Bir şair ömrünü
yaşatmaq üçün...
Nəriman Həsənzadə - 80
Əlinə qələm alandan ümidlərini şeh kimi misralara ələyərək onu çiçək, gül ətrində təqdim etməyi bacaran xalq şairi Nəriman Həsənzadə yazlı-payızlı ömrünün 80-ci ilini tamamlamaqdadır. Öz sözləridir: "İnsan ömrünün təkcə ili yox, anı da tarixi bir hadisəymiş". Elə bu məqamda unudulmaz Səməd Vurğunun "Şair, nə tez qocaldın sən?!" misraları adamı üşütsə də, Nəriman müəllimin şux yerişi, şax duruşu bizi sevindirdi. Səmimiyyət bir yaz havası kimi onun varlığına dolub. O, təkcə ayaqları ilə yer üzünü dolaşmır ki?! Şairlər hissləri üstündə yeriyən varlıqlardır.
Bədii sözün ləyaqət bayrağını bütün yaradıcılıq boyu ucalarda saxlayan Nəriman Həsənzadə oxucu ürəyinə yol tapan, həzin, lirik misraları ilə hər kəsin könül çırpıntısına öz qəlbinin döyüntüsünü də qoşaraq insanlarda xoş duyğular, intibahlar oyadan, min köhnəliyin içində min bir təzəlik yaradan görkəmli söz ustadıdır. Məmməd Araz qələm dostunun məziyyətlərini belə ifadə edərdi: "Nəriman Həsənzadə təpədən-dırnağa söz adamıdır: nəsrində də, dramaturgiyasında da, adi çıxış və məqalələrində də şairdir. Sözün səsinə qulaq verən, bu səsi səriştəli şəkildə müəyyən ünvanlara yola salan və əks-səda kimi qarşılayan, sözdən əsgəri borcunu necə yerinə yetirdiyi barədə hesabat istəyəndir". Elə bu məsuliyyətin diktəsidir ki, Nəriman Həsənzadə yaradıcılığını, həyatını aşağıdakı misralarda sərrast naxışlayıb:
Bir insan ömrünü
girov qoymuşam,
Bir şair ömrünü
yaşatmaq üçün.
Əslində, Nəriman Həsənzadə
xoşbəxt qələm sahibidir. İllərdir ki, onun əsərləri
sevilə-sevilə oxunur, rəğbətlə
qarşılanır, dillər əzbərinə çevrilir,
sözlərinə musiqi libası geyindirilir. Mənzum
dramları müxtəlif teatrlarda tamaşaya qoyulur.
Ömrünü söz sənətinə bağlayan,
ilhamının sayəsində bir-birindən maraqlı əsərlərə
imza atan Nəriman Həsənzadə Azərbaycan
poeziyasının zənginləşməsində özünəməxsus
xidmət göstərir.
İstedadlı şair
olmaqla bərabər, Nəriman Həsənzadə son dərəcə
nəzakətli bir insandır. Bəlkə də buna görədir
ki, "ziyalı" sözü eşidəndə gözlərimiz
qarşısında dayananlardan biri də Nəriman Həsənzadə
olur. Təbiətindəki ziyalılıq, xasiyyətindəki
mehribanlıq onun bütün şeirlərinin
mayasıdır. Elə bu səbəbdəndir ki, Xəlil Rza
Ulutürk görkəmli şairimizin poeziyası haqqında
yazırdı: "Üslub yaradıcı şəxsiyyətin
özüdür, mənliyidir, - demişlər. Doğrudan da,
belədir. Milli şüur qıtlığı çəkən
mühitdə milli şüur qaynağı kimi daşıb
tökülməsi, müdrik bir sadəlik, xəfif
tülü xatırladan incəlik, zəriflik, insan taleyinə
həssaslıq, bədii dilin dağ bulağı kimi şəffaflığı
- Nərimanın başlıca üslub komponentləridir".
Nəriman Həsənzadənin
poeziyasından hansı misranı çəksən, zərif
bir müdriklik qəlbini ehtizaza gətirəcək, səni
xeyli düşündürəcək. Belə hikmət dəryasından
bəzi incilər:
Füzuli dirilsə, hörməti
olmaz,
Nə fəxri adı var, nə
mükafatı.
* * *
Şöhrətin sevinci,
yaşın kədəri -
Tərs kimi ikisi bir vaxta
düşür.
* * *
Ürəyi söz kimi
düz nişan alan
Nə nizə
görmüşəm, nə tüfəng olub.
* * *
Gözümün ağı
sən, qarası torpaq,
Gör harda bükdülər
ağı qaraya.
* * *
Qaranlıq işıqdan
görünmür heç vaxt,
İşıq qaranlıqdan
görünür ancaq.
Nəriman Həsənzadə
yaradıcılığı geniş və rəngarəng
olduğundan bəzən onu necə təqdim etməkdə
çətinlik çəkirsən. Görkəmli şair,
yoxsa ləzif nasir, yaxud da dramaturq, ya bəlkə də gözəl
nəğmələr müəllifi? Nə heyif ki, Nəriman
Həsənzadə ömründə bircə dəfə nəsr
əsəri yazıb: "Nabat xalanın çörəyi".
Elə bu əsəri ilə də sübut edib ki, nəsrin
özünü şairanə yazmaq mümkündür. O əsəri
bu günlərdə bir də vərəqlədik. Bizə elə
gəlir ki, bu povestin özü də bir poeziya nümunəsidir.
Sadəcə, müəllif misraları yan-yana düzərək
bəzən də qafiyələri, hecaları bir-birinin
insafına tapşırıb: "Anamın üzünə
qonan qızartı şəfqət bacısının
qulağına nəsə pıçıldadı";
"İndi görürəm ki, hər yaşın öz gəncliyi
varmış. Hər yaşda insan sevə bilərmiş.
Yaşımın artıqlığı başıma
qaxınc olmasın. Bu, mənim günahım deyil. Dünyada ən
qiymətli xəzinəm sənsən". Adi sözlərdir,
amma bir-birləri ilə elə isti, səmimi qovuşublar ki,
sanki hansısa bir şeirin şah misralarıdır. Elə bu
gözəl, şirin dilinə görə də oxucular
"Nabat xalanın çörəyi" povestini üç
bəndlik qoşma kimi əzbər bilirdilər.
"Dünyada ən
böyük itki qadındı" yazan şairimiz bu
ağır dərdin nisgilini çox erkən yaşayıb.
Şehli gəncliyində anasını, sonra da öz
xanımını itirib. Təbii ki, yüz illik ömrün
içində yüz saat sevincin
mümkünsüzlüyü onu dərindən sarsıtsa da,
könül bağladığı qələmdən,
kağızdan ayrı sala bilməyib. Bu dərdlər onun
şeirlərində qəribə həzinliklə, ya bəlkə
də etirazla, üsyanla dil açıb.
Çöldə qalmaq olmur,
evdə yaşamaq,
Nə gedən yerim var, nə
qalan yerim.
Nəriman Həsənzadə
sözlə bir rəssam kimi məharətlə işləməyi
bacarır. O, sözlə elə şəkillər çəkir
ki, yaratdığı "tablolarda" ən çox
sözün rəngləri adi rənglərə meydan oxuyur.
"Vəfa Fətullayevanın tabutu önündə"
adlı bir şeiri var müəllifin. Hər dəfə onu
oxuyanda gözlərimiz önündə açılan mənzərədən
çox müəllifin sözün rənglərindən
istifadə etmək məharəti qarşısında heyrətlənirik:
Nigaran gözlərdə qəm
oxuyuram,
Qonubdu mənim də qəm
həyatıma.
Gəlib tabutuna
çiçək qoyuram,
Sənə gül verdiyim
düşür yadıma.
Bu təsirli
görüntü insanı elə tərpədir ki,
dünyasını vaxtsız dəyişmiş görkəmli
aktrisamızın sənət aləmi özünün
bütün əfsunu ilə xəyalımızda canlanır.
Nəriman Həsənzadə
uzun müddət Bakı Dövlət Universitetində müəllim
işləyib. Tərcümeyi-halının bir
parçası olan o günlərini Nəriman müəllim
ömrünün "qızıl dövrü" kimi qiymətləndirir.
Təkcə ona görə yox ki, gənclik illəri yada
düşür. Özü bu həqiqəti belə etiraf
edir: "Mən orada böyük yazıçı,
böyük alim Mir Cəlal Paşayevi gördüm. O, mənəvi
atam oldu. Mir Cəlal mənim üçün özü
ayrıca bir universitet idi". Bu sözləri Nəriman
müəllimin dilindən tez-tez eşitmək olar.
Maraqlıdır ki,
yazıçı Mir Cəlal 1964-cü ildə Nəriman Həsənzadənin
yaradıcılığı ilə bağlı
"Könlüm şeir istəyir" adlı kitabına
yazdığı ön sözdə deyirdi: "Nərimanın
şeirlərində bədii xitab, müraciət məqbul və
münasib bir üsuldur... Nəriman olduqca həssas bir
şairdir. O, bir qartalın uçuşunda, bir lalənin
duruşunda, bir körpənin baxışında bütün
Kainatı, ictimai aləmi və məna dolu həyatımızı
görmək istəyir".
Bu şair, əslində
haqq-sayı itirməyən, nabələd yollara
çıxmayan, könlündə təsəlli,
gözündə ülfət, içində çəkdiklərini
saçlarında büruzə verən, şöhrətin
felinə uymayan, həyat, təbiət, sevgi, sədaqət
haqqında əfsunlu misralar pıçıldayan,
bütün poeziyası ilə bizi bəzən də dərk
etmədiyimiz füsunkar bir aləmə seyrə
çağıran, nəcib duyğular və zəriflik
aşiqidir. O, biz nəslin gənclikdən üzü bəri ən
çox oxuduğu, sevdiyi şairlərdən biridir.
Poeziyasındakı "nostalgiya" indinin özündə də
bizim hər birimiz üçün ürəktərpədici
və təsirlidir. Bu şeirlərin qüdrəti bizi tez-tez əlçatmaz
günlərimizə çəkir. "Deyirlər,
tanış ol", "Fikir eləmə", "Yalan
de", "Yanına gəlmişəm",
"Nağıl" və sairə bu qəbildən olan
şeirləri oxumaqdan, əzbər söyləməkdən
doymazdıq. Bu poeziya çələngində nə sirr və
şirinlik varsa, onun cazibəsindən çıxmaq
mümkün deyil. Nəriman Həsənzadə şeirlərinin
duyğulara ələnən həzinliyində, lirikliyində
arzuların, sevgilərin ünvanı görünür.
Hər bir şairin oxucu
ürəyində öz yozumu olur. Eləcə də ədəbi
tənqidin şairlərə müxtəlif istiqamətlərdən
yanaşması və münasibəti var. Adətən
onların ünvanlarına qanadlanan fikirlərdə belə
sözləri tez-tez eşidirik. Vətəndaş şairdir;
istiqlal və azadlıq aşiqidir; fikir, məna, yaxud da məhəbbət
tərənnümçüsüdür və sairə.
Aparılan araşdırmalar və müşahidələr
göstərir ki, Nəriman Həsənzadə
yaradıcılığında bu məziyyətlərin
hamısı var. Amma bütün bunlarla yanaşı, Nəriman
Həsənzadəni həmkarlarından fərqləndirən
bir xüsusiyyəti diqqət çəkir. Onun
yaradıcılığı etiraflar poeziyasıdır. Və
bu poeziyanın hər ləçəyində şairin vətəndaşlıq
qayəsi aydın hiss olunur. Ötən əsrin 70-ci illərində
qələmindən çıxan aşağıdakı
misralara diqqət yetirək:
Bəlkə su
çıxsaydı yerin dibindən,
Ayaqlar altında qalmazdı vətən.
Neft mənim ölkəmə
fəlakət oldu,
Gəlmələr apardı,
kimsəsiz olduq,
Yandıran özgələr,
yanan biz olduq.
Qulaq gətirdilər kar olmaq
üçün,
Ağız gətirdilər
yumulmaq üçün.
Misal gətirdiyimiz bu bənd
"Nəriman" poemasındandır. Özü belə
söyləyir: "Bu poema ilk dəfə 1963-cü ildə "Çıraq
yanır" adı ilə "Azərbaycan" jurnalında,
sonrakı illərdə "Azərbaycan gəncləri"ndə
dərc edildi. "O zaman Nərimanovdan yazmaq, onun haqqında
danışmaq, bir növ, siyasi səhv sayılırdı.
Yadımdadır. Hörmətli bir yazıçımız mənə
dedi ki, neynirsən Nərimanı? Özünü işə
salırsan. Neft daşlarından bir poema yaz, ol laureat! Bu
sözləri deyən özü ciddi adam idi. Nəriman Nərimanovun
taleyi həqiqətən faciəli olub.
Sağlığında da, öləndən sonra da təqib
edilib. Elə onun haqqında yazanlar da az çəkməyiblər.
Mənim də başım bu əsərdən çox
çəkdi". Məhz o illərin
ağrı-acıları, xalqın fikir və duyğuları
Nəriman Həsənzadənin misralarında bir üsyan kimi
şahə qalxmışdı:
İllər yaman
tökdü qaşqabağını,
Qurtara bilmədik qəm ilə
yasdan.
Ancaq yüz illərdir
özgə bayrağını
Asdıq bayramlarda öz
qapımızdan.
Azərbaycan teatr sənətinin
inkişafında da bir dramaturq kimi Nəriman Həsənzadənin
özünəməxsus əməyi duyulmaqdadır.
"Bütün Şərq bilsin", "Pompeyin Qafqaza
yürüşü", "Atabəylər" kimi tarixi mənzum
pyesləri ölkənin müxtəlif teatrlarında uğurlu
səhnə həyatı alaraq tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanmışdır. Müəllifin
"Bütün Şərq bilsin" pyesi Moskvanın
V.Mayakovski adına Akademik Dövlət Teatrında da göstərilmiş
və yüksək qiymətləndirilmişdir. İstər
bir dramaturq, istərsə də şair kimi Nəriman Həsənzadənin
yaradıcılığı ilə bağlı Moskva, Berlin,
Tehran, Təbriz, Milan, Ankara, İstanbul mətbuatında
maraqlı yazılar dərc edilmişdir.
Əməkdar incəsənət xadimi, xalq şairi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Nəriman Həsənzadə həm də ədəbiyyatşünas-alimdir. O, bu gün də pedaqoji fəaliyyətini uğurla davam etdirir. Hazırda Milli Aviasiya Akademiyasında gələcək təyyarəçilərə dilimizin şirinliyindən mühazirələr oxuyur.
Bir fərəhi həmişə ürəklə bölüşürük ki, Nəriman Həsənzadə nə yazıbsa, nümunə səviyyəsinə qalxıb. O, yalnız bugünün şairi deyil. Yaradıcılığı Azərbaycan ədəbiyyatının saralıb-solmayan səhifələrinə çevrilib. Nəğmələrinin nəqaratı nəciblik, gözəllik, mərdlik, vətən sevgisi olan şairin şeirləri milli mənsubluğuna görə də dəyərlidir. Məhz soykökə bağlılıq, uzaqgörənlik, müdriklik şairin şeirlərində həmişə bahar çiçəyinə bənzəyir:
Yaxşı adamlara keşikçi qoyun,
Dağılar, çürüyər yoxsa cəmiyyət.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-19 fevral.- S. 7.