Şüşə sənayesinin inkişafına mane olan nədir

 

İqtisadçılar bu sahədə idxaldan asılılığı aradan qaldırmağın yolunu tarixi ənənələri olan istehsal müəssisələrinin işə salınmasında görürlər

 

Qlobal böhranla müşayiət olunan son illərdə Azərbaycanda baş verən yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması ölkədə sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlir.

 

Sahibkarların böyük dostu

 

Azərbaycan Prezidenti İlham Əliyevin 8 ilə yaxın müddətdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri sonrakı mərhələdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, hüquqi şəxslərin qeydiyyatı sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə yüksək sadiqlik nümayiş etdirmişdir. Bu gün Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payının 85 faizə yüksəlməsi də məhz bu diqqət və qayğının nəticəsi kimi diqqəti çəkir.

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev bir daha sahibkarları dəsləklədiyini, onların fəaliyyətinə yersiz müdaxilələrin yolverilməz olduğunu bildirmiş, aidiyyəti dövlət qurumlarından yol verdikləri neqativ halların aradan qaldırılmasını israrla tələb etmişdir. "Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək" deyən dövlət başçısı bir müddət əvvəl qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də sosial ədalət prinsiplərinin təmini baxımından rüşvətxorluğa, korrupsiyaya və digər neqativ hallara qarşı ictimai mübarizənin gücləndirilməsi vacibliyini önə çəkmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması baxımından qeyri-neft sektorunun, istehsal sahibkarlığının inkişaf etdirilməsi vacibliyini xüsusi vurğulamışdır. Bu siyasətin mühüm nəticələrindən biri də ölkənin sənaye potensialının son illərdə əhəmiyyətli dərəcədə güclənməsidir. Belə ki, 2010-cu ildə sənaye sahəsində də müsbət meyillər özünü qabarıq göstərmiş, bu sahədə 2,6 faiz artım olmuşdur.

Hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə gələcəkdə neft hasilatının azalması ilə bağlı Azərbaycanın üzləşə biləcəyi itkiləri kompensasiya etmək mümkündür. Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında sənayenin inkişafı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini ciddi tələb kimi irəli sürmüşdür: "Biz güclü sənaye potensialımızı yaratmalıyıq və o, 5 ildən, 10 ildən sonra ölkəmizin əsas ümumi daxili məhsulunu verəcəkdir. 50 ildən sonra neft hasilatı azalanda sənaye potensialı Azərbaycanın dayanıqlı inkişafını təmin edəcəkdir. Əgər biz ciddi sənaye potensialından danışırıqsa, bunun tikintisinə 5 il gedəcəkdir. İndi başlamasaq, deməli, 5 il yox, 10 il olacaqdır. Biz Sənaye və Energetika Nazirliyini yaratdıq. Mən tələb edirəm ki, ciddi təkliflər verilsin: nəyi etməliyik, hansı sahələri inkişaf etdirməliyik. Mən hesab edirəm ki, biz istənilən sahəni inkişaf etdirə bilərik. Amma ilk növbədə Azərbaycanda bazası, təcrübəsi olan, yerli xammalı olan müəssisələri yaratmalıyıq".

Dövlət səviyyəsində həyata keçirilən kompleks tədbirlər son illər sənayenin müxtəlif sahələrində yeni intibah mərhələsinin əsasını qoysa da, etiraf etməliyik ki, bu müsbət meyilləri şüşə sənayesinə şamil etmək olmaz. Halbuki Azərbaycanın hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq, abadlıq və yenidənqurma işlərinin geniş vüsət alması, yeyinti, qida, tibb sənayelərinin inkişafı, habelə elmi-texniki tərəqqi sahəsindəki nailiyyətlər şüşə sənayesinin böhrandan çıxarılmasını aktual və təxirəsalınmaz məsələ kimi gündəmə gətirmişdir. Bir məqamı da unutmaq olmaz ki, işğal altından azad ediləcək Azərbaycan rayonlarının bərpası təxminən 120 milyon kvadratmetr pəncərə şüşəsi tələb edir.

 

Yerli istehsalçılara nə mane olur

 

Ümumiyyətlə, müasir dövrdə ictimai həyatın hər hansı sahəsini şüşəsiz təsəvvür etmək mümkün deyildir. Şərqdə və Misirdə meydana gəlmiş bu material əsrlər boyu bütün dünyaya yayılmış və strateji əhəmiyyətli sənaye sahəsinə çevrilmişdir. Şüşə məmulatları insanların həyatının bütün sahələrinə daxil olmuş, o cümlədən təbəqə şüşə istehsalı geniş yayılaraq dünya təsərrüfat sistemində daha geniş tətbiq imkanları qazanmışdır. Hazırkı istehsal proseslərini - tikintini, nəqliyyatı, elmi və kosmik tədqiqatları, müdafiə sənayesini, səhiyyəni, mebel və digər mədəni məişət predmetləri istehsalını şüşəsiz təsəvvür etmək çətindir. İndi təbəqə şüşədən yalnız pəncərələrin hazırlanması məqsədilə deyil, eyni zamanda bəzək, üzlük materialları, müxtəlif güzgülər, konstruktiv elementlər, şüşə panellər, xalça mozaik modullar, iri ölçülü şüşə bloklar, sərtləşdirilmiş şüşə qapı layları, memarlıq-tikinti elementləri, enerji qoruyan və bronlu mühafizə təbəqə kimi də geniş istifadə olunur.

Vaxtı ilə keçmiş SSRİ-nin bir çox respublikalarına, o cümlədən Rusiyanın ayrı-ayrı şəhərlərinə pəncərə şüşəsi və digər şüşə məmulatlar ixrac edən Azərbaycan hazırda bu strateji əhəmiyyətli sənaye məhsulunu xaricdən idxal etmək məcburiyyətindədir. Təəssüflə demək lazımdır ki, vaxtı ilə pəncərə şüşəsi və digər şüşə məmulatları istehsal edən iri zavodların fəaliyyətlərini tamamilə dayandırmaları, hazırda bəzi xırda sexlər səviyyəsində istehsal edilən şüşə qabların isə keyfiyyətinin aşağı səviyyədə olması bu sənaye məhsulunun xarici ölkələrdən idxalını genişləndirmişdir. Açıq demək lazımdır ki, yerli istehsalın iflic durumda olmasından bəhrələnən müəyyən işbazlar külli miqdarda vəsaiti respublikadan çıxarmaqla Azərbaycana hər il orta hesabla 15-17 milyon kvadratmetr pəncərə şüşəsi idxal edir, möhtəkirliyə yol verməklə bu sənaye məhsulunun qiymətlərinin yuxarı səviyyədə qalmasına çalışırlar. Şüşə idxalından külli miqdarda gəlir götürənlərin bütün səyləri yerli istehsalın stimullaşdırılmasının qarşısının alınmasına yönəlmişdir. Bəzilərinin şəxsi maraqlarından irəli gələn süni maneələr isə bütövlükdə bu sahənin inkişafına ciddi əngəllər yaradır. Ölkəyə şüşə idxalının əsas səbəblərindən biri də mövcud istehsal müəssisələrinin texnoloji imkanlarının müasir tələblərə cavab verməməsi, xaricdən gətirilən analoji məhsullarla rəqabət aparmaq imkanında olmamasıdır.

Problemlə bağlı qəzetimizlə fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimov hesab edir ki, Azərbaycanda şüşə sənayesinin inkişafı üçün zəngin ənənə, kadr potensialı və xammal ehtiyatları mövcuddur. Onun qənaətincə, iqtisadi inkişafın hazırkı yüksək mərhələsində bu sahədə idxaldan asılılığın aradan qaldırılması ilk növbədə respublikanın milli təhlükəsizlik maraqları baxımından vacibdir. Deputat Əli Məsimovun fikrincə, ümumən dünya ölkələrində şüşə sənayesinin inkişafına mane olan bəzi səbəblər mövcuddur: "Bu səbəblərdən biri odur ki, şüşə sənayesini yaxşı bilən mütəxəssislər olmur. İkinci səbəb bundan ibarətdir ki, dövlətin müvafiq dəstəyi olmadığından istehsalın özü baha başa gəlir və daxili bazarda şüşənin qiyməti qalxır. Bu zaman xaricdən gətirilən analoji məhsulun qiyməti daha sərfəli görünür, yerli məhsul rəqabətə davam gətirə bilməyərək sıradan çıxır. Üçuncü səbəb isə budur ki, yerli məhsul keyfiyyətcə xaricdən gətirilmiş şüşə ilə rəqabət apara bilmir. Belə olan təqdirdə, əlbəttə ki, yerli istehsalı genişləndirməkdən danışmaq çətindir. Bu reallıqlara nəzərən əminliklə demək olar ki, Azərbaycanda şüşə sənayesini lazımi səviyyədə inkişaf etdirmək üçün həm şərait, həm xammal ehtiyatları, həm də kadr potensialı mövcuddur və bütün bunlardan daha səmərəli istifadə etmək lazımdır. Yəni biz hansı sənaye məhsulunu Azərbaycanda istehsal edə biləriksə, həmin sahəyə həssaslıqla yanaşmalıyıq. Xatırladım ki, bir neçə il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılarkən bəziləri yanlış olaraq bizim müdafiə təyinatlı keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsal edə biləcəyimizə şübhə ilə yanaşırdı. Lakin bir neçə ildən sonra istehsal olunan məhsullar göstərdi ki, həmin şübhələrin heç bir əsası yoxdur! Yeri gəlmişkən, şüşə sənayesinin inkişafı həm də müdafiə təyinatlı məhsulların istehsalı baxımından zəruridir. Odur ki, şüşə sənayesinin inkişafına həm sahibkarlar, həm də müvafiq dövlət qurumları tərəfindən ciddi dəstək göstərilməlidir".

İqtisadçı deputat həmçinin vurğulayır ki, Azərbaycanda şüşə sənayesinin inkişafına mane olan əsas amillərdən biri də bəzilərinin idxalda maraqlı olmasıdır. Əli Məsimovun fikrincə, məhz bu neqativ amil yerli istehsalçıların böhranlı vəziyyətdən çıxmasına mane olur: "Ölkə başçısı cənab İlham Əliyevin bir müddət əvvəl Nazirlər Kabinetinin iclasında bəyan etdiyi kimi, sahibkarların fəaliyyətinə mane olan bütün neqativ hallar, o cümlədən inhisarçılıq meyilləri aradan qaldırılmalıdır. Təəssüf ki, kimlərinsə şəxsi marağı üzündən milli sənaye potensialının möhkəmlənməsinə təkan verəcək istehsal müəssisələri işləmir. Bu neqativ halları aradan qaldırmadan yerli istehsalı stimullaşdırmaq, habelə şüşə sənayesi sahəsində idxaldan asılılığı aradan qaldırmaq mümkün olmayacaq. Unutmamalıyıq ki, şüşə sənayesinin inkişafı həm də yeni iş yerlərinin açılması baxımından vacibdir".

Milli Məclisin İqtisadi siyasət komitəsinin digər üzvü, iqtisadçı Vahid Əhmədov da kənardan idxala marağın güclü olmasını Azərbaycanda şüşə sənayesinin inkişafına əsas maneələrdən biri kimi dəyərləndirir. "Bu, Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin mahiyyətinə uyğun deyil! Ölkə başçısı dəfələrlə bəyan etmişdir ki, yerli istehsal müəssisələrinin inkişafı üçün dövlət bütün zəruri tədbirləri həyata keçirir. Hesab edirəm ki, şüşə sənayesinin inkişafı üçün tədbirlər görülməlidir. Sahənin böhrandan çıxmasına dövlət tərəfindən ciddi dəstəyin olmasına ehtiyac var. Əks təqdirdə hər il milyonlarla dollar vəsait xarici ölkələrə axıb gedəcək" deyən deputat Vahid Əhmədov hesab edir ki, Sahibkarlığa Kömək Milli Fondu bu perspektivli sahənin maliyyələşdirilməsi üçün güzəştli kreditlər ayırmalı, Sumqayıt Şüşə Zavodu ən müasir texnologiyalar əsasında yenidən qurulmalıdır.

 

Strateji əhəmiyyətli sənaye məhsulu

 

Azərbaycanda şüşə məmulatlarının sənaye istehsalına 1932-ci ildən - Bakı Şüşə Zavodunun tikilməsi ilə başlanmış, burada əvvəllər pəncərə şüşəsi, sonralar isə xalq istehlakı mallarının istehsalı təşkil edilmişdir. Sənayenin, kənd təsərrüfatının, sosial-mədəni obyektlərin və tikintinin bu məmulatlara artan tələbatının ödənilməsi üçün 1963-cü ildə Sumqayıtda illik istehsal gücü 5,5 milyon kvadratmetr (şərti qalınlıqda) pəncərə şüşəsi olan, şaquli dartma texnologiyası ilə işləyən şüşə zavodu inşa edilmişdir. Həmin müəssisə müvafiq dövrün daxili tələbatını ödəmiş və onun istehsal etdiyi məhsulun 30 faizi keçmiş SSRİ-nin digər respublikalarına göndərilmişdir.

1975-ci ildə Gəncədə, 1980-ci ildə isə Naxçıvanda şüşə məmulatları istehsal edən daha bir müəssisə istifadəyə verilmişdir. Bununla belə, bütün növ şüşə məmulatlarına olan tələbatın tam həcmdə ödənilməsi təmin edilməmiş, xeyli çeşiddə şüşə məmulatları digər respublikalardan gətirilmişdir. Keçmiş SSRİ məkanında planlı-balanslaşdırılmış iqtisadi əlaqələrin olması, habelə ölkənin digər regionlarında kifayət qədər məhsuldarlığa malik xammal yataqlarının mövcudluğu ilə əlaqədar respublikada şüşə sənayesi üçün xammal bazasının yaradılması və zənginləşdirici fabriklərin qurulması istiqamətində işlər aparılmamışdır.

SSRİ-nin süqutu ilə bağlı iqtisadi əlaqələrin pozulması - xammal təchizatı və hazır məhsulun satışında yaranmış problemlər, keyfiyyətə olan tələblər və digər səbəblərlə əlaqədar Bakı və Gəncə şüşə zavodlarının fəaliyyəti tamamilə dayanmış, bu müəssisələr ləğv edilmişdir. Naxçıvan Şüşə Zavodu da uzun illərdir ki, işləmir (bu müəssisə yalnız şüşə qablar istehsal edirdi) və texniki cəhətdən tamamilə yararsız hala düşmüşdür.

Üzləşdiyi bir çox obyektiv və subyektiv çətinliklərə baxmayaraq, son dövrlərədək fəaliyyət göstərən Sumqayıt Şüşə Zavodu 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında "Xəzər" Səhmdar Cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Səhmdar cəmiyyət 1994-2003-cü illərdə zavodda bir sıra təmir-bərpa işləri apararaq qırılmış əlaqələri qismən bərpa etmiş, müəssisənin fəaliyyətini az da olsa 2008-ci ilədək qoruyub saxlaya bilmişdir. 2008-ci ildə fəaliyyətini tamamilə dayandıran zavodun yenidənqurulmasını nəzərdə tutan layihələrin bugünədək kağız üzərində qalması isə təəssüfləndirici haldır.

Sumqayıt Şüşə Zavodunun baş direktor müavini Elxan Hacıyevin sözlərinə görə, bir zamanlar Gürcüstana, Ermənistana, Orta Asiya respublikalarına, habelə Rusiyanın bəzi şəhərlərinə şüşə ixrac edən Sumqayıt Şüşə Zavodu bu sahədə təbii inhisarçı kimi dövlət qeydiyyatında olsa da, son 2 ildə fəaliyyətini tamamilə dayandırmış, 500-dək işçisini məzuniyyətə göndərməyə məcbur olmuşdur. O hesab edir ki, ölkədə bu sahənin inkişaf etdirilməsi üçün lazımi kadr potensialı və xammal ehtiyatları mövcuddur.

İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əlican Babayev hesab edir ki, şüşə sənayesi qeyri-neft sektorunda xüsusi çəkiyə malik sahədir. Şüşə sənayesinin inkişafı ilə bağlı olaraq tikinti, tibb, qida və digər sənaye sahələri də inkişaf edir: "Müasir həyatımızı şüşəsiz təsəvvür etmək mümkün deyildir - məsələn, son illər inşa olunan binalarda şüşədən istifadə daha da genişlənmişdir. Əgər əvvəllər binaların yalnız pəncərələri üçün şüşə tələb olunurdusa, hazırda onların fasadlarının örtülməsi, müəyyən dizayn işlərinin aparılması, işıqlandırma sistemlərinin quraşdırılması üçün də şüşələrdən istifadə olunur. Eyni zamanda, son illər bərk, sınmaya davamlı şüşədən quraşdırılan kiçik kafelərə və digər ictimai iaşə obyektlərinə rast gəlinir. Bundan başqa, müasir dövrdə fluat istehsallı şüşədən işıqdan, istidən, soyuqdan, səsdən, habelə müəyyən təhlükələrdən mühafizə məqsədilə geniş istifadə olunur. Eləcə də bir sıra Qərb ölkələrində gülləkeçirməyən, sındırılması son dərəcə çətin olan şüşələr istehsal olunur. Bütün bunlara əsasən deyə bilərik ki, şüşə sənayesinin inkişaf etdirilməsi Azərbaycan üçün də son dərəcə vacibdir. Hesab edirəm ki, mövcud müəssisələrin bərpası üçün dövlət səviyyəsində müəyyən addımlar atılmalıdır".

Professor Əlican Babayev həmçinin bildirdi ki, müasir dövrdə keyfiyyətli şüşə qablar istehsalı insanların sağlamlığı və sanitar-gigiyenik tələblərin qorunması baxımından son dərəcə vacibdir. Hazırda ABŞ-da və Avropa ölkələrində plastik qablaşdırmalardan kütləvi şəkildə imtina olunur, onlar insan orqanizmi üçün təhlükəli sayılır. Plastik qablardan fərqli olaraq, şüşədə saxlanılan içkilər və qida məhsulları daha uzunömürlü və keyfiyyətli olur. Bundan başqa, hazırda bütün dünyada elektrik izolyatoru kimi keramikadan, daha çox şüşədən istifadə olunur - şüşə həm təhlükəsizlik baxımından etibarlı, həm də dözümlüdür.

 

Sumqayıt Şüşə Zavodunun qapıları bağlı qalıb

 

Həqiqətən də narahatlıq doğuran vəziyyət yaranıb: İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində təbii inhisarçı kimi qeydiyyata düşən "Xəzər" Səhmdar Cəmiyyəti 2 ildir ki, Sumqayıt Şüşə Zavodunun qapılarını bağlı saxlayır. Bunun başlıca səbəbi 1963-cü ildə inşa olunan zavodun ötən əsrin 50-ci illərinə aid köhnəlmiş, kustar texnologiya ilə rəqabətədavamlı məhsul istehsal etmək imkanında olmamasıdır.

Şübhəsiz, XXI əsrdə bu avadanlıqla keyfiyyətli şüşə istehsal etmək və rəqabətə tab gətirmək mümkün deyildir. Əsasən əl əməyindən istifadə edilən zavodda lap əvvəldən avtomatlaşdırılmış idarə, habelə isitmə-soyutma, nəzarət sistemləri mövcud olmamışdır. Burada istehsal edilən pəncərə şüşəsi texniki baxımdan etibarlı olsa da, estetik görünüşünə və digər xüsusiyyətlərə görə xaricdən idxal olunan analoji məhsullarla rəqabətə davam gətirməmişdir. Nəticədə "Xəzər" Səhmdar Cəmiyyətinin rəhbərliyi müəyyən məsləhətləşmələrdən sonra rentabelli işləməməsi səbəbindən kommunal xərcləri və digər məcburi ödənişləri ödəyə bilməyən zavodun fəaliyyətinin müvəqqəti dayandırılmasına qərar vermişdir.

Ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyi, sənayeləşmə istiqamətində ciddi addımların atıldığı bir şəraitdə şüşə sənayesinin böhranlı vəziyyətdə olduğunu etiraf edən "Xəzər" Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru Qüdrət Kərimov isə müasir dövrdə bu sahənin strateji əhəmiyyətini önə çəkdi: "Əgər ulu öndər Heydər Əliyevin yürütdüyü iqtisadi siyasət obyektiv səbəblərlə bağlı olaraq Azərbaycanı böhrandan sabit inkişaf yoluna çıxarmağa xidmət edirdisə, Prezident İlham Əliyevin yürütdüyü siyasət respublikanın həm regionlar, həm də ayrı-ayrı sahələr üzrə sosial-iqtisadi inkişafının davamlılığını və tarazlılığını təmin etməkdir. Eyni zamanda, bu düşünülmüş iqtisadi siyasət neftdən əldə olunan gəlirlərin səmərəli istifadəsi yolu ilə iqtisadiyyatın digər sahələrinə - qeyri-neft sektorunun, sənayenin inkişafına yönəldilməsini, habelə ölkədə insan kapitalının möhkəmləndirilməsini nəzərdə tutur. Bu baxımdan iqtisadiyyatda xüsusi çəkisi olan sənayenin mühüm sahələrindən biri də məhz şüşə istehsalıdır. Biz bu müəssisənin yenidənqurulmasında dövlətimizin köməyinə böyük ümid bəsləyirik".

İki illik fasiləyə rəğmən, zavod rəhbərliyi rekonstruksiya layihəsinin reallaşdırılması ilə bağlı hələ 2006-cı ildə dövlət səviyyəsində başlanmış işin tezliklə yenidən canlanacağına, ölkə başçısının qayğısı ilə sənayenin inkişafı baxımından vacib olan fluat şüşə istehsalının reallaşacağına böyük ümidlər bəsləyir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikada sənaye potensialının gücləndirilməsi zərurəti ilə bağlı tövsiyələrinə müvafiq olaraq hələ 2006-cı il fevralın 17-də Sumqayıt Şəhər İcra Hakimiyyətində iş adamlarının iştirakı ilə geniş toplantı keçirilmişdir. Həmin toplantıda Azərbaycanda sənaye kompleksinin yaradılmasında Sumqayıt müəssisələrinin rolunu müəyyənləşdirmək məqsədilə təşkilat komitəsi yaradılmışdır. Sahibkarlardan, iqtisadçı alim və ekspertlərdən ibarət təşkilat komitəsi bir neçə ay müddətində Sumqayıt şəhərindəki sənaye müəssisələrinin texniki-iqtisadi qiymətləndirilməsi işini apararaq mövcud vəziyyətlə bağlı dolğun məlumatlar əldə etmişdir.

Sonrakı mərhələdə İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin, Əmlak Komitəsinin, Vergilər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 2006-cı il aprelin 12-də "Azərbaycanda güclü sənaye kompleksinin formalaşmasında Sumqayıt müəssisələrinin rolu" mövzusunda ilk elmi-praktik konfrans keçirilmişdir. Konfransda Sumqayıtda fəaliyyət göstərən 5 müəssisənin texniki-iqtisadi imkanlarını bütün detalları ilə əks etdirən layihələrin təqdimatı keçirilmişdir. Həmin layihələrin qiymətləndirilməsi üçün Sənaye və Energetika Nazirliyi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yeni bir işçi qrupu yaratmışdır. İşçi qrupunun üzvləri apardıqları iqtisadi təhlil və araşdırmalar nəticəsində Sumqayıt Şüşə Zavodunun daha perspektivli, strateji əhəmiyyətli müəssisə olduğunu müəyyənləşdirmişdir. Bu zaman zavodun respublikanın pəncərə şüşəsinə olan tələbatının ödənilməsində mühüm rol oynaması, elmtutumlu bir sahə kimi idxalı əvəz etməsi, ixracyönümlülüyü, habelə insan amilinin yüksəlişinə, regional tərəqqiyə təminat yaratması nəzərə alınmışdır.

Prezident İlham Əliyevin sənayenin inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarına əsasən Sənaye və Energetika Nazirliyində şüşə sənayesindəki mövcud durum araşdırılmış, bu sahədəki potensial imkanlar, xammal ehtiyatlarının vəziyyəti öyrənilmişdir. Eyni zamanda, daxili tələbat və ixracat imkanları təhlil edilmiş, nəticə etibarı ilə sənayenin bu sahəsinin inkişaf istiqamətləri, tələb olunan investisiyaların həcmi müəyyənləşdirilmiş, sərmayə qoyuluşlarının sosial-iqtisadi səmərəliliyi məsələsi təhlil edilmişdir. Nəticədə nazirlikdə Azərbaycanın şüşə sənayesini inkişafı ilə bağlı hazırlanmış "Tədbirlər Proqramı" sənaye və energetika nazirinin 2006-cı il 14 noyabr tarixli məktubu ilə Azərbaycan Prezidentinin diqqətinə təqdim edilmişdir. Cənab İlham Əliyevin tapşırığına əsasən, Tədbirlər Proqramı baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir.

Şüşə sənayesinin inkişafı ilə bağlı Tədbirlər Proqramı Nazirlər Kabinetində müzakirə olunmaqla müsbət dəyərləndirilmiş, İqtisadi İnkişaf Nazirliyinin 12 yanvar 2007-ci il tarixli, 0030 nömrəli məktubu da əlavə olunaraq reallaşdırılması üçün 2007-ci il 18 yanvar tarixdə Sənaye və Energetika Nazirliyinə göndərilmişdir. Eyni zamanda, zavodun maliyyələşdirilməsi prosesinə investorların cəlb edilməsi də Azərbaycan Dövlət İnvestisiya Şirkətinə tapşırılmışdır. Şirkət xeyli müddətdir ki, Sumqayıt Şüşə Zavodunun yenidənqurulması ilə bağlı danışıqlar aparır. Bu istiqamətdə sonuncu dəfə macarıstanlı iş adamları ilə işgüzar danışıqlar aparılsa da, hələlik zavodun yenidənqurulması layihəsinin reallaşdırılması ilə bağlı konkret irəliləyiş yoxdur.

 

Şüşə sənayesinin inkişafı üçün zəngin xammal bazası mövcuddur

 

Şüşə sənayesi gəlirli olduğu qədər də kapitaltutumlu sahədir. Zavodun baş mühəndisi Sayad Süleymanovun dediyinə görə, mövcud potensial istisna olunmaqla, Sumqayıt fluat şüşə istehsalı zavodunun layihə-smeta dəyəri 92 milyon manatdır. Onun sözlərinə görə, layihəni sıfırdan başlamaq böyük vəsait tələb edərdi və hazırda buna ehtiyac da yoxdur. Zavodun 500 tonluq su anbarları, dəmiryol xətləri və dayanacaqları, habelə elektrik enerjisi, qaz və su təchizatı mövcuddur. Yəni zəruri infrastukturlar, güclü kadr potensialı var. Bəzi təchizatları sadəcə gücləndirmək lazımdır. Zavodu rekonstruksiya etməkdə məqsəd şaquli adi şüşə təbəqəsi istehsal edən maşınları üfüqi cilalı şüşə təbəqə istehsal edən maşınlarla əvəzləmək, çeşidi genişləndirmək, keyfiyyəti yüksəltməklə daxili bazarı tam ələ almaq, ixracyönlü istehsalı artırmaqdır.

Məlumat üçün bildirək ki, nəzərdə tutulan layihədə ildə 20 milyon kvadratmetr fluat şüşə istehsalı nəzərdə tutulur. Bu gün inkişafdan qalmış ölkələrdə adambaşına 1-1,5 kvadratmetr, inkişaf etməkdə olan ölkələrdə 2-2,5, inkişaf etmiş ölkələrdə isə 3-3,5 kvadratmetr şüşə tələb olunur. Azərbaycan inkişaf etməkdə olan ölkə olduğundan, 9 milyonluq əhali üçün azı 18 milyon kvadratmetr şüşəyə ehtiyac var. Üstəlik, ixrac da nəzərə alınmaqla, yeni zavodun illik istehsal gücü 20 milyon kvadratmetr nəzərdə tutulmuşdur. Yenidənqurma işlərindən sonra zavod nəinki pəncərə şüşəsinə olan tələbatı ödəyəcək, eyni zamanda bu məhsulu dünya bazarlarına çıxarmaq, ixrac etmək imkanı qazanacaqdır. Nəzərdə tutulan layihə gerçəkləşərsə, fluat şüşənin bir kvadratmetri daxili bazarda 2-3 manat təşkil etməlidir. Halbuki bu məhsulun idxalçıları pəncərə şüşəsinin kvadratmetrini hazırda 8-10 manata satdırırlar. 1 kvadratmetr şüşənin idxalından əldə olunan xalis gəlir isə 6-8 manat təşkil edir. Bu pullar bəzi idxalçıların cibinə getdiyi üçün onlar yerli sənayenin böhrandan çıxmasında qətiyyən maraqlı deyillər.

Sosial-iqtisadi inkişafın hazırkı yüksək mərhələsində pəncərə şüşəsinin Azərbaycana xaricdən gətirilməsinin məqsədəuyğun olmadığını bildirən Qüdrət Kərimovun dediyinə görə, Sumqayıt Şüşə Zavodunun tam gücü ilə fəaliyyətə başlaması həm də 1500-dək yeni iş yerinin açılması deməkdir: "Vaxtı ilə zavodda 1540 nəfər çalışırdı. 2008-ci ildə zavod dayananda isə işçilərinin sayı 450 nəfər idi. Zavod yenidən qurularsa, biz yalnız pəncərə şüşəsi ilə deyil, silikat şüşə, tablaşmış şüşə (avtomobil şüşəsi) istehsal edə biləcəyik. Bu gün şüşə və şüşə məmulatlarının Azərbaycana xaricdən gətirilməsi yerli istehsalın gücləndirilməsi, kənardan idxaldan asılılığın azaldılması ilə bağlı ölkə rəhbərliyinin yürütdüyü siyasətin mahiyyətinə uyğun deyil! Unutmamalıyıq ki, bu gün Azərbaycanda şüşə sənayesinin inkişafı ilə bağlı tarixi ənənə, müəyyən texnoloji baza, kadr potensialı və mütəxəssislər mövcuddur".

Azərbaycan şüşə istehsalı üçün lazım olan xammal ehtiyatları ilə zəngindir. Əgər silisium və kvars qumu sovet dövründə Ukrayna və Rusiyadan idxal edilirdisə, hazırda bununla bağlı problem yoxdur. Şüşə sənayesinin normal inkişaf etdirilməsi üçün istehsalatın yerli xammal mənbələrinə bağlanması, qabaqcıl texnologiyaya əsaslanan, müasir tələblərə cavab verən keyfiyyətdə və parametrlərdə məhsul istehsal edəcək istehsalatların yaradılması vacib məsələdir. Bu istiqamətdə vaxtı ilə Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Tikinti Materialları Sənayesi Nazirliyi, eləcə də "Xəzər" Səhmdar Cəmiyyəti tərəfindən müəyyən geoloji-axtarış, mineralların fiziki-kimyəvi tərkibinin və texniki parametrlərinin öyrənilməsi işləri həyata keçirilmiş, şüşə istehsalında əsas xammal olan kvars qumu (Hacıvəli və Hökməli yataqları - ehtiyatı 43,0 milyon ton), dolomit (Abşeron rayonu Keçiqaya yatağı - ehtiyatı 5,5 milyon ton) və digər yataqlar aşkar edilmişdir. Bunlar uzun illər şüşə sənayesinin fəaliyyətini yerli xammal əsasında təmin etməyə imkan verir. Sadalanan yataqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 1995-ci il tarixli, 190 nömrəli və 19 noyabr 1996-cı il tarixli, 196 nömrəli qərarları ilə "Xəzər" Səhmdar Cəmiyyətinin balansına verilmişdir. 2008-ci ilədək - zavod dayananadək həmin yataqlardan istifadə edilmişdir. Odur ki, yataqların lazımi mühəndis konstruksiyaları və infrastruktur obyektləri ilə təmin olunması istiqamətində "Xəzər" Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına müəyyən işlər görülmüşdür. Etiraf etməliyik ki, bunlar kifayət deyildir. Bu istiqamətdə daha ciddi addımların atılmasına və əlavə sərmayə qoyuluşlarına ehtiyac vardır. Həmin yataqların işlənməyə cəlb edilməsi ilə respublikamızda metallurgiya, kimya və kağız sənayesi müəssisələrinin bu məhsullara olan tələbatı da təmin edilə bilər.

Ümumilikdə ölkə iqtisadçılarının böyük əksəriyyəti bu qənaətdədir ki, Azərbaycan sənayesinin strateji sahəsi olan şüşə sənayesinin inkişafı daxili bazarın bu məhsulla təmini, idxaldan asılılığın azaldılması, ümumən sənayenin şaxələndirilməsi baxımından son dərəcə vacibdir. Ən başlıcası, Azərbaycanın artan maliyyə imkanları yaxın perspektivdə bu sahəyə diqqətin artırılacağına böyük ümidlər yaradır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 6.