"Əsrin müqaviləsi"nin
kulminasiyası
6 il əvvəl "Azəri"
yatağından ilkin neft alındı
2005-ci il fevralın 18-də ölkə Prezidenti İlham Əliyev Xəzərdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən "Mərkəzi Azəri" platformasında neft hasilatına başlanmasına həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. "Mərkəzi Azəri"dən hasil edilən neft "Azəri" yatağının ilk nefti idi.
Bu yatağın işlənməsi "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin mühüm və ən böyük tərkib hissəsidir. AÇG-dəki digər yataqlarda olduğu kimi, "Azəri"də də ARDNŞ ilə bp (Böyük Britaniya), "Şevron" (ABŞ), "İnpeks" (Yaponiya), "Statoyl" (Norveç), "EksonMobil" (ABŞ), TPAO (Türkiyə), "İtoçu" (Yaponiya), "Hess" (ABŞ) şirkətləri tərəfdaşlıq edirlər. Əməliyyatçı olan bp-nin mütəxəssislərinin sözlərinə görə, "Azəri" hazırda dünyada istismar edilməkdə olan ən böyük yataqlardan biridir. Bu sözləri deməyə həm yatağa məxsus karbohidrogen ehtiyatlarının həcmi, həm onun gətirməkdə olduğu gəlirlər, həm də vaxtilə tikinti zamanı layihəyə cəlb edilmiş işçi qüvvəsinin sayı əsas verir.
Layihənin tikinti işləri
bir neçə il davam etdi. 2005-ci ilin əvvəlində, məhz
nəzərdə tutulduğu vaxtda yataqdan ilkin neftin
alınması layihənin uğurla həyata keçirildiyini
təsdiqlədi. Ölkə Prezidenti İlham Əliyev bu məqamı
vurğulayaraq "Mərkəzi Azəri"dəki tədbirdə
demişdir: "Bu gün "Azəri" yatağında ilk
neftin çıxarılması bir daha onu göstərir ki,
qarşıya qoyulmuş bütün vəzifələr,
planlar həyata keçirilir. Bütün çətinliklərə,
maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə
Azərbaycan Xəzər dənizinin özünə məxsus
olan sektorunda uğurla işləyibdir, qarşıda duran
bütün vəzifələr həyatda öz əksini
tapıbdır".
"Azəri"
yatağının işlənməsi "Əsrin müqaviləsi"
adını almış AÇG layihəsinin mühüm bir
mərhələsini təşkil edir. Burada ilk neftin alınması
böyük əhəmiyyət daşıyırdı.
Doğrudur, "Əsrin müqaviləsi"nin birinci mərhələsi
sayılan İlkin Neft Layihəsi çərçivəsində
"Çıraq"dan artıq 8 il idi neft
çıxarılırdı. "Azəri"nin neft verməsi
isə bu müqavilənin öz kulminasiya nöqtəsinə
çatması demək idi. Çünki "Azəri"
AÇG layihəsi daxilində işlənən ən
böyük yataqdır. Əslində, o öz
hüdudlarında üç böyük yatağı birləşdirib.
Belə ki, "Azəri" mərkəzi, qərb və
şərq hissələrindən ibarətdir. "Azəri"nin
ilk nefti onun mərkəzi hissəsində
quraşdırılmış Hasilat, Qazma və
Yaşayış platformasından alındı. Daha sonra,
2005-2006-cı illərin qovuşuğunda "Qərbi Azəri"
platforması neft verdi. 2006-cı ilin payızında isə
"Şərqi Azəri"dən də hasilata
başlandı.
O zaman, 2005-ci ildə tikintisi
başa çatmaqda olan Bakı-Tbilisi-Ceyhan kəmərinə
məhz "Azəri" yatağından alınan neft
vurulmalı idi. "Mərkəzi Azəri"də hasilata
başlanması bu məqsədi reallaşdırmağa imkan
verdiyi üçün əlamətdar bir hadisəyə
çevrilmişdi.
"Mərkəzi Azəri"də
hasilat əvvəlcədən qazılmış 10 öncəqazma
quyularının birincisindən başlanmışdı. Bu
quyular hələ platforma quraşdırılmazdan əvvəl
dayaq tavasından qazılmış və onların
ağzı müvəqqəti olaraq bağlanmışdı.
İstənilən platforma quraşdırılandan sonra bu
cür quyuların ağzının açılması
hasilatı tezləşdirmək məqsədini
daşıyır. Bu əməliyyat "Mərkəzi Azəri"də
də uğurla həyata keçirildi. 2005-ci il martın əvvəlində
buradan Səngəçal terminalına neftin nəql
olunmasına başlandı. Bütün işlər qrafikə
uyğun, nəzərdə tutulduğu kimi gedirdi. Beləliklə,
həmin il mayın 25-də Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan kəmərinə Səngəçal
terminalından ilk neft vuruldu. Bu da böyük bir təntənəyə
çevrildi. Tədbirlərdə Azərbaycanın,
Gürcüstanın, Türkiyənin, Qazaxıstanın
dövlət başçıları, bir çox ölkələrdən
gəlmiş qonaqlar iştirak etdilər.
Əlbəttə, "Azəri" yatağının işlənməsi təkcə quyuların qazılması və neftin çıxarılmasından ibarət deyil. "Azəri" böyük bir layihədir və onun həyata keçirilməsi üçün genişmiqyaslı inşaat işləri görülüb. Bu işlər həm qurudakı obyektlərdə, həm də dənizdə aparılıb. Əvvəla, bütövlükdə "Azəri" yatağı dörd platformanın istismar olunduğu bir dəniz məkanıdır. Onlardan ikisi mərkəzi hissədə quraşdırılıb. Belə ki, "Mərkəzi Azəri" qonşuluğundakı Kompressor və Suvurma Platformasına (KvəSP) körpü vasitəsilə birləşdirilib. Lakin burada yerləşməsinə baxmayaraq, KvəSP yatağın digər hissələrinə də qaz və suvurma əməliyyatları, elektrik təchizatı ilə bağlı xidmətlər göstərir.
Qeyd edək ki, AÇG-nin bütün platformaları ölkə daxilində quraşdırılıb. "Azəri" yatağındakı hasilat platformaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. KvəSP-nin göyərtəsi isə Bakının Bibiheybət ərazisindəki ATA tikinti-quraşdırma sahəsində inşa edilib. Bu işlər həyata keçirilməzdən əvvəl həmin obyektlər tamamilə təzədən qurulub.
"Azəri"nin neftini və səmt qazını Xəzərdən Səngəçala çatdırmaq üçün dənizdə ümumi uzunluğu 600 kilometrdən çox olan sualtı borular çəkilib. Səngəçal terminalında bu karbohidrogenləri ilkin emal edib müvafiq kəmərlərə vurmaq üçün isə böyük bir infrastruktur yaradılıb. Həmin qurğuların özünün tikilib araya-ərsəyə çatdırılması nəhəng bir layihənin uğurla tamamlanmasının sübutudur.
Bu gün AÇG-dəki bütün qurğular kimi, "Azəri" platformaları da ahəngdar işləyir. Xatırladaq ki, AÇG-dən 30 illik Hasilatın Pay Bölgüsü Sazişi dövründə 5 milyard bareldən çox neft çıxarılması nəzərdə tutulub. Bu həcmin 3 milyard bareldən çoxu "Azəri"dən gözlənilir. Yataq ona bəslənən inamı doğruldur. BTC kəmərinə vurulan neftin xeyli hissəsi buradan hasil edilir.
Bir sözlə, "Azəri"nin təkcə ölkəmizdə deyil, dünyadakı neft yataqları sırasında öz yeri, öz dəst-xətti var. Maraqlıdır ki, yataq özünün ayrı-ayrı quyuları ilə də "öyünə" bilir. Məsələn, bp şirkətinin çalışdığı 100 ölkədə 2009-cu ildə aşkar etdiyi 15 ən yüksək hasilatlı quyudan 5-i məhz "Azəri" yatağındadır...
Daha bir rəqəmi də xatırlatsaq, "Azəri" yatağı haqqında nə şərhə ehtiyac qalar, nə də əlavə tərifə. Keçən il Azərbaycanda 51 milyon tona yaxın neft hasil edilib. Bunun 217 milyon barelə qədərini - təxminən 29 milyon tonunu təkcə "Azəri" verib.
F.SADIQLI
Azərbaycan.- 2011.-18 fevral.- S. 7.