Yeni Azərbaycan Partiyası ilə
Rumıniyanın hakim Demokrat Liberal Partiyası arasında
"Əməkdaşlıq haqqında anlaşma
memorandumu" imzalanmışdır
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Rumıniyaya səfəri uğurla başa çatmışdır.
Səfər çərçivəsində YAP nümayəndə heyətinin Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) qərargahında görüşü olmuşdur. Milli Məclisin deputatları, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, deputat Asəf Hacıyevin iştirak etdikləri görüşdə vurğulanmışdır ki, YAP ilə PDL arasında əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni təkan verəcəkdir.
Ə.Əhmədov və PDL sədrinin birinci müavini Adriean Videanu YAP ilə Rumıniyanın hakim partiyası arasında "Əməkdaşlıq haqqında anlaşma memorandumu"nu imzalamışlar. Sənədə əsasən, tərəflər öz ölkələrindəki siyasi vəziyyətə, ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsləhətləşmələr aparmalı, beynəlxalq münasibətlər, partiyaların inkişafı, eləcə də digər sahələrdə təcrübə mübadiləsini həyata keçirməli, müxtəlif səviyyələrdə partiya nümayəndələrinin səfərlərini reallaşdırmalı, partiyaların gənclər təşkilatları arasında əməkdaşlığı qurmalıdırlar.
Ə.Əhmədov imzalanmış sənədin əhəmiyyətindən danışmış, PDL nümayəndə heyətini Azərbaycana dəvət etmişdir. Qarşı tərəf dəvəti qəbul etmişdir.
Səfər çərçivəsində YAP nümayəndə heyəti Parlament Sarayında Rumıniya parlamentinin Deputatlar Palatasının sədri xanım Roberta Anastase ilə görüşmüşdür. PDL ilə YAP arasında imzalanmış sənədin əhəmiyyətini qeyd edən R.Anastase hazırda Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası münasibətlərdə yüksək inkişafdan danışmışdır.
Ə.Əhmədov Rumıniya ilə Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında birbaşa təmasların gücləndirilməsinin zəruriliyini vurğulamış, Rumıniya dövlətinə ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini daim dəstəklədiklərinə görə təşəkkürünü bildirmişdir.
Sonra nümayəndə heyəti Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılarla görüş keçirmişdir.
Görüşdə Ə.Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurları haqqında məlumat vermiş, bütün bunların dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin xaricdə təmsil olunmasında diaspor təşkilatlarının qarşısında duran əsas vəzifələrdən danışmışdır. Bu ilin yayında keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayının əhəmiyyətinə toxunan Ə.Əhmədov görülən bütün işlərin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun məntiqi nəticəsi adlandırmış, gənclərə tövsiyələrini vermişdir.
Fondun Rumıniyadakı nümayəndəliyinin direktoru İqbal Hacıyev təmsil etdiyi təşkilatın həyata keçirdiyi geniş xeyriyyə layihələrindən bəhs etmiş, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tövsiyəsinə əsasən təkcə Rumıniyada deyil, bütün Balkan regionunda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində geniş fəaliyyətini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, təkcə Rumıniyada bu istiqamətdə 50-dən çox kitab nəşr olunmuşdur.
YAP nümayəndə heyətinin üzvləri Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları ilə də görüşmüşlər. Görüşdə səfirliyin fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, Azərbaycanın xarici siyasət kursunun düzgün istiqamətdə həyata keçirildiyi qeyd olunmuşdur. Azərbaycan-Rumıniya münasibətlərinin ikitərəfli əlaqələrin ən yüksək həddi olan strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanmışdır.
Görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-19 fevral.- S. 4.