Polad Bülbüloğluna Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının fəxri akademiki adı verilmişdir

 

Tanınmış mədəniyyət xadimi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluna Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının fəxri akademiki adı verilmişdir.

Fəxri akademik diplomlarının təqdimat mərasimi Beynəlxalq İctimai Elmlər Akademiyasının, Beynəlxalq Mesenatlıq Akademiyasının və Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının Birinci birgə qurultayı çərçivəsində keçirilmişdir.

Azərbaycan səfirinə Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının "Mədəniyyətə töhfəsinə görə" ordeninin döş nişanı və Vətənin Şöhrəti Meydanında ucaldılmış "Yaxşılıq dünyası" adlı heykəltəraşlıq kompozisiyasının aşağı hissəsindəki xatirə lövhəsinə onun adının yazılması barədə sertifikat da təqdim edilmişdir. Sertifikatda göstərilir ki, Polad Bülbüloğlunun adı həmin xatirə lövhəsinə "beynəlxalq miqyaslı xeyriyyəçilik, mədəni və humanitar layihələrin dəstəklənməsinə görə dərin təşəkkür əlaməti olaraq" daxil edilmişdir.

Polad Bülbüloğlu onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə dərin təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu hadisə həm də ölkəmizin, onun mədəniyyətinin və incəsənətinin uğurlarının etiraf edilməsi əlamətidir. Diplomat demişdir: "Mən çox şadam ki, təltif edilənlər - bir sıra ölkələrin səfirləri, görkəmli ictimai və mədəniyyət xadimləri arasında bizim ölkənin səfirinin də adı vardır. Bu, nüfuzlu beynəlxalq akademiyadır, dünya miqyaslı ictimai hərəkatdır, buna görə də onun sıralarında olmaq çox mühüm və şərəfli missiyadır".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-20 fevral.- S. 8.