YAP nümayəndə heyətinin
Rumıniyaya səfəri başlamışdır
Fevralın 16-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Asəf Hacıyevdən ibarət YAP nümayəndə heyətinin Rumıniyaya səfəri başlamışdır.
İki ölkənin hakim partiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə Rumıniyanın Demokrat Liberal Partiyasının (PDL) dəvətinə əsasən həyata keçirilən bu səfər çərçivəsində YAP və PDL arasında "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması nəzərdə tutulmuşdur.
Səfər proqramına Buxarestdəki Tey parkının Heydər Əliyev xiyabanında ümummilli liderin abidəsinin qarşısına əklil qoyulması ilə başlayan nümayəndə heyəti həmin gün Rumıniyanın Baş naziri, PDL-in sədri Emil Bokla görüşmüşdür. Görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunmuş, hakim partiyaların qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyi vurğulanmışdır. Söhbət zamanı strateji tərəfdaşlıq səviyyəsinə çatmış Azərbaycan-Rumıniya əlaqələrinin yüksələn xətt üzrə inkişafı qeyd olunmuş, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana səfərlərinin nəticəsində iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün etibarlı zəmin yarandığı diqqətə çatdırılmışdır. Emil Bok bildirmişdir ki, onun ölkəsi Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın tərəfdarı olmaqla yanaşı, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini həmişə müdafiə etmiş və edəcəkdir. YAP sədrinin müavini-icra katibi Ə.Əhmədov ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd etmiş, PDL nümayəndə heyətini Azərbaycana səfərə dəvət etmişdir. Baş nazir dəvəti qəbul edərək yaxın gələcəkdə PDL nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirmişdir.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Buxarest şəhəri 2-ci sektorunun meri Nekulay Ontsanu və Rumıniya ziyalılarının nümayəndələri ilə də görüşmüşdür. Rumıniya Akademiyasının vitse-prezidenti Marius Sala, Rumıniyanın Tərəqqisi Naminə Partiyasının fəxri sədri, keçmiş ədliyyə və xarici işlər naziri Kristian Diakonesku, Buxarest Yazıçılar Birliyinin sədri Horia Qırbya və başqalarının iştirak etdikləri görüşdə Buxarest şəhəri 2-ci sektoru və Bakı şəhəri Səbail rayonu arasında yüksək dinamikaya malik ikitərəfli münasibətlərdən danışılmış, ümummilli lider Heydər Əliyevin abidəsinin məhz bu sektorun ərazisində yerləşməsi faktı xüsusilə qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, xalqlarımız arasında əlaqələrin durmadan inkişaf etməsi bütövlükdə sülh, sabitlik, iqtisadi rifaha xidmət edir. Mer N.Ontsanu Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyinin də bu sektorun ərazisində fəaliyyət göstərdiyini vurğulayaraq, həmin təşkilatın həyata keçirdiyi geniş humanitar və xeyriyyə işlərindən bəhs etmiş, Azərbaycana səfəri zamanı müşahidə etdiyi böyük quruculuq işlərinin və inkişafın onda dərin təəssürat buraxdığını vurğulamışdır.
YAP sədrinin müavini-icra katibi Ə.Əhmədov ölkəmiz haqqında xoş sözlərə görə minnətdarlığını bildirmiş, görüşdə iştirak edən və Azərbaycana rəğbəti ilə seçilən rumın ziyalılarını ölkəmizə səfərə dəvət etmişdir.
Günün ikinci yarısında YAP nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Buxarestdə yerləşən abidəsini ziyarət etmiş, önünə çiçəklər qoymuşdur. Türkiyənin Rumıniyadakı səfirliyinin hərbi attaşesi polkovnik M.Tural mərasimdə iştirak etmişdir. Polkovnik M.Tural qeyd etmişdir ki, Buxarestdəki abidə Türkiyə liderinin xaricdə qoyulan ilk abidəsidir və Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətlərinin Atatürkün, Türkiyə heyətlərinin isə ümummilli lider Heydər Əliyevin abidələrini ziyarət etməsi ənənə halını almışdır.
Görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri E.Həsənov iştirak etmişdir.
YAP nümayəndə heyətinin Rumıniyaya səfəri davam edir.
AzərTAc
Azərbaycan.- 2011.-18 fevral.- S. 4.