Xocalı soyqırımı
qurbanlarının xatirəsi Xarkovda da
anılmışdır
AzərTAc xəbər verir ki, İslam Konfransı Gənclər Forumu (İKGF), Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) və Xarkov Azərbaycanlılar Konqresinin (XAK) təşkilatçılığı ilə Xarkovda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı toplantı keçirilmişdir.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilmiş toplantıda Xarkov rəsmiləri, Azərbaycan diasporunun fəalları, KİV-lərin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə mərasim iştirakçıları 1992-ci ildə döyüş bölgəsindən dinc əhalini çıxararkən Qarabağ səmasında vertolyotun ermənilər tərəfindən partladılması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkovdakı xatirə lövhəsinin önünə tər çiçəklər qoymuşlar.
Anma mərasimində XAK-ın sədri Qurban Abbasov 19 il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşilikləri son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş işğalçılıq və soyqırımı siyasətinin məntiqi davamı kimi qiymətləndirmişdir.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı soyqırımı" filmi də göstərilmişdir.
Gürcü diasporunun sədri Zurab Kiviya, Türk Milli Birliyinin sədri İrfan Gəbəci, Xarkov vilayətinin rəsmiləri və başqaları Xocalıda törədilmiş hadisələrin insanlığa qarşı bəşəri bir cinayət olduğunu vurğulamış, dünya birliyini və beynəlxalq təşkilatları buna hüquqi-siyasi qiymət verməyə çağırmışlar.
UAGB-nin baş katibi Ayaz Salmanov, Birliyin Xarkov təşkilatının sədri Afiyəddin Balakişiyev və başqaları Ukraynada yaşayan Azərbaycan gənclərinin "Xocalıya ədalət" kampaniyasına qoşulduğunu, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların gördükləri işləri xüsusi vurğulamışlar.
İKGF-nin və
UAGB-nin təşəbbüsü ilə Ukraynada elan
olunmuş "Xocalı ayı" fevralın sonunadək bir
sıra tədbirlər ilə davam edəcəkdir.
Azərbaycan.- 2011.-20 fevral.- S. 7.