Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması işi FHN sistemində daim diqqət mərkəzindədir

 

Fevralın 18-də Fövqəladə Hallar Nazirliyində (FHN) 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov nazirliyin fəaliyyətinin ayrı-ayrı sahələrində ötən il ərzində görülmüş işlər barədə məlumat vermiş, həlli vacib məsələlər, qarşıda duran vəzifələrdən danışmışdır.

O bildirmişdir ki, dünyanı bürümüş qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz inkişaf tempini qoruyub saxlaya bilmişdir. Bu da ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların və düzgün iqtisadi siyasətin nəticəsidir.

FHN ötən il də qarşıda duran vəzifələrin öhdəsindən gəlmiş, nazirliyin aparatı, qurumları normal ştat rejimində işləmiş, infrastrukturun inkişafı uğurla davam etdirilmişdir. Ötən ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranmış təhlükəli vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə nazirliyin qüvvələri fövqəladə hadisə bölgəsinə cəlb olunmuş, xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində əsaslı işlər görülmüşdür. Nazirliyin qüvvələri beynəlxalq xilasetmə əməliyyatlarında yaxından iştirak etmişlər.

K.Heydərov Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən, FHN tərəfindən həyata keçirilən tədbirlərdən də danışmış və qeyd etmişdir ki, ötən il nazirliyə daxil olmuş 58 müraciətə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmışdır. Araşdırmalar zamanı aşkar edilmiş 15 hal üzrə cinayət xarakterli materiallar hüquq-mühafizə orqanlarına göndərilmiş, həmin materiallar əsasında 12 cinayət işi başlanmışdır.

K.Heydərov bildirmişdir ki, korrupsiya hüquqpozmalarının aşkar edilməsi və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması işi Fövqəladə Hallar Nazirliyi sistemində daim diqqət mərkəzindədir və bundan sonra da davam etdiriləcəkdir.

 

 

Azərbaycan.- 2011.-19 fevral.- S. 6.