"Qarabağa
qayıdacağıq" kitab-albomu işıq üzü
görmüşdür
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Letterpress" nəşriyyat evi "Qarabağa qayıdacağıq" kitab-albomunu Azərbaycan, rus və ingilis dillərində çap etmişdir.
AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan torpağıdır. Dağlıq Qarabağda azərbaycanlılar əsrlər boyu yaşamışlar", Prezident İlham Əliyevin isə "Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək" sözləri nəşrə epiqraf seçilmişdir.
Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında" sərəncamı ilə açılır.
Nəfis tırtib olunmuş və rəngli fotoşəkillərlə zəngin kitabda Prezidentin birliyin mərkəzi qərargahının açılışında iştirakından bəhs edən rəsmi məlumat verilmiş, burada söylədiyi nitqi təqdim olunmuşdur. Qərargahın açılışında söylədiyi nitqində də ölkə prezidenti "Bir daha demək istəyirəm, mən şəxsən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Birinci növbədə beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ermənistan ilə Azərbaycan arasında inkişaf sahəsində böyüyən uçurum mövqeyimizi gücləndirir",- deyə vurğulamışdır.
Ümumi sahəsi 1300 kvadratmetr olan, əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmış dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulmuş qərargahın müxtəlif planlardan çəkilmiş şəkilləri də kitabda yer almışdır.
Nəşrdə icmanın həyata keçirdiyi tədbirləri, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti ilə bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yayılması və təbliği istiqamətində görülən işləri əks etdirən fotoların nümayiş olunduğu stend oxuculara təqdim olunmuşdur.
Kitab, bir növ, informasiya və kommunikasiya texnologiyaları, mebel və avadanlıqla tam təchiz edilmiş iş otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün 120 nəfərlik konfrans zalı və digər müşavirə otaqları olan binanın şəkilli xəritəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədovun tərtib etdiyi kitabı rus və ingilis dillərinə akademiyanın müəllimləri Aynur Fərmanova, Nafilə Rəhimova çevirmişlər.
Nəşrin hazırlanmasında
AzərTAc-ın materiallarından istifadə edilmişdir.
Azərbaycan.- 2011.- 19
fevral.- S. 6.