Azərbaycanın işğal altındakı bütün əraziləri azad olunmalıdır

 

Bu fikirləri Prezident İlham Əliyev "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində bildirmişdir

 

Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə milli dövlətçiliyimizin bünövrəsini təşkil etmiş, beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etmişdir.

Ulu öndər Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.

Əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 8 ildə həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə diqqəti cəlb edir. Rəsmi Bakı 2003-2010-cu illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa diqqət yetirmişdir. Prezident İlham Əliyev bu günlərdə "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində bildirmişdi: "Ümumiyyətlə, xarici siyasətdə bizim prioritetlərimiz kifayət qədər dəqiq ifadə edilmişdir. Biz istəyirik, çalışırıq ki, bütün ölkələrlə çox səmimi, rəvan, proqnozlaşdırıla bilən münasibətlərimiz olsun və hesab edirəm ki, buna nail olmuşuq. Biz etibarlı tərəfdaşlarıq. Biz özümüzü təmin edən ölkəyik və buna görə də hansısa beynəlxalq maliyyə mərkəzlərindən, yaxud siyasi mərkəzlərdən asılı deyilik. Bizim üçün əsas vəzifələrdən biri məhz iqtisadi müstəqilliyə nail olmaq idi. Biz buna enerji müstəqilliyi vasitəsilə nail olmuşuq".

Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi məkanından, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə hər bir konkret zaman və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

"Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlətimizin başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, dünyada əsas söz sahibi olan ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur.

Diplomatiyada dövlətlərin qeyri-rəsmi olaraq "diktə edən" və "diktə olunan"lar bölgüsü əsasında təsnifatlandırılması hazırda obyektiv reallıq kimi diqqəti çəkir. Uzağa getməyək, bu gün təcavüzkar hərəkəti ilə regionda militarist siyasət yeridən, özünü faydalı əməkdaşlıq təşəbbüslərindən, enerji-kommunikasiya layihələrindən təcrid edən Ermənistanın "for-post" dövlət olduğu heç kimə sirr deyildir. Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan bu gün tam müstəqil daxili və xarici siyasət yeridərək "güclü dövlət - müstəqil siyasət" prinsipini rəhbər tutur. Hansısa mərhələdə rəsmi Bakıya təsir göstərməyə çalışan, hegemonluq iddiasında olan dövlətlər də artıq bunun mənasızlığını dərk edərək respublikamızla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər.

Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Belə bir vəziyyət isə müdafiə məsələlərinə diqqətin artırılmasını tələb edir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun da miqyası genişlənəcəkdir. Azərbaycanda, eyni zamanda, ordumuz üçün lazım olan avadanlığın, silah-sursatın istehsalı üçün də böyük işlər görülür. Müdafiə Sənayesi Nazirliyinin son illərdə bu istiqamətdə uğurlu fəaliyyəti deyilənlərə əyani misaldır.

Son illərdə dövlət rəhbərinin apardığı danışıqlar, nümayiş etdirdiyi mövqe, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan olduqca effektiv olmuş, eyni zamanda, münaqişənin həll edilməsi ilə bağlı olaraq aparılan danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü də təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Avropa Şurası, Avropa Birliyi, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmiş BMT problemin həllində ərazi toxunulmazlığı prinsipini önə çəkmişdir. Son illər danışıqlar prosesi Madrid prinsipləri əsasında aparılır. Madrid prinsipləri əsasında tərəflərə təqdim edilmiş yeniləşmiş təkliflər demək olar ki, məsələnin həlli üçün əsas yarada bilər. Prezident İlham Əliyev "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində ölkəmizin tutduğu prinsipial mövqeyi bir daha bəyan etmişdir: "Danışıqlar prosesinin indiki raundu və ya indiki mərhələsi Madrid prinsipləri deyilən prinsiplər, onların yeniləşmiş variantı əsasında aparılır. Bu varianta görə, hazırda Dağlıq Qarabağda yaşayan və oraya qayıdacaq insanların özünüidarə hüququları təmin edilir, Azərbaycanın işğal altındakı bütün ərazilərinin azad olunması, azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin qaydaya salınması, eləcə də təhlükəsizliyə zəmanət təmin edilir. İndi danışıqlar masası üzərindəki format bundan ibarətdir. Əlbəttə, burada müəyyən məqamlar vardır, lakin qlobal mənada söhbət bu prinsiplərdən gedir. Əgər bunlar təmin edilərsə, əlbəttə, lap yaxın vaxtlarda biz irəliləyiş barədə danışa bilərik. Əks halda, regionda vəziyyətin sonrakı inkişafı müxtəlif ssenarilər üzrə gedə bilər".

 

 

Azərbaycan.- 2011.-20 fevral.- S. 1.