Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bir neçə ölkə ilə ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalamışdır

 

Xəbər verdiyimiz kimi, fevralın 20-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində "IDEX-2011" Beynəlxalq Müdafiə Sərgisinin açılışı olmuşdur.

Mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.

Dünyanın 70 ölkəsindən 1050-dən çox şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 71 adda müdafiə təyinatlı məmulatla təmsil olunur. Sərginin ilk günündən etibarən Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayiş etdirdiyi məmulatlar sərgidə iştirak edən ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır.

MSN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərgi zamanı nazir Yavər Camalov digər ölkələrin stendləri ilə yaxından tanış olmuş və bir neçə ölkənin nümayəndə heyətinin başçıları ilə görüşmüşdür. Görüşlərdə ikitərəfli əməkdaşlığa dair niyyət protokolları imzalanmışdır.

 

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 3.