Binəqədi rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində

 

Son illər paytaxtın Binəqədi rayonu özünün sosial-iqtisadi inkişafının mühüm mərhələsini yaşayır. 2011-ci ildə də rayonda bu istiqamətdə nəzərəçarpan irəliləyiş əldə olunmuşdur. Əhalinin sosial rifahının yaxşılaşdırılması, işsizliyin azaldılması, yeni, müasir istehsal müəssisələrinin, sosial obyektlərin istifadəyə verilməsi, təhsil və səhiyyənin səviyyəsinin yüksəldilməsi, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində qazanılan uğurlar Binəqədi rayonunu öncüllər sırasına çıxarmışdır.

Ötən ilin yekunları ilə bağlı keçirilən hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev məruzəsində qazanılan uğurları xronoloji ardıcıllıqla sadalamaqla kifayətlənməmiş, əldə olunan nailiyyətlərin mahiyyətini, rayon sakinlərinin qurub-yaratmaq əzmini, ölkə başçısı İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji xəttə uyğun olaraq qarşıya qoyulan vəzifələrin necə həyata keçirilməsi ilə bağlı fikirlərini açıqlamışdır.

Alı Qocayev bildirmişdir ki, rayonun sosial-iqtisadi həyatında müşahidə olunan sürətli inkişaf 2010-cu ildə də saxlanılmışdır. Ötən il rayonun sənaye müəssisələrində 1milyard 476,7 milyon manatlıq məhsul buraxılmışdır ki, bu da əvvəlki illə müqayisədə 10,6 faiz çoxdur. Sənaye məhsulunun həcmində dövlət sektorunun payı 30,2 faiz, qeyri-dövlət sektorunun payı isə 69,8 faiz olmuşdur. Sənayedə çalışan işçilərin orta aylıq əməkhaqqı ötən illə müqayisədə 5,2 faiz artaraq 344,4 manata çatmışdır. İl ərzində 138,8 min ton neft, 5,7 milyon kubmetr qaz istehsal edilmişdir. Hesabat ilində 56490 min kvadratmetr mənzil sahəsi tikilib sifarişçilərə təhvil verilmişdir.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi, istehlak bazarında da son illər müsbət irəliləyişlər əldə edilmişdir. 2010-cu ildə bu sahə dinamik inkişaf etmiş, rayon əhalisinə 1 milyard 134 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Artımın 85,3 faizi özəl sektorun fəaliyyəti hesabına təmin edilmişdir.

Metronun "Dərnəgül", "Avtovağzal" və "Depo" stansiyalarının, Sumqayıt şosesində yerüstü keçidin, Biləcəri qəsəbəsində tutumu 1000 kubmetr olan su anbarının, Rəsulzadə qəsəbəsində gücü 10 min kubmetr olan kanalizasiya nasos stansiyasının və 7200 paqonmetr uzunluğunda kanalizasiya xəttinin, Bakı Tennis Akademiyasında örtülü tennis kortunun və mehmanxananın, Heydər Əliyev İctimai Mərkəzinin tikintisi və Heydər parkının yenidən qurulması davam etdirilir. Bunların əksəriyyəti 2011-ci ilin buraxılış obyektləridir.

Ötən il rayonda abadlıq-quruculuq işləri uğurla davam etdirilmişdir. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Azadlıq prospektindəki çoxmərtəbəli yaşayış binalarının fasadları yeniləşdirilmiş, bu prospektin Ziya Bünyadov prospekti ilə kəsişməsində yeni yolötürücünün, "Samsunq" ticarət mərkəzinin, Daxili İşlər Nazirliyinin idarələri üçün yeni binaların tikintisi bu ərazinin memarlıq görkəmini tamamilə dəyişmişdir. Ümumilikdə il ərzində 14 binanın fasadları təzələnmiş, nümunəvi məhəllələrin salınması, uşaq meydançalarının, məhəllədaxili yolların qaydaya salınması, mənzil fondunun yaxşılaşdırılması üçün bir sıra işlər görülmüşdür.

Rayon əhalisinin və digər istehlakçı qrupların elektrik enerjisi, içməli su və qazla təchizatını yaxşılaşdırmaq diqqət mərkəzində olmuşdur. Təhsil və səhiyyə müəssisələrinə daimi istiliyin verilməsi üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Lakin təəssüflə demək lazımdır ki, hazırda Biləcəri qəsəbəsində əvvəllər Azərbaycan Dəmir Yolunun balansında olan, indi isə xüsusi təyinatlı MKTB-nin xidməti ərazisindəki 96 bina, habelə rayon MKTB-nin balansındakı 35 bina istilik xətlərinin yararsızlığı ucbatından qızdırılmır. ARDNŞ-in Sosial İnkişaf İdarəsinin Mənzil-Kommunal Departamentinin balansında olan binalar da istilik ala bilməmişdir. Buna səbəb isə Rəsulzadə qəsəbəsində həmin idarəyə məxsus 4 qazanxanadan 3-nün yararsız vəziyyətdə olmasıdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hesabat məruzəsində ötən il ərzində yerlərdə keçirilən səyyar görüşlər barədə də ətraflı danışmışdır. Bu görüşlərdə əhali tərəfindən ümumilikdə 204 həlli vacib məsələ qaldırılmışdır. Onlardan 37-si yerindəcə həll edilmiş, digər təkliflər isə müvafiq qurumlara ünvanlanmışdır. Sakinləri narahat edən problemlərin həlli rayon icra hakimiyyətinin başçısı yanında şura iclasının əsas müzakirə obyektlərindən olmuşdur. Hesabat ilində qanun pozuntularının qarşısının alınması, ictimai asayişin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində rayonun hüquq-mühafizə orqanlarının gördüyü işlərə də nəzər salınmışdır. Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir sıra cinayətkar qrupların vaxtında ifşa edilib məsuliyyətə cəlb olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, azyaşlılar arasında profilaktik tədbirlərin gücləndirilməsi, yol-nəqliyyat hadisələrinin azalması ilə bağlı həyata keçirilən tədbirlər təqdir olunmuşdur. Bununla yanaşı, qanunsuz tikililərlə bağlı polis sahə inspektorlarının seyrçi və laqeyd münasibəti kəskin tənqid olunmuşdur. Alı Qocayev ümidvar olduğunu bildirmişdir ki, rayonun hüquq-mühafizə orqanları öz işlərini günün tələbləri səviyyəsində quracaq, ictimai asayişin qorunması, qanunlara ciddi riayət olunması sahəsində səylərini artıracaqlar.

2009-2010-cu tədris ilində Binəqədi rayon məktəblərinin məzunları yüksək nəticələr əldə etmişlər. Məzunlar arasında 86 gənc 600-dən, 29 nəfər isə 650-dən çox bal toplamışdır. Bu tələbələrdən 9-u ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür. Respublika üzrə 700 bal toplamış 7 abituriyentin biri rayondakı 115 saylı məktəbin məzunu Aygül Tanrıverdiyeva olmuşdur. Rayon ərazisindəki tarixi və mədəniyyət abidələrinin mədəni irs və milli dəyər kimi gələcək nəsillərə çatdırılması, onlara qayğı göstərilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Bununla bağlı konkret tədbirlər planı da hazırlanmışdır.

2011-ci ildə Binəqədi rayon icra strukturlarının, bələdiyyələrin, hüquq-mühafizə oprqanlarının, əmək kollektivlərinin, təhsil və səhiyyə ocaqlarının, habelə qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin qarşısında sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yoxsulluğun azaldılması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması ilə bağlı çox mühüm vəzifələr durur. Bütün bunlar barədə hesabat yığıncağında ətraflı söhbət getmiş, il ərzində və qarşıdakı dövrdə həyata keçiriləcək konkret tədbirlər müəyyənləşdirilmişdir.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin deputatı Madər Musayev yığıncağın işində iştirak etmişlər.

 

 

A.CABBARLI

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 5.