Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteranın görüşü

 

Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteran ilə görüşmüşdür.

Fransanın mədəniyyət naziri Frederik MİTTERAN Mehriban xanım Əliyevanı salamlayaraq dedi:

- Hörmətli birinci xanım, mən sizi burada - Parisdə qəbul etməkdən olduqca şadam. Mən çox gözəl bilirəm ki, siz öz ölkənizin mədəniyyətinin təşviq olunmasında, bu baxımdan, ümumiyyətlə, bir çox tədbirlər görürsünüz və bu sahədə çox fəalsınız. Onu da etiraf etməliyəm ki, Fransada Azərbaycan haqqında bilgilər, Azərbaycanın tanınması gözəçarpan dərəcədə artır. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, televiziyada yayımlanan həm sənədli, həm də reklam xarakterli filmlər Azərbaycanın turizm imkanları, mədəni irsi haqqında geniş bilgilər verir və bu da fransızların, sözün əsl mənasında, böyük marağına səbəb olur.

Görürəm ki, bu möhtəşəm tədbir çox yüksək səviyyədə təşkil olunubdur və artıq mən bunu böyük bir uğur adlandıra bilərəm. Siz bilirsiniz ki, həmçinin mən Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin daha da dərinləşməsi, daha da artması üçün çox çalışıram və bunu səmimi qəlbdən arzulayıram. Eyni zamanda onu qeyd etmək istəyirik ki, təşkil olunan bu cür tədbirlər, görülən işlər, atılan addımlar - bütün bunlar sadəcə, öz hüdudları ilə məhdudlaşmır. Bu o deməkdir ki, bunlar, sözün əsl mənasında, ictimai rəyə, ümumiyyətlə, insanların - burada yaşayan yerli insanların təfəkkürünə, dünyagörüşünə birbaşa təsir göstərir. Bu da özlüyündə çox xoş bir haldır.

Eyni zamanda qeyd etmək istəyirəm ki, biz mədəni irs, arxeologiya, muzey işinin təşkili, musiqi sahələrində mübadilələrin təmin edilməsi üçün çox çalışırıq. Ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Mən bu əməkdaşlığın davamı olaraq istəyirəm ki, ölkənizə səfər edim, əgər siz bunu arzulayarsınızsa.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA nazirə təşəkkür edərək dedi:

- Çox sağ olun. Mən ilk növbədə öz minnətdarlığımı bildirmək istəyirəm ki, cənab nazir dəvətimizi qəbul edib bu gün bizimlədir. Ümumiyyətlə, sizin dəstəyiniz bizim üçün çox vacibdir.

Mən tamamilə razıyam ki, insanlar, xalqlar bir-birini məhz mədəniyyət yolu ilə daha yaxşı tanıyırlar, bir-birini daha dərindən öyrənirlər və bu da ümumiyyətlə, ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır.

Bu, bizim ilk tədbirimizdir. Amma ümidvaram ki, il ərzində biz bir neçə belə mədəni tədbir hazırlayıb keçirəcəyik və xüsusilə belə tədbirlərin Fransada keçirilməsinə böyük əhəmiyyət veririk. Fransa dünyanın ən qədim tarixə və mədəniyyətə məxsus olan bir dövlətidir.

Mən, ümumiyyətlə, fürsətdən istifadə edərək sizi Azərbaycana səfərə dəvət edirəm və ümidvaram ki, biz çox yaxın gələcəkdə Azərbaycanda görüşəcəyik.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 fevral.- S. 3.