İzmirdə türk dünyası ölkələrinin əməkdaşlığına dair konfrans keçirilmişdir

 

Türkiyənin İzmir şəhərindəki Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunda "Türk Əməkdaşlıq Şurası və türkdilli dövlətlər arasında əməkdaşlıq" mövzusunda konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru, professor Fikrət Türkmən bildirmişdir ki, təşkilatçıların əsas məqsədi universitetin professor və tələbələrini türk dünyasında gedən proseslər, türkdilli ölkələrin əməkdaşlıq perspektivləri haqqında məlumatlandırmaqdır.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı yeni qurulmuş və dörd ölkənin yaxın əməkdaşlıq niyyətini ifadə edən şuranın min il ərzində türk dövlətləri arasında yaradılmış ilk təşkilat olduğunu bildirmişdir. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın həqiqi, Özbəkistan və Türkmənistanın müşahidəçi statusla üzv olduqları, təqribən 140 milyon əhalisi olan ölkələri birləşdirən şuranın fəaliyyəti getdikcə güclənməkdədir. Orta Asiyadakı türkdilli ölkələrlə bağlı geniş hesabat hazırlanmış və dövlət başçılarına təqdim olunmuşdur. Türkdilli ölkələr arasında müştərək bank, birgə elmi tədqiqatlar, kitabxana və türkologiya araşdırmaları barədə təkliflər mövcuddur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 4.