SSRİ-nin milli münaqişələr
zəminində dağıdılması ssenarisinin müəllifləri
antierməni iğtişaşlarının ünvanı kimi
Sumqayıtı seçmişdilər
Bu hadisələrin baş
tutması Qarabağ uğrunda ümummilli erməni hərəkatına
təkan verə biləcək tutarlı bir siyasi bəhanə
kimi lazım idi
1988-ci ilin fevralında ermənilər və onların xaricdəki havadarları Azərbaycanın ayrılmaz hissəsi olan qədim Qarabağın dağlıq hissəsini qoparıb Ermənistana birləşdirmək üçün açıq-aşkar fəaliyyətə başladılar. Separatçı "Krunk" və "Qarabağ" komitələri dünyanın hər yerində yaşayan ermənilərə müraciətlə onları "böyük Ermənistan" uğrunda mübarizəyə çağırırdılar. Həmin vaxt respublikamızın əksər regionlarında məskunlaşan ermənilər uzun illərdən bəri gizli yığdıqları maliyyə fondlarına güvənərək əhalini Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün ümumerməni hərəkatına qoşulmağa səsləyirdilər.
Fevralın 25-də Ermənistan milli televiziyası ilə çıxış edən katolikos Vazgen Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin "qanunauyğunluğu" barədə fikirlərini açıqladı və əzəli Azərbaycan torpaqlarının erməni Artsax yurdu olduğu barədə sərsəmləmələrini tamaşaçılara sırımağa çalışdı. O, keçmiş SSRİ rəhbəri Mixail Qorbaçova teleqram vurduğunu və müsbət cavab aldığını bəyan etdi: "Mən sizi əmin edirəm ki, Dağlıq Qarabağ məsələsi Moskvada, SSRİ-də millətlərin öz müqəddəratını təyin etmək hüququna əsasən həll olunacaqdır".
Sovet imperiyasının tarix boyu xalqımıza qarşı süngüyə çevirdiyi erməni daşnakları və onların dünyanın hər yerindəki təəssübkeşləri 1988-ci il fevralın 27-29-da Sumqayıtda əsl vəhşilik aktı törətdilər. Əvvəlcə şəhərə atılan təşkilatçılar, təxribatçı qruplar insanları inandırmağa çalışırdılar ki, Ermənistanda və Dağlıq Qarabağda ermənilər azərbaycanlıları kütləvi şəkildə döyür, öldürür, azyaşlı qızları zorlayırlar. Onlar Bakının dəmiryol vağzalına Ermənistandan vaqon-vaqon meyitlər gətirildiyini israr edirdilər. Həmin ərəfədə hüquq-mühafizə orqanlarının səlahiyyətləri dondurulmuşdu. Şəhərə vaxtında ordu göndərilməsi tələbləri artıq fevralın 27-də Sumqayıtda olan SSRİ DTK-nın sədr müavini Bobkov tərəfindən heç eşidilmirdi də. General Krayevin rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən Sumqayıta daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər Partiya Komitəsinin binasını mühasirəyə alaraq gözləmə mövqeyində dayanmışdılar. Həmin anlarda şəhərdə məlum qüvvələr tərəfindən erməni millətindən olanlar döyülür, öldürülür, incidilirdilər. Nəticədə 26 erməni öldürüldü. Fevralın 29-da günortaüstü ordunun proseslərə birdən-birə müdaxiləsi nəticəsində 6 nəfər azərbaycanlı tankların tırtılları altında vəhşicəsinə qətlə yetirildi. 400-ə yaxın adam xəsarət aldı, 200 mənzil talan edildi, 50 mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomobil zədələndi və bir hissəsi yandırıldı...
Martın 1-dən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupu hadisələri araşdırmaq üçün fəaliyyətə başladı. Bu qrupa keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsi rəisinin müavini Nenaşev və Baş Prokurorluq yanında xüsusilə mühüm işlər üzrə müstəntiq Qalkin başçılıq edirdilər. Bundan savayı, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Hərbi Prokurorluğunun xüsusi qrupları da Sumqayıtda idilər. Üç minə yaxın günahsız şəhər sakini həbs edildi. Onlardan bir qismi inzibati məsuliyyətə cəlb olundu, bir qismi isə müxtəlif yollarla azadlığa çıxa bildi. 94 nəfər haqqında isə cinayət işi başlanıldı. İstintaq zamanı tutulanların zorakılıqla bir-birinə qarşı ifadələr verməsində adıçəkilən qrupla yanaşı, Azərbaycanın müvafiq qurumlarının üzüyola əməkdaşlarının da "xidməti" olmuşdur. Məhkəmələr də, öz növbəsində, yuxarıların göstərişlərini əsas tutmuş, baxılan cinayət işlərində qanunun aliliyi prinsiplərini kobudcasına pozaraq ədalətsiz hökmlər vermişdilər. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun, İ.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə baxmış, prosesdə müttəhimlərə qarşı ittihamların əsassızlığı sübut olunsa da, həmin iş bütövlükdə yenidən istintaqa qaytarılmaq əvəzinə yalnız İ.Cəfərovun və T.İsmayılovun cinayət işinin materialları yenidən təhqiqata verilmiş, Ə.Əhmədova isə heç bir tutarlı dəlil-sübut tapmadan hadisələrin təşkilatçısı damğası vurularaq güllələnməyə məhkum edilmiş və hökm oxunduqdan 17 ay sonra Moskva şəhərində icra olunmuşdu. Haqsız yerə həbs olunmuş Elçin Gəncəliyev ona verilən işgəncələrə dözməyərək həbsxanada intihar etmişdi.
Sumqayıt hadisələrindən 23 il ötməsinə baxmayaraq, hələ də ermənilər dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə bağlı aldatmağa səy göstərməkdən əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş iğtişaşların əsl mahiyyətini gizlədərək Azərbaycan xalqını qaniçən və cinayətkar qismində dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Son vaxtlar əldə edilmiş məlumatlara görə, ermənilər Sumqayıt hadisələrini hətta soyqırımı kimi qabartmağa çalışırlar. Bu məqsədlə Ermənistan baş prokurorluğu Sumqayıt hadisələri ilə bağlı sayt açaraq onun mahiyyətinə dair yalan məlumatlar yaymağa başlamışdır.
Hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda Sumqayıt hadisələri ilə bağlı cinayət işinin araşdırılması davam etdirilir. Uzun müddət keçməsinə baxmayaraq, həmin hadisələrin yenidən araşdırılması hansı zərurətdən doğmuşdur? Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Ənvər Həmidov bu suala belə aydınlıq gətirir:
- Sumqayıt hadisələri ilə əlaqədar SSRİ Baş Prokurorluğunun 200-ə yaxın müstəntiqinin və bir o qədər də əməliyyatçının cəlb etdiyi istintaq-əməliyyat qrupu tərəfindən iğtişaşların törədilməsi səbəbləri araşdırılmış və bir çox şəxslər məsuliyyətə cəlb edilmişlər. Lakin həmin cinayət işlərinin öyrənilməsi göstərmişdir ki, işin istintaqı tam, hərtərəfli və obyektiv araşdırılmamış, hadisələrin əsl mahiyyəti gizlədilmiş, cinayətlərın bütün iştirakçıları, əsasən də təşkilatçıları müəyyən edilməmiş, hadisələrin başvermə səbəbləri və şəraiti aydınlaşdırılmamışdır. Hazırda aparılan istintaqın əsas məqsədi də Sumqayıt hadisələri ilə bağlı erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını nə qədər çətin də olsa müəyyən etməkdir. 27-29 fevral iğtişaşları ilə əlaqədar istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun 2010-cu il 19 mart tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilmiş və Baş Prokurorluğun birinci müavini II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin müstəntiq və əməliyyatçılarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilmişdir. İlkin olaraq epizodlar üzrə 8 bənddən ibarət və hər bir epizod üzrə istintaq planları tərtib edilmişdir.
İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə ölkənin hüquq-mühafizə orqanlarına və müvafiq qurumlarına, bir sıra kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilmişdir.
Ermənilərin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi ilə bağlı iddialarına baxmayaraq, cinayət işləri öyrənilərkən müəyyən olunmuşdur ki, şəhərə qoşun yeridilərkən 5 azərbaycanlının ölməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda başlanan istintaq işinə əsassız olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakıdakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Valeri Markaryan içərisində hərbçilər olan avtobusu Sumqayıtda dinc əhalinin üstünə sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sumqayıt hadisələrindən sonra erməni tərəfi dərhal antiazərbaycan informasiya kampaniyasına başlamışdı. Onlar hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmaması haqqında fikir formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmirdilər. Ermənilər indi də bu hadisələrin azərbaycanlılar tərəfindən onlara qarşı soyqırımı törədildiyi fikrini formalaşdırmağa çalışır, hadisələrə siyasi qiymət veriliməsinin vacibliyini vurğulayırlar. Kremlin göstərişi ilə hərəkət edən o vaxtkı rəsmi Bakı da Sumqayıt hadisələrinin guya bir qrup xuliqan tərəfindən törədilməsi versiyasını qəbul etmiş və hadisələrin səbəblərini araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə günahkarları öz içərimizdə - Sumqayıtda, şəhərin o vaxtkı rəhbərliyi arasında axtarmağı, tez-tələsik onları cəzalandırmağı, vəzifələrindən azad, partiya sıralarından xaric etməyi və bununla da öz funksiyalarının bitdiyini göstərməyi üstün tutmuşdu.
Araşdırmalar isə göstərir ki, Sumqayıt hadisələrinin ən azı üç tərəfi olmuşdur: birincisi, "yenidənqurma", "yeni siyasi düşüncə" şüarları ilə pərdələnən Mixail Qorbaçovun rəhbərliyi ilə dünya sosializm sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr, ikincisi, yaranmış fürsətdən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək istəyən erməni və ermənipərəst millətçi və separatçı qüvvələr, üçüncü tərəf isə hadisələri icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən təhrik olunmuş yeniyetmələr, müxtəlif cinayətkar ünsürlər və yetkinləşməmiş gənclər.
SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin müəllifləri və bu ssenarini həyata keçirməyə çalışan qüvvələr, o sıradan erməni millətçi və separatçılarının havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı bir siyasi bəhanə əldə etmək üçün Azərbaycan ərazisində antierməni iğtişaşlar törətmək qərarına gəlmiş və bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçmişdilər. SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ problemi nə qədər sərfəli idisə, Sumqayıt bəhanəsi də erməni hərəkatına təkan vermək üçün bir o qədər yararlı idi.
Bu gün artıq istintaq materiallarından məlumdur ki, hadisələri törədənlərin ön cərgəsində gedən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən iğtişaşlara təhrik olunmuş yeniyetmələrə, müxtəlif cinayətkar ünsürlərə və yetkinləşməmiş gənclərə spirtli içkilər və narkotik maddələr qəbul etdirərək onları cuşa gətirən, sonra da "Qarabağ bizimdir!", "Erməniləri qırın!" şüarları ilə "Qarabağ" və "Krunk" təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin mənzillərinə istiqamətləndirən, şəxsən 6 ermənini qətlə yetirən 1959-cu il təvəllüdlü, əvvəllər - 1979, 1981 və 1982-ci illərdə mühakimə olunub üst-üstə 9 il 12 ay 13 gün həbsxanalarda yatmış qatı cani, milliyyətcə erməni olan Qriqoryan Eduard Robertoviç olmuşdur. 1988-ci il 27-29 fevral hadisələrinin Kremlin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni və ermənipərəst millətçi, separatçı qüvvələr tərəfindən törədildiyini sübut elən kifayət qədər fakt artıq üzə çıxmışdır.
(Ardı var)
Akif CABBARLI,
Bəşir ŞƏRİFLİ,
Azərbaycan.- 2011.-19 fevral.- S.6.