AŞ PA-nın sədri erməniləri ədalətli olmağa çağırmışdır

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu erməni siyasətçilərinin və jurnalistlərinin yalançı rəylərinə etirazını bildirmişdir.

AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Londonda səfərdə olmuş AŞ PA-nın sədri ermənilərin "Dağlıq Qarabağ üzrə alt komitənin Türkiyə layihəsi əsasında hazırlanmışdır" kimi yalançı rəylərinə etirazını ifadə edərək onları ədalətli olmağa çağırmışdır.

AŞ PA-nın sədri demişdir: "Mən erməni siyasətçilərinə və media nümayəndələrinə üzümü tutub ədalətli olmağa, ictimai rəyi aldatmamağa səsləyirəm. Əgər mənim yerimdə hansısa bir başqası olsa idi, o da obyektiv və doğru olanı edərdi".

M.Çavuşoğlu vurğulamışdır ki, erməni tərəfi AŞ PA-nın alt komitəsində bir nəfər də olsun türk tapa bilməz. Çünki bu komitə mənim təşəbbüsümlə deyil, məndən əvvəl yaradılmışdır. Maraqlısı isə budur ki, komitənin yaradılması ilə bağlı Ermənistandan başqa şikayət edən yoxdur.

 

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 2.