Corc Vaşinqton Universitetində
"Dağlıq Qarabağ münaqişəsi: hüquqi təhlil"
kitabının təqdimatı keçirilmişdir
Fevralın 16-da ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər Məktəbində Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzinin təşkilatçılığı ilə alman alimi Heyko Krüqerin "Dağlıq Qarabağ münaqişəsi: hüquqi təhlil" kitabının təqdimatı keçirilmişdir.
Universitetin professor-müəllim və tələbə heyəti, eləcə də diplomatik korpus və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Heyko Krüqer çıxış edərək 164 səhifəlik elmi işində toxunduğu əsas məsələlər barədə məlumat vermişdir. Alman alimi vurğulamışdır ki, separatçı münaqişələrin hüquqi aspektlərinin qeyri-müəyyənliyə doğru getdiyi bir vaxtda bu sahədə beynəlxalq hüquq bazasını araşdırmaq zərurəti yaranmışdır. 2008-ci ildə Kosovonun müstəqilliyinin tanınması ilə bağlı ziddiyyətlər, daha sonra isə Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ilə əlaqədar müəmmalar münaqişələrin həllində hüquqi tərəfin dərindən öyrənilməsini bir daha gündəmə gətirir və münaqişələrin həlli prosesində hüquqi aspektin nəzərə alınmasını vacib edir. Krüqerin kitabı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diqqəti iki məqamda cəmləşdirir: sovet və beynəlxalq hüquq qanunları altında Dağlıq Qarabağın ayrılmasına imkan verən legitim əsasların olub-olmaması və Ermənistan Respublikasının bununla bağlı addımlarının beynəlxalq hüquq çərçivəsinə sığıb-sığmaması məsələləri. Alim apardığı araşdırma və topladığı faktların əsasında bu qənaətə gəlmişdir ki, Dağlıq Qarabağın Azərbaycana məxsusluğu nə sovet, nə də beynəlxalq hüquq çərçivəsində şübhə altına alına bilər. Azərbaycanın bu bölgəsinin və ətraf yeddi rayonunun davamlı qanunsuz işğalı Ermənistan Respublikasının birbaşa hərbi müdaxiləsi, siyasi və maliyyə dəstəyi nəticəsində həyata keçirilmişdir. Özünü de-fakto suveren qurum adlandıran Dağlıq Qarabağ bu gün də bütünlüklə Ermənistan Respublikasından asılıdır. Belə olduğu təqdirdə Dağlıq Qarabağın müstəqil dövlət kimi fəaliyyət göstərməsi haqda söhbət gedə bilməz. Hər iki şərt Azərbaycana münaqişənin həllində yalnız ərazi bütövlüyü prinsipini əsas tutmağa hüquqi üstünlük verir. Krüqerin fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın hüquqi statusunun danışıqlar nəticəsində müəyyənləşəcəyini bildirsələr də, beynəlxalq hüquq kitabları bu statusun Azərbaycanın tərkib hissəsində müəyyənləşdiyini sübut edir.
Heyko Krüqer məruzəsində Dağlıq Qarabağın tarixi hüquqi statusuna da toxunmuşdur. O bildirmişdir ki, Qafqazın bir hissəsi kimi Dağlıq Qarabağ əsrlər boyu çoxsaylı etnik mənşəli millətlərin məskəni olmuş və bundan irəli gələrək müxtəlif maraq dairələrinin çəkişmə məkanına çevrilmişdir. Alim vurğulamışdır ki, ötən minilliyin ortalarınadək ərazi azərbaycanlılar tərəfindən idarə olunmuşdur. Lakin XIX əsrdən başlayaraq Rusiya, İran və Osmanlı imperiyası arasındakı gərginlik Dağlıq Qarabağa digər etnik azlıqların kütləvi köçürülməsinə yol açmışdır. Bu yolla ermənilər bura axışaraq Dağlıq Qarabağda çoxluq təşkil etmişlər. Lakin hüquqi baxımdan Dağlıq Qarabağ həmişə Azərbaycanın nəzarəti altında olmuşdur. 1921-ci ildə Dağlıq Qarabağı Azərbaycan Sovet Sosialist Respublikası tərkibində saxlamaq haqda qərar qəbul edilmiş və ərazi Sovet İttifaqının bir hissəsinə çevrilmişdir.
Alman aliminin məruzəsi tədbirdə iştirak edən Ermənistan Respublikasının və "Dağlıq Qarabağ respublikası"nın nümayəndələri tərəfindən kəskin qarşılanmışdır. Emosiyalarını cilovlaya bilməyən tədbirin erməni iştirakçıları alimi fakt saxtakarlığında ittiham etmişlər.
ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatçısı professor Rövşən İbrahimov AzərTAc-a demişdir: "Heyko Krüqerin elmi işi Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini və bölgənin hüquqi baxımdan mümkün ayrılma yollarını təhlil edən ilk Qərb alimi tərəfindən yazılan kitabdır. Araşdırmanın nəticələri bir daha sübut edir ki, nə Sovet, nə də beynəlxalq hüquq prinsipləri çərçivəsində Dağlıq Qarabağın müstəqilliyi tanına bilər. Maraqlıdır ki, burada iştirak edən erməni həmkarlarımızın bu cür hüquqi faktlara cavabı yalnız tarixi yozumlardan ibarət idi. Bu isə, təbii ki, hüquq aləmində dəlil hesab oluna bilməz".
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.- 2011.-18 fevral.- S. 5.