Mənəvi dəyərlərin
daşıyıcısı
Hər bir dilin özünəməxsus qanunları var. Dil də məhz bu qanunlar çərçivəsində yaşayır. Dil insan ruhunu, fikirlərini və hisslərini bəyan edir. Dil sadəcə olaraq, əlaqə və ünsiyyət vasitəsi deyil. Əgər belə olsaydı, Yer kürəsi üzərində yaşayan bütün insanlar üçün sadəcə bir dilin mövcud olması kifayət edərdi. Dil, eyni zamanda tarix, əfsanə, şeir, sənət və ədəbiyyat yaradır.
Hər kəs dili ilə nə düşündüyünü ifadə edir, ünsiyyət qurur... İnsanın həyatında dilin önəmi çox böyükdü. Bir çin filosofundan soruşmuşdular: "Bir məmləkəti idarə etməyə çağrılsaydınız, edəcəyiniz ilk iş nə olardı?" Filosof cavab verir: "Heç şübhəsiz ki, dili gözdən keçirməklə işə başlardım. Dil qüsurlu olsa, kəlmələr fikri yaxşı çatdırmaz. Fikir də yaxşı çatdırılmazsa, ediləsi gərəkli şeylər doğru olmaz. Vəzifələr olduğu kimi icra edilməzsə, mədəniyyət pozular. Mədəniyyət pozularsa, ədalət də doğru olmayan yolla gedər. Ədalət yoldan çıxarsa, fikir ayrılığı içinə düşən xalq nə edəcəyini bilməz. Dil keçmiş və gələcək xalqların mədəniyyəti arasında bir körpüdür. Körpü yıxılarsa da, xalq yox olmağa məhkumdu. Heç bir şey dil qədər önəmli deyil".
Həqiqətən də dilin əbədi yaşaması üçün onu dəyərləndirən, qoruyan, zənginləşdirən sivil cəmiyyətin olması mühüm şərtdir. İnsan onunla insanlığı tərənnüm edir, elmdən bəhrələnir, gələcək nəsillər arasında yaşayır, ənənələri ötürür...
Dil siyasətinin ən humanist və ya mədəni forması dil quruculuğudur ki, burada siyasi iradə ilə yanaşı, elmi-mədəni təşkilatçılıq da öz rolunu oynayır. Bu konteksdə bir mühüm məqama diqqət yetirək. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə belə Azərbaycan dilinin məişət və ədəbiyyat səviyyəsindən dövlət dili səviyyəsinə qaldırmaq sahəsində ardıcıl fəaliyyət göstərir və eyni zamanda bununla kifayətlənmirdi. Şəxsi nümunəsi ilə dilimizin nufuzunu artırır, onun elmi əsaslarla öyrənilməsinə və geniş yayılmasına stimul yaradırdı. Ulu öndər Azərbaycan dilində sərrast və gözəl danışır, ziyalıların və ictimaiyyətin diqqətini ana dilimizin inkişafına yönəldirdi. Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, millətin formalaşmasında ilk növbədə, dilin dövlət səviyyəsində mövcud olması vacib amillərdəndir. Məqsədyönlü fəaliyyəti sayəsində 1978-ci ildə Azərbaycan Sovet Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunu təsdiq edən maddənin qəbul edilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyev həmin dövrü belə xatırlayırdı: "Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxtlar mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu Azərbaycan Konstitusiyasında yazmalıyıq və yazacağıq".
Ulu öndərin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dili, sözün həqiqi mənasında, dövlətlərarası münasibətlərin, siyasi dialoqların və diplomatik danışıqların dilinə çevrildi. Müstəqil Azərbaycan Respublikasının qurulması ilə Azərbaycan dilinin təkmilləşdirilməsində mühüm işlər həyata keçirildi. Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında qanun qəbul edildi. Qanuna əsasən, dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, dilin işlənməsinə müqavimət göstərmək qadağandı. Azərbaycan Respublikasının ərazisindəki kütləvi informasiya vasitələri və bütün qurumlar Azərbaycan dilinin normalarına riayət etməlidirlər. Təəssüflər olsun ki, bəzi televiziya və radio verilişlərində hələ də ana dilinin normalarına tam əməl olunmur. Verilişlərdə əcnəbi sözlərdən istifadə edilərək dilin norma və qanunları pozulur, bu zaman Azərbaycan dilinin incəliklərinə xələl gətirilir. Bu qüsurları xarici filmlərin, reklamların dublyajlarında da görmək olar. Bu cür hallar yerli telekanalların istehsal etdiyi teleməhsullarda da özünü göstərir. Televiziya aparıcılarının diksiyalarında qüsurlara, Azərbaycan dilinin qrammatikasına uyğun olmayan vurğulara rast gəlinir. Dilin bütün qanunlarına əməl edilməsi vacibdir. Çünki dil xalqın mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin daşıyıcısıdır.
Ülviyyə VAHİDQIZI
Azərbaycan.- 2011.-20 fevral.- S., 7.