Sahibkarlığın inkişafına yönələn çevik islahatlar

 

Son illər sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi işinin səmərəli təşkili, büdcədən güzəştli kreditlərin ayrılması formalaşmış təkmil mexanizmi əsasında aparılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu işlər sonradan həyata keçirilən davamlı islahatlar nəticəsində öz bəhrəsini verməyə başladı. 2002-ci il aprel ayının 25-də ulu öndərin yerli sahibkarlarla görüşünü yaxşı xatırlayıram. Həmin görüş zamanı biz bir daha dəqiqləşdirdik ki, yeni dövlət idarəçilik metodları iqtisadiyyatın da inkişaf etdirilməsinin ən səmərəli yollarını arayıb-axtarmağı tələb edir.

"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" ölkə başçısının fərmanı bizim işimizə dövlət nəzarəti mexanizmini xeyli təkmilləşdirdi. Hər cür əsassız yoxlamaların, müdaxilələrin qarşısının alınması halları ilə mübarizə daha da gücləndirildi. Sahibkarın lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti iki ildən beş ilədək uzadıldı. Bütün bunlar biznes strukturlarının güclənməsinə, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına imkan verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı da sahibkarlığın dövlət qurumlarından asılılığını aradan götürən mühüm sənədlərdən biridir. Bu gün biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar üçün əlavə maneələr, əngəllər yoxdur. Cəmi üç günə sahibkar biznes strukturunu dövlət qeydiyyatından keçirə bilər. Sahibkarlar üçün yaradılan belə əlverişli şərait, biznes mühitinin təkmilləşdirilməsi əmək ehtiyatlarından düzgün istifadəyə stimul baza yaradır. Biz yaxşı bilirik ki, ölkəmizdə iqtisadiyyat bazar münasibətləri prinsipləri üzərində qurulub. Təbii ki, belə bir bölgü rəqabət mühitini artırır, sahibkarların potensial imkanlarının açılmasına real şərait yaradır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, iqtisadiyyatın çoxşaxəli inkişafı üçün sahibkarlar sinfi formalaşmalıdır. Son illər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlərin həcmi xeyli artırılmış, müəssisəmizin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün kifayət qədər vəsait ayrılmışdır. Əlbəttə, görülən işlər sərfəli şərtlər, şəffaflıq prinsipi əsasında həyata keçirilir. Bütün bunların nəticəsidir ki, iqtisadi uğurlarımız ildən-ilə artır. Prezident cənab İlham Əliyev bölgələrdə vətəndaşlarla görüşü zamanı sahibkarlığın inkişafına yönəldilən tədbirlərdən geniş söz açıb: "Mən daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə özümlə aparıram ki, biz onları beynəlxalq bazarlara çıxaraq. Biz Azərbaycan adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət göstəririk". Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə aparılan düzgün siyasət iqtisadiyyatımızı dinamik inkişaf yoluna çıxarmış, ciddi infrastruktur layihələri həyata keçirilmişdir.

Hələ 2002-ci ildə ulu öndər Heydər Əliyev bizim müəssisə ilə tanışlıqdan sonra yeni layihələrin reallaşmasına xeyir-dua vermişdir. Bu gün Azərbaycanın bölgədə lider dövlət olması neçə illər görülən fundamental işlərin nəticəsidir. Mən bir sahibkar kimi qürurla deyə bilərəm ki, ölkəmizdə adamlarının sağlam rəqabətə qoşulması üçün hər tərəfli şərait yaradılıb. Ən başlıcası, uzun illər bizi bezdirən əsassız müdaxilələrə, lazımsız yoxlamalara, demək olar ki, son qoyulub. Biz yalnız bazar iqtisadiyyatının prinsipial güzəştsiz qanunlarına üstünlük veririk dövlət siyasətinə güvənirik. Ona görə uzunmüddətli inkişaf strategiyası ildən-ilə daha uğurlu nəticələr verir. Dövlətimizin iqtisadi inkişaf strategiyasına uyğun olaraq yeni istehsal sahələri yaradılıb. Hazırda ölkəmizdə yüksək istehsal gücü ilə fərqlənən "Ağdağ" gips zavodu Qafqazda analoqu olmayan müəssisələrdən biridir. Bəs bizdə istehsalın əsas üstünlükləri nədir? Ən başlıcası, "Ağdağ"ın tərkibi təbii gipsdir. Digər tərəfdən, "Ağdağ"ın əsas funksiyası sağlamlıqla bağlıdır. Aparılan mütəxəssis tədqiqatları sübut edir ki, "Ağdağ"la təmir olunmuş divarların nəfəs ala bilməsi otaqda rütubət norması düzgün qurulur. Onun qara suvaqdan xeyli fərqi var. Divarların qara suvaqla suvanması rütubət balansını pozur, yaşayış üçün tələb olunan atmosfer yaranmır.

Bizdə istehsal olunan təbii gips isə otaqlarda qışda isti, yayda isə sərinlik yaradır. Müəssisəmizdə yaradılmış yeni texnoloji mərkəz unikal keyfiyyət parametrlərinin diqqətlə işlənib hazırlanmasına tam imkan yaradır. Rəqəmli texnologiyaya əsaslanan laboratoriyamızda bütün proseslər daimi nəzarətdə saxlanılır. Təbii gipsin xüsusi texnologiya ilə bişirilməsi üçün hər cür şərait yaradılıb. Bu gün istehsal etdiyimiz məhsulların sorağı müxtəlif coğrafi məkanlardan gəlir. Hər il Qazaxıstana, Rusiyaya, Gürcüstana, Ukraynaya, Özbəkistana digər ölkələrə ən azı 20 adda məhsul göndəririk. Həmin məhsullara tələb ehtiyacın artması sifarişçilərimizin sayını ildən-ilə çoxaldır.

Ölkəmizdə iqtisadi dayanıqlığın mühüm amil olduğunu sahibkarlar da yaxşı bilir. Biz açıq-aydın hiss edirik ki, dünyanı bürüyən iqtisadi böhranın təsirlərinin zəiflədilməsi üçün ölkəmizdə xeyli işlər görülmüş, sistemli ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu gün ümidlə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı təkcə neft amili üzərində qurulmayıb, sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması dinamik inkişafa kömək edən başlıca şərtlərə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür. Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni, bizim planlarımız həyata keçirilir, nəzərdə tutduğumuz bütün proqramlar reallaşır".

Sahibkarlığın inkişafına kifayət qədər kömək edən, təkan verən qanunvericilik sənədlərinin işlək mexanizmə çevrilməsi qarşımızda geniş perspektivlər açır. Ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi imkan yaradır ki, biz gələcəkdə dünyanın bu sahədə islahatçı ölkələri ilə rəqabət apara bilək. Bunun üçün həm baza var, həm iqtisadiyyatımızın davamlı inkişafına kömək edən çevik dövlət proqramları təsdiqlənib. Biz belə düşünülmüş sınanmış iqtisadi siyasətə güvənir, işimizi həmin şərtlərə tələblərə uyğun qururuq.

 

 

Mais QASIMOV,

"Avanqard-N" MMC-nin

direktoru

 

Azərbaycan.- 2011.-19 fevral.- S. 5.