Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatı yanında daimi nümayəndəsi
BMT-nin Baş katibinə Ermənistan tərəfindən atəşkəs
rejiminin pozulmasının davam etməsi barədə məlumat
vermişdir
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Aqşin Mehdiyev 2010-cu ilin dekabr və 2011-ci ilin yanvar aylarında Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən atəşkəs rejiminin pozulmasının davam etməsi ilə əlaqədar BMT-nin Baş katibi Pan Gi Munun ünvanına məktub göndərmişdir.
Məktubda qeyd edilir ki, bu müddətdə atəşkəs rejiminin Ermənistan hərbçiləri tərəfindən pozulması nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu öldürülmüş, iki nəfər azərbaycanlı hərbi qulluqçu və bir nəfər dinc sakin ağır yaralanmışdır.
Azərbaycanlı diplomat vurğulayır ki, bu hadisələr fonunda Ermənistan Respublikasının yüksək vəzifəli şəxsləri barışmaz bəyanatlar verməkdə davam etmiş, bununla da münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə nail olmaq imkanlarını açıq-aşkar və qərəzli şəkildə pozmuş, vəziyyətin daha da gərginləşməsinə çalışmışlar. Məsələn, Ermənistan prezidenti Serj Sarkisyan 2011-ci ilin yanvarın 17-də artıq adi hala çevrilmiş tarixin saxtalaşdırılması və faktların təhrif edilməsi ilə dolu bəyanatında birmənalı şəkildə eyham vurmuşdur ki, münaqişənin tənzimlənməsi prosesi barədə Yerevanın rəsmi mövqeyi hamılıqla qəbul edilmiş azadlıq, ədalət və sülh kimi prinsiplərdən inadla inkar edilməsinə əsaslanır (bax: Ermənistan prezidentinin rəsmi veb-saytı:
http://www.president.am/events/statements/end/?id=84).
Sarkisyan 2011-ci il 27 yanvar
tarixli müsahibəsində bir daha təsdiq etmişdir ki, erməni
tərəfi münaqişənin tənzimlənməsi
prosesini yalnız Azərbaycanın silah gücünə ələ
keçirilmiş və etnik təmizləmələr
aparılan ərazilərinin ilhaq edilməsi üçün
bir vasitə hesab edir. Başqa sözlə, Ermənistan
heç bir real əsası olmayan bəyanatlar verməklə
zəif maskalanmış bir məqsəd - Ermənistan tərəfindən
qanunsuz işğala son qoyulmasının, Azərbaycanın
suverenliyinin və ərazi bütövlüyünün bərpa
edilməsinin zəruriliyi, Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı
icmalarının dinc yanaşı yaşamasının təmin
edilməsi bazasında tənzimləmə formuluna əsaslanan
cari siyasi prosesi gözdən salmaq məqsədi güdür
(bax: Ermənistan prezidentinin rəsmi veb-saytı:
http://www.president.am/events/
press/rus/?ib=60).
BMT-nin baş katibinə məlumat
verilmişdir ki, Ermənistan prezidenti elə həmin tarixdə
silahlı qüvvələr günü münasibətilə
verdiyi digər bəyanatında yenidən açıq hədə-qorxu
gəlmiş, Ermənistanın silahlı qüvvələrini
və onların Azərbaycana qarşı yönəlmiş təcavüzü
dövründə törətdiyi çirkin cinayətləri
həyasızcasına tərifləmişdir. Qeyd etmək
lazımdır ki, Ermənistan silahlı qüvvələrinin
bu cür hərəkətləri bütün dünyada birmənalı
şəkildə hərbi cinayətlərə və ya
insanlıq əleyhinə cinayətlərə bərabər
tutulan xüsusilə ağır əməllər kimi qiymətləndirildiyi
bir vaxtda Ermənistan Respublikasının
başçısı elə həmin əməlləri
"onun xalqının və ölkəsinin müasir tarixdə"
irəliləməsi üçün yol açmış
"şanlı qələbələr" hesab edir. Eyni
zamanda, beynəlxalq birlikdə bu müharibədə Ermənistanın
rolu barəsində yanlış təsəvvür
yaratmağa yönəlmiş rəsmi Yerevanın adi təbliğat
üsullarından fərqli olaraq prezident Sarkisyan Azərbaycana
qarşı qanunsuz şəkildə zor tətbiq edilməsinə
görə özünün və öz silahlı qüvvələrinin
birbaşa məsuliyyətini etiraf etmişdir. Bu əməllər
Azərbaycan ərazisinin işğal edilməsində və təcavüz
zamanı ən ciddi beynəlxalq cinayətlər törədilməsində
ifadə olunmuşdur.
Məktubda qeyd edilir ki, Ermənistan
Respublikasının rəhbərinin dediyi: "Biz onları
qanları ilə cavab verməyə məcbur etdik, biz ən
amansız müharibədə birləşərək onlara
qalib gəldik" və "təbii ki, bizim silahlı
qüvvələrin bugünkü imkanlarını Arsax
uğrunda müharibədə bizim malik olduğumuz imkanlarla
müqayisə etmək olmaz" kimi sözlər əsla
şübhəyə yer qoymur ki, Ermənistan beynəlxalq
hüququn indiyə qədər baş vermiş və indi də
davam edən pozuntularına görə tam həcmdə beynəlxalq
məsuliyyət daşıyır (bax: Ermənistan prezidentinin
rəsmi veb-saytı:
http://www.president.am/events/statements/eng/?id=85).
Azərbaycanın daimi
nümayəndəsi öz məktubunda vurğulayır:
"Ermənistan Respublikasının təcavüzkar rolu, eləcə
də Azərbaycanın Dağlıq Qarabağ regionunu və
işğal edilmiş digər əraziləri üzərində
hələ də davam edən qanunsuz nəzarətin
miqyası beynəlxalq hüquqa görə dövlətin məsuliyyətinə
səbəb olur". Sənəddə qeyd edilir ki, Ermənistan
ilk növbədə özünün destruktiv ilhaq və etnik
təmizləmə siyasətinə son qoymalı, sülh
prosesini hörmətdən salmaq cəhdlərindən imtina
etməli, Azərbaycan ərazilərinin işğalına son
qoymalı, azərbaycanlı daxili köçkünlərin
öz qanuni yurdlarına qayıtmaq kimi danılmaz hüququnun
tanınmasını və gerçəkləşməsini təmin
etməlidir.
AzərTAc
Azərbaycan.- 2011.-18 fevral.- S. 4.