Ədliyyə Nazirliyinin geniş
kollegiya iclası keçirilmişdir
Ədliyyə Nazirliyinin kollegiya iclasında 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Ədliyyə nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Fikrət Məmmədov kollegiyada çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi ilə başlanılmış məhkəmə-hüquq islahatının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirmiş, ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, onun mükəmməl qanunvericilik bazasının yaradılması, Ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası üzrə tədbirləri qeyd etmiş, ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə ötən il görülmüş işlərə toxunaraq, mövcud problemlər və qarşıda duran vəzifələri vurğulamışdır.
Qeyd olunmuşdur ki, 2010-cu ildə nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 163 normativ hüquqi akt layihəsi hazırlanmış, 1752 akt hüquqi ekspertizadan keçirilmişdir. Əhalinin sərbəst və təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazası (www.e-qanun.az) zənginləşdirilərək, sayta 2 minədək yeni sənəd daxil edilmiş və onların sayı 21 minə yaxınlaşmışdır.
Bələdiyyələrə inzibati nəzarət qaydasında 27 minə yaxın bələdiyyə aktına baxılmış, nazirliyin təklifləri əsasında 441 akt dəyişdirilmiş və ya ləğv edilmiş, bəzi bələdiyyə aktlarının ləğvi üçün isə məhkəmələrdə iddia qaldırılmışdır. Eyni zamanda, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq 27 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilmiş, habelə 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmələr qarşısında məsələ qaldırılmışdır.
Ötən il aparılmış notariat əməliyyatlarının sayı 2,8 milyonu ötmüş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə qədər əməliyyat aparılmış, dövlət büdcəsinə 10 milyon manata yaxın vəsait köçürülmüşdür. Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolu nəzərə alınaraq 124 təşkilat dövlət qeydiyyatına alınmış, 221 mətbu nəşr uçota götürülmüş, bununla da ölkədə QHT-lərin sayı 3500-i, KİV-lərin sayı isə 4300-ü ötmüşdür.
2010-cu ildə məhkəmə qərarlarının icrası sahəsində qanunvericilik yeniləşmiş, icraata daxil olmuş 120 minə yaxın icra sənədinin 85 faizinin icrası tam təmin olunmuş, hüquqi və fiziki şəxslərə 75 milyon manat vəsait ödətdirilmiş, icra qanunvericiliyinin tələblərini pozan 1315 şəxs inzibati məsuliyyətə cəlb edilmiş, o cümlədən 220 şəxs inzibati qaydada həbs olunmuş, 209 şəxs barəsində cinayət işi başlanmışdır.
Bununla yanaşı, iclasda ədliyyə fəaliyyətində mövcud nöqsanlar qeyd olunmuş, korrupsiyaya qarşı mübarizə üzrə yanvarın 31-də keçirilmiş nazirliyin kollegiyasında qoyulmuş konkret tapşırıqların icrası vəziyyəti müzakirə olunmuşdur.
Bildirilmişdir ki, dövlət başçısının korrupsiyaya qarşı qəti mübarizənin aparılmasına dair tələblərinin hər bir ədliyyə işçisinə və hakimə çatdırılması məqsədi ilə regional müşavirələr keçirilmiş, korrupsiyaya şərait yaradan hallar təhlil olunaraq onların aradan qaldırılması üçün tədbirlər müəyyən olunmuşdur.
Bu məqsədlə monitorinq qrupları yaradılaraq tabe qurumlarda yoxlamalar aparılmış, aşkar edilən bir çox nöqsanların yerində həllinə nail olunmuş, nazirliyə, xüsusilə "qaynar xət"lərə daxil olan korrupsiya ilə bağlı şikayətlərin dərhal araşdırılması və zəruri işlərin operativ görülməsi təmin olunmuş, əlavə təsirli tədbirlər həyata keçirilməkdədir.
Sahibkarlıq sahəsində yoxlamaların nizama salınmasının korrupsiyaya qarşı genişmiqyaslı mübarizədə xüsusi əhəmiyyəti nəzərə alınaraq, hələ ötən il ölkə Prezidenti tərəfindən bu barədə mühüm tapşırıqlar verilmiş, 2011-ci il 15 fevral tarixli Fərmanla isə bu yoxlamaların vahid reyestrinə dair Əsasnamə təsdiq olunmuş və onun aparılması Ədliyyə Nazirliyinə həvalə edilmişdir.
Bu mühüm səlahiyyətin həyata keçirilməsi üzrə vəzifələr kollegiyada geniş müzakirə olunaraq reyestrin cari ilin may ayının 1-dən fəaliyyətə başlamasının təmin edilməsi üçün zəruri tədbirlər müəyyən olunmuşdur.
Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan.- 2011.-18 fevral.- S. 4.