Azərbaycan - 2011:
praqmatik siyasətin real qələbələri
"Biz
bütün ölkələrlə yalnız
qarşılıqlı maraqlar və hörmət əsasında
bərabərhüquqlu münasibətlər qururuq. Biz Azərbaycan
xalqının dəstəyinə arxalanırıq və bu dəstək
Prezident kimi mənə xarici siyasəti müstəqil şəkildə
aparmaq üçün əlavə güc verir. Mən məhz
buna arxalanıb müstəqil siyasət aparıram".
İlham Əliyev
Xarici siyasətdə dəyişməyən təməl prinsiplərlə yanaşı, mövcud siyasi reallığın diktə etdiyi dəyişən prioritetlər də vardır. Dünya birliyinin müstəqil siyasi subyekti kimi Azərbaycan dövləti öz xarici siyasətini milli maraqlar, beynəlxalq hüquq normaları, demokratiya və bazar iqtisadiyyatı kimi dəyişməyən prinsiplərə əsaslanaraq həyata keçirir. Ən vacib məsələ isə reallığın strateji duyumu hissinə malik olan liderin bu prioritetləri düzgün sezməsi, milli maraqların təmin edilməsinin yeni resursları və metodlarını, mexanizmlərini irəli sürməsidir. Yalnız bu halda xarici siyasətin mövcud sarsılmaz təməlləri üzərində uğurların davam etdirilməsi və dövlətin möhkəmlənməsi prosesi dönməz xarakter alır.
Xarici siyasət dövlətin inkişafı üçün maksimum beynəlxalq əlverişli mühitin təmin olunmasına xidmət edən strateji resursdur. Adətən, bu resurs həmin məqsədlə istifadə edilmədikdə, fərqli iddiaların razı salınması naminə daxili resursların kənar diktəyə uyğun olaraq sərf edilməsi kimi arzuolunmaz vəziyyət baş verir. Azərbaycan məhz birinci mənada başa düşülən siyasəti ilə dünyada etiraf edilən nailiyyətlər qazanmışdır. Bu günə nəzər saldıqda, ümummilli problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə bütün resursların cəlb edildiyi xarici siyasətin hansı yeni konseptual xüsusiyyətlərinin olması, konkret hansı nəticələr verməsi diqqət mərkəzində olmalıdır. Çünki yalnız bu halda həmin nəticələrin qarşıdakı illər üçün yaratdığı əsas aşkara çıxır.
Dövlətin bütün tarixi mərhələlərdə həll etdiyi vəzifələr eyni zamanda xarici siyasət prioritetlərinin dinamikasını şərtləndirir. Müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq münasibətlərin suveren subyekti statusunda müasir tarixə qədəm qoydu. Növbəti mərhələdə dövlətimiz tarixən mövcud olduğu, lakin obyektiv səbəblər üzündən uzun müddət həlledici aktor kimi "yox" olduğu geosiyasi səhnəyə beynəlxalq münasibətlər sisteminin regional lideri qismində qayıtdı. Bu proseslər işğal və təcavüz kimi hər bir dövlət üçün ən ağır sınaq olan problemlərlə paralel getdi. 23 ildir Azərbaycan ərazi bütövlüyünü təmin etmək və növbəti yüksəliş mərhələsinə keçmək üçün daim imkanlarını cəmləşdirir, ilk növbədə iqtisadi rifah məsələlərinə böyük önəm verir. İnkişaf etmiş ölkələrin təcrübəsi isə bunun sınanmış yol olduğunu göstərir.
İnkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda aparılan irimiqyaslı islahatlar, dövlətimizin xarici identiklik vektorlarının dəyişməsi, yeniləşməsi prosesləri ilə paralel getmişdir. 2008-ci ildə Prezident İlham Əliyev inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağı xarici siyasətin prioritetləri sırasına daxil etmişdir. İqtisadiyyatda keçid dövrünün bitməsi, milli maraqları təmin edən və xarici siyasətin güvənə bildiyi qüdrətli daxili baza buna imkan verir. Prezident tərəfindən irəli sürülən "Güclü dövlət, yüksək rifah" kimi yeni vəzifənin həyata kecirilməsi Azərbaycanda daxili və xarici siyasətin yeni əsaslar üzərində inkişafını nəzərdə tutur. Prezidentin bəyan etdiyi "qara qızılın intellektual qızıla cevrilməsi" tezisinə əsasən, əvvəlki maddi resurs baza, intellektual kapital, ideya və innovasiya resursları ilə əvəzlənir.
Müasir dünyada texnoloji tərəqqiyə yalnız ayrıca götürülmüş bir ölkənin gücü sayəsində nail olmaq mümkün deyildir. Buna görə də Azərbaycanın inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğun modernləşməsi üçün siyasi resursları hərəkətə gətirilmişdir. Hərbi-siyasi alyanslara analoji olaraq, müasir dövrün texnoloji-innovasiya alyanslarının təşkili Azərbaycan üçün ön sırada duran məsələlərdəndir. Bu baxımdan Azərbaycanın daxili resursları çox böyükdür: iqtisadi inkişafın lideri olan ölkə imici, mükəmməl investisiya mühiti, xarici sərmayələr, qeyri-neft sahəsinin potensialı.
Qarabağ məsələsi:
regional təhlükəsizliyə təhdid
Bütün ölkələrlə sülhsevər münasibətlərin tərəfdarı olan Azərbaycan bu siyasətini ərazi bütövlüyünün pozulduğu müharibə vəziyyətində həyata keçirir. Başqa ölkələrlə müqayisədə, hər bir uğur iki-üç qat çətin şərtlərlə qazanılır və deməli, onların dəyəri də iki-üç dəfə artıqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin həm hüquqi, həm də siyasi baxımdan yeganə yol olduğu dünya birliyi tərəfindən qəbul edilmiş fikirdir. Azərbaycan torpaqlarının işğalı dalğasında hakimiyyətə gələn Ermənistan iqtidarı münaqişənin davam etməsinə, status-kvonun saxlanılmasına özünün hakimiyyətdə qalmasının təminatı kimi baxır. Münaqişənin həllini isə öz hakimiyyətini itirmək üçün ən böyük təhlükə hesab edən Ermənistan iqtidarının cinayətkar siyasəti nəticəsində bu ölkənin düşdüyü vəziyyət artıq onu heç bir şərt irəli sürə bilməyəcək duruma salıb.
Status-kvonun dəyişməyəcəyi şəraitdə Azərbaycanın öz hərbi büdcəsini 3 milyard dollardan cox artırması tamamilə anlaşılandır və Azərbaycan sülh yoluna alternativ haqqında daim və ciddi şəkildə düşünür. Bu, Azərbaycanın təbii hüququdur və heç bir qüvvə onun qarşısını ala bilməz. 2010-cu ildə Azərbaycanın milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi kimi ölkənin daxili və xarici (hərbi və digər) təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyən edən sənəd - Azərbaycanın hərbi doktrinasının ilk dəfə qəbul edilməsi bu istiqamətdə aparılan məqsədəuyğun siyasətdən xəbər verir. Münaqişənin həllində həqiqətən maraqlı olan qüvvələr üçün nəticə deyil, sadəcə proses maraqlıdırsa, Azərbaycan artıq bunu qəbul etmir. Danışıqların imitasiya olmamasının göstəricisi yalnız işğalçının beynəlxalq ictimaiyyəti saya salmayan mövqeyindən əl çəkməsi, onu Azərbaycan torpaqlarından çıxmağa vadar edən tədbirlərin görülməsi ola bilər. Nəticəsiz proses Azərbaycanın praqmatik siyasətinə ziddir. Çünki "praqma" - konkret nəticə, iş deməkdir. Təəssüflər olsun ki, beynəlxalq birlik status-kvonun sonsuzadək davam edə bilməyəcəyini hələ də tam dərk etmir.
Eyni zamanda, ötən illər vaxtın Azərbaycanın xeyrinə işlədiyini göstərdi. Ermənistan isə bu müddətdə işğalçı ölkə adına yeni - iflas edən və gələcəkdən məhrum ölkə imicini əlavə etdi. Təbii ki, Azərbaycan mənfi ssenarilərin arzusunda deyil, münaqişənin həllinin alternativ yolunun gündəliyə gəlməsini təsadüfi hesab etmir. Lakin digər tərəfdən, həm Azərbaycan üçün, həm region, həm də dünya üçün vəziyyətin olduğu kimi qalmasından daha təhlükəli ssenari yoxdur. Münaqişənin həllində uzadılan hər yeni gün böyük itki kimi başa düşülməlidir. Təbii ki, dünyada qlobal təhlükəsizliyin təmin olunmasında özünəməxsus məsuliyyət daşıyan və bunu daim bəyan edən qlobal güclər var və məhz buna görə də Azərbaycan regionda münaqişələrin həllinə yönələn məsələlərdə bu ölkələrdən daha qətiyyətli qərarlar gözləyir. Mövcud status-kvonun qalması, yaxud onun milli maraqlarımıza zidd şəkildə dəyişdirilməsi Azərbaycanın beynəlxalq birliyə və vasitəçilərə inamının itməsi, ən pis halda isə bölgədəki gərginliyin artması kimi təhdidlər doğura bilər.
Beynəlxalq münasibətlərin ritmi çox sürətlidir. Biz ən yaxın gələcəkdə hansı dünyada yaşayacağımızı, hansı yeni münaqişə ocaqlarının yaranacağını əminliklə deyə bilmərik. Proseslərin ağlagəlməz sürəti siyasi qərarlar qəbuluna da təsir göstərir. Məhz buna görə də ilk növbədə uzun sürən münaqişələrin həlli barədə qərarlar verilməlidir ki, onlar "ağır yük" kimi sonrakı tarixə və nəsillərə miras qalmasın.
Əsas məsələ odur ki, artıq qarşı tərəfin mövqelərin yaxınlaşdırılması, hətta konkret addımlar atılması üçün çox az vaxtı var və o, bu vaxtdan maksimum dərəcədə ağılla istifadə etməlidir. Münaqişənin həlli tarixində mövcud status-kvonun saxlanması səhifəsi artıq çevrilməlidir. Hay-küylü bəyanatlar deyil, reallaşdırılan nəhəng iqtisadi layihələr Azərbaycanın gələcəyindən xəbər verir. Bu layihələrin hamısı beynəlxalq strateji əhəmiyyət daşıyır və Ermənistanın istənilən cəhdlərinin məhdudlaşdırılmasına hesablanmışdır. Ermənistanın seçim etmək imkanlarının dairəsi sürətlə daralır. Hələlik isə Azərbaycan münaqişənin ədalətli həlli üçün bəzi konfiqurasiya dəyişikliklərinə getməyə hazırdır. Münaqişənin dinc yola həllinə olan ümidlər doğrulmasa, peşmançılıq çəkən qarşı tərəf olacaqdır.
Geosiyasətin geoiqtisadiləşməsi
Milli sərvətimiz olan enerji daşıyıcılarının dünya bazarına cıxarılması Azərbaycan siyasətinin prioritet məsələlərindəndir. Azərbaycanda 1994-cü ildən bəri davam edən neft strategiyasının yeni - şaxələndirmə prinsipi ilə davam etdirilməsi real nəticələrini vermiş, ölkəmiz özünəməxsus "geosiyasi immunitet" qazanmışdır. Enerji daşıyıcılarına malik ölkələrin heç də hamısı buna nail ola bilməmişdir. Ölkəmiz üçün bu məsələnin iki əsas istiqaməti önəmlidir: əvvəla, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi onun şaxələndirilməsini nəzərdə tutur; ikincisi, Azərbaycanın geosiyasi mövqeyi onun bu proseslərin lideri olmasına obyektiv imkan yaradır. Enerji siyasəti iqtisadi diplomatiya çərçivəsində Azərbaycanın milli maraqlarına xidmət edən maksimum xarici və daxili şəraitin yaradılmasını təmin edir. Artıq Azərbaycan regionda lider dövlətdir və "güclər tarazlığı"nın yeni konfiqurasiyasının formalaşmasına təsir edən bir amildir. "Ümid" qaz yatağının kəşfi ilə Azərbaycan dünya qaz bazarında əhəmiyyətini artırmış, onun enerji siyasətini daha fəal və daha əminliklə aparmasına əsas vermişdir.
Son illər Cənubi Qafqaz bölgədə siyasi-iqtisadi, resurslar, nəqliyyat-enerji marşrutları və mövcud münaqişələrin həlli üzərində nəzarət uğrunda kəskin geosiyasi qarşıdurma məkanına çevrilmişdir. Azərbaycan regional vəziyyətin təhlükəli çağırışlarına təmkinli reaksiya verərək, dövlətlərarası hərbi-siyasi, iqtisadi-enerji maraqlarının rəqabətində baş verən ziddiyyətli məqamlardan bəhrələnərək manevrlər edir. Enerji siyasətimizin milli maraqlara hədəflənmiş istiqamətini əngəlləmək, geosiyasi konfiqurasiyanı "hərənin özü üçün" sərfəli şəklə salmaq cəhdləri də az deyildir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan birinə çevrilmişdir. 2011-2012-ci illərdə Rusiyanın Azərbaycandan alacaq qazın həcminin artırılması haqqında sazişlər imzalanmışdır. Üstəlik, regionda açar aktor olan Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit zonadır. Bu baxımdan regionda sülhün bərqərar olması son dərəcə vacib məsələdir. Siyasi və iqtisadi potensialına görə bölgənin "ağır çəkili" aktoru statusunu qazanan Azərbaycan xüsusilə qlobal enerji resursları və enerji təhlükəsizliyi siyasətinin uzunmüddətli dövr üçün konseptual əsaslarının hazırlanmasında fəal təşəbbüsçüdür.
Çoxqütblü dünya
nizamına doğru
Beynəlxalq münasibətlərdə çoxqütblü sistemin formalaşması meyillərinin fəallaşması, mövcud dünya nizamının yeni - əməkdaşlığa və anlaşmaya əsaslanan paradiqmaya keçidi hiss olunur. Lakin nikbinlik üçün ən böyük maneə dəyişiklikləri başa düşməyən dövlətlərin siyasətidir. Keçmişdən gələcəyə qətiyyətlə irəliləməkdən qorxanlar, bunu istəməyənlər var.
Dünyanın əksər ölkələri xarici siyasət maraqlarını yerləşdiyi coğrafiyada daha həssaslıqla həyata keçirir. Yaxın əhatədə milli maraqlar emosional, yaxud konyunktur təsəvvürlərdən irəli gəlməyib, obyektiv tarixi-siyasi, coğrafi, iqtisadi, mədəni və s. qonşuluq amilləri ilə şərtlənmişdir. Qonşularla münasibətlər Azərbaycan üçün həmişə önəmli olmuşdur. Öz növbəsində, Azərbaycanın da dost və qonşularına daim göstərdiyi səmimiyyəti simmetrik şəkildə hiss etməyə haqqı var. Çünki dövlətlərarası münasibətlər və sıx əməkdaşlıq bərabərhüquqlu, səmimi və açıq münasibətlərə əsaslanır. Bu amil formalaşan coxqütblü yeni dünya nizamının əsas prinsipidir.
"Əqli güc" nizamı
2010-cu il Ümumdünya İnformasiya Magistralının rəqəmsal hüdudlardan çıxaraq, siyasi və iqtisadi gerçəkliyə çevrildiyini daha qabarıq göstərdi. Onun coğrafi və iqtisadi məkana bağlı olan ənənəvi və yeni geosiyasətin məhdudluğunu aradan qaldırması bu sahədəki bir çox nəzəriyyələri artıq köhnəldir. Müasir informasiya texnologiyaları Böyük İpək yolunun bənzəri olan Böyük İnformasiya Magistralı formalaşdırıb və onun hüdudlarından kənarda qalmaq milli maraqlar üçün təhlükəlidir. Müasir dövrdə xarici siyasət iqtisadi hökmranlıq, maliyyə hökmranlığı iddialarından önə keçməyə cəhd edən informasiya hökmranlığı iddialarını dəf etməli olur. "Ənənəvi təsəvvürlərə görə, daha böyük ordusu olan dövlət qalib gəlir. İnformasiya əsrində informasiya ordusu böyük olanlar qalib gələcək" (C.Nay).
Müasir
dünyada layiqli yerini tutmaq istəyən heç bir dövlət
demokratik dəyərlərə söykənmədən irəliləyə
bilməz. Azərbaycan bu istiqaməti seçərək, onun
reallaşmasına xeyli vaxt və qüvvə sərf
etmişdir. Universal demokratik dəyərlərə aparan yol isə
milli tarixi-siyasi məkandan keçir. Demokratiyanın təkamülü
ən əvvəl sabitlik, sülh şəraitində
mümkündür. Lakin müasir
dünyada demokratiya və təhlükəsizliyin, azadlıq və
təhlükəsizliyin münasibətləri, daha doğrusu,
onların bir-birinə dəxli olmayan fenomenlər kimi təhlili
dəbə çevrilmişdir. Bu isə, əlbəttə
ki, paradoksal vəziyyətdir.
Dialoq və əməkdaşlıq məkanı
Azərbaycan
regionda və dünyada qarşılıqlı dialoq və əməkdaşlıq
məkanının yaranmasına çalışır. Yerləşdiyimiz
coğrafiya və tariximiz ölkəmizin çoxmilli,
çoxkonfessiyalı inkişafını şərtləndirmişdir.
Faktiki olaraq, Azərbaycan Şərqin və Qərbin
dialoqu üçün hazırda kəskin ehtiyac duyulan dialoq
tribunasına çevrilmişdir və bunun intensivləşdirilməsi
bütün tərəflər üçün maraqlı
olmalıdır. Azərbaycan öz xarici
siyasətində Şərqlə Qərb arasında
tarazlı və çoxşaxəli, praqmatik siyasətini
reallaşdırmaqda davam edir.
Azərbaycan
üçün tarazlı xarici siyasət bütün xarici
siyasət istiqamətlərinin eyni dərəcədə əhəmiyyətli
olduğunu, eyni zamanda, xüsusilə prioritet sayılan məsələlərə
daha çox önəm verildiyini ifadə edən
yanaşmadır. Çoxşaxəlilik kiminsə istəyi
deyil, müstəqil dövlətin coğrafi mövqeyinin, yeni
geosiyasi - Cənubi Qafqaz reallığının, beynəlxalq
çağırışlara adekvat cavabların
formalaşmasının obyektiv məntiqi yekunudur. Müasir dövlətin mövqelərinə beynəlxalq
aktorların birbaşa, yaxud dolayısı ilə təsir
göstərməsi heç kimə sirr deyildir. Məsələ bu təsirin dərəcəsinin,
kanalları və mexanizmlərinin hansı məntiqi həddə
qədər irəliləməsindədir. Beynəlxalq siyasət məkanının şahmat
taxtasına bənzədilməsi analogiyasını
(Z.Bjezinski) yada salsaq, çoxqütblü dünyada müstəqil
dövlət dünyanın 100-dən çox ölkəsi ilə
eyni vaxtda "oyun seansı" keçirən vəziyyətdə
olur.
Ən məqbul yol
Qazanılan
tarixi təcrübə çeviklik, konstruktivizm, kompromislərə
hazır olmaq, dəyişikliklərə uyğun daim yeni
yanaşma və təşəbbüslər kimi xüsusiyyətlərlə
zənginləşdirilir. Məhz bu siyasət Azərbaycana
artıq öz milli maraqlarını daha əminliklə
müdafiə etməyə və qeyri-məqbul şərtləri
nəzərə almamağa imkan yaradır. Azərbaycan
xarici siyasi identikliyini müəyyənləşdirərək,
bəzi dövlətlər kimi nə sırf Qərbyönlü,
nə sırf Şərqyönlü, nə də
"böyük qardaş" axtarışları kimi istiqamətlərlə
məhdudlaşmayaraq, özünü təmin edən dövlət
kimi müstəqil siyasi qərarlar vermək imkanlarını
hədsiz genişləndirmişdir.
Bəzən təhlilçilər
bunu paradoksal siyasət adlandırırlar. Regionun dünya geosiyasəti
üçün əhəmiyyətinin artmasını nəzərə
alaraq tərəfdaşları "dost, yaxud düşmən"
olanlara bölməklə mövqeyini dəqiqləşdirməyi
təklif edirlər. Azərbaycan bu mövqeləri
qəbul etmir. Proseslərə milli maraqlar
və beynəlxalq münasibətlərin qlobal inkişaf
meyillərini nəzərə almaqla yanaşan Azərbaycan
üçün hazırkı yol ən məqbul yoldur.
Azərbaycanın
siyasətini güclü edən xalqın dəstəyi, daxili
qüdrəti və praqmatiklikdir. Həqiqi
çoxqütblülük, sadəcə, çoxlu
aktorların mexaniki cəmi demək deyil, problemlərin,
münaqişələrin həlli üçün ortaq səylər,
ümumi məsuliyyət və birgə qərarlar qəbul
edilməsi deməkdir.
Praqmatizm konkret
nəticələr əldə etmək üçün
reallıq hissini və siyasi iradə tələb edir. Milli maraqlar məsələsində
Azərbaycan heç nəyi güzəştə getmir.
İqtisadiyyatda və siyasətdə şaxələndirmə
prinsipini irəli sürən Azərbaycan uğurlarına tam əmin
olmadığı layihə və proqramlarda iştirak etmir,
öz müsbət alternativlərini təklif edir. Əgər tərəfdaşlar həmin alternativlərə
hazır deyilsə, bu, Azərbaycanın günahı deyildir.
Biz heç bir ölkənin maraqlarına
toxunmuruq, problem yaratmırıq, əksinə, Azərbaycan
üçün problemlər yaratmış və yaratmaq istəyən
dövlətlər var. Azərbaycana qarşı haqsız
iddialar, bizim isə haqlı gözləntilərimiz var.
Prezident
İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanda
aparılan xarici siyasət üçün səciyyəvi
xüsusiyyətə çevrilən operativ, çevik
düşüncə tərzi ekspertlərin diqqətini cəlb
edir. Bəzən deyirlər ki, Azərbaycanın xarici
siyasət davranışı çox çevik, sürətli
dəyişir. Bunu söyləyənlər
əhatəmizdəki siyasi reallığın dəyişmə
sürətini, yəqin ki, sezə bilməyənlərdir.
Azərbaycan reallığı
ideallaşdırmaqdan uzaqdır. Biz
yaxşı başa düşürük ki, qlobal güclərin
geosiyasi maraqlar "kəlbətini" arasında yerləşirik.
Siyasətimizi çevik qurmağa sövq edən
də bu reallıqdır.
Bu o deməkdir
ki, Azərbaycan keçmiş siyasi mentalitetin diktə etdiyi
şovinizm ideyalarının sərsəm təbliğatı
ilə deyil, xarici siyasətlə məşğuldur.
Yeni xarici siyasət
xəttinin qlobal maliyyə böhranından
alnıaçıq çıxması onun keyfiyyətini,
ciddi düşünülmüş, həqiqətən də
müstəqil bir xətt olduğunu göstərir. Müstəqil
xarici siyasət Azərbaycanın çox çətinliklə
təmin etdiyi haqqıdır və buna görə heç kimə
borclu deyildir. Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması
üçün ən böyük zəmanət əsrin ilk
10 ilinin yekunları ilə bərabər, müstəqil xarici
siyasətin qarşıdan gələn 20 illiyi kimi tarixi nailiyyətin
yaratdığı ruh yüksəkliyidir.
Daxili qüdrət və praqmatizm
Keçən illərin
siyasi yekunları bir daha aşkar şəkildə göstərir
ki, Azərbaycanın xeyrinə işləyən həm zaman,
həm də qazanılan siyasi kapital - mövqelər, ideyalar,
resurslar, kadrlar - ümummilli problemin həllinə, dövlətin
möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın
xarici siyasəti indi həmişəkindən daha müstəqildir. ABŞ Prezidenti B.Obama
Rusiyaya səfərində dövlətin müstəqil xarici
siyasətə qabil olmasına belə qiymət vermişdir:
"Suverenlik dünya nizamının məhək daşı
olmalıdır. Bütün dövlətlər
təhlükəsiz sərhədlər və öz xarici siyasətini
yeritmək hüququna malik olmalıdır. Bu hüquqlardan imtina edən istənilən sistemin
sonu anarxiya ilə nəticələnir. ABŞ
demokratiyanı dəstəkləməklə yanaşı, həm
də suverenliyin qorunmasına yönəlmiş siyasətdə
maraqlıdır".
Xarici siyasətin
vəzifələri yeni dövrün tələbləri ilə
uyğun gəlmədikdə dövlətçilik tənəzzül
edir. Ermənistanın siyasəti bunun bariz nümunəsidir.
Bu ölkənin xarici siyasi identikliyi
formalaşmayıb, çünki müstəqil deyildir. Münaqişənin həllində hakimiyyətini
itirmək qorxusunu görən bir şəxsin siyasi
"zövqündən" asılı qalan erməni
xalqına bu mövqe yeni müsibətlər, qaranlıq gələcək
vəd edir.
Siyasətdə
bir çox məsələlərə dair fikir müxtəlifliyinin
olması təbii haldır. Lakin bir məsələdə
şübhə ola bilməz: Azərbaycan
heç bir dövlətə qarşı iddia irəli
sürmür və heç kimin daxili işlərinə
qarışmır. O, etibarlı tərəfdaşdır və
başqalarından da eyni münasibəti gözləməyə
haqqı var. Beynəlxalq siyasi məkanda layiqli yerini tutan Azərbaycan
həm qonşularla, həm də dünya birliyi ilə
inteqrasiya proseslərinin ən ardıcıl tərəfdarı
olduğunu artıq sübut etmişdir. Bu o deməkdir
ki, Azərbaycanda tarazlı və çoxşaxəli xarici
siyasət artıq yeni keyfiyyət mərhələsinə
keçir. Düşünülmüş
siyasət nəticəsində iqtisadi potensialın siyasi
nüfuza çevrilməsi prosesi ardıcıl şəkildə
davam edir.
Elnur ASLANOV,
Prezident Administrasiyasının
Siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri,
siyasi elmlər üzrə
fəlsəfə doktoru
Azərbaycan.- 2011.- 22 fevral.- S. 4.