sizin bu səfəriniz əlaqələrimizin inkişafına yeni ruh gətirəcəkdir.

O.Əsədov dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd etmiş, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradılmasını müsbət qiymətləndirmiş, deputatlarımızın qarşılıqlı səfərlərinin sürətləndirilməsinin vacibliyini vurğulamışdır.

Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermiş, problemin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın haqq səsini dəstəklədiyinə görə nazirə minnətdarlıq etmişdir.

Bruno Eduardo Rodriqes Parrilya bildirmişdir ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Bu səfər də münasibətlərimizin daha da genişləndirilməsinə xidmət edir. Qonaq beynəlxalq müstəvidə bəzi məsələlərdə Kubanın mövqeyini dəstəklədiyinə görə Azərbaycan dövlətinə və xalqına dərin minnətdarlığını bildirmişdir.

Daha sonra görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 3.