Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü və döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış keçirilmişdir

 

Fevralın 18-də Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü və döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış keçirilmişdir.

Əvvəlcə itisürətli qayıqların dənizdə manevr elementləri nümayiş etdirilmişdir. Mərasim iştirakçıları qəza və baxış qruplarının təchizat və avadanlığı ilə tanış olmuşlar.

Sahil Mühafizəsinin klubunda ildönümü münasibətilə keçirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev çıxış edərək şəxsi heyəti təbrik etmişdir.

E.Quliyev ümummilli lider Heydər Əliyevin milli sərhəd siyasətinin yaradılması, Sahil Mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizəsi sisteminin təşəkkülü, dəniz sərhədlərinin etibarlı qorunması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirləri minnətdarlıq hissi ilə qeyd etmişdir.

Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturunun yaradıldığını, DSX Sahil Mühafizəsinin Xəzər dənizinin Azərbaycana mənsub hissəsində dövlət maraqlarının müdafiəsini və sərhədlərin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşmasını xüsusi vurğulamışdır.

Sahil Mühafizəsinin rəisi general-mayor İlham Mehdiyev ölkə rəhbərliyinin DSX-nin Sahil Mühafizəsinin inkişafına diqqət və qayğısından, dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, bu gün Prezident İlham Əliyevin qayğısı sayəsində DSX-nin dəniz sərhədlərinin mühafizəsi işində yüksək inkişaf dinamikasına nail olunmuşdur.

Tədbirin sonunda xidmətdə fərqlənmiş dəniz sərhədçiləri təltif olunmuş, DSX-nin hərbi orkestri maraqlı konsert proqramı ilə çıxış etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 fevral.- S. 6.