Dövlət başçısının qayğısı Ağdamı inkişafın və quruculuğun möhtəşəm ünvanına çevirib

 

... Bura Quzanlı qəsəbəsində yeni salınmış qaçqın şəhərciyidir. Ötən ilin sonlarında istifadəyə verilib. Açılışına respublika Prezidenti İlham Əliyev də gəlmişdi. Dövlət başçısının qarabağlılara isti münasibəti burada hər addımda hiss olunur. Yeni yaşayış məskəninə çevrilən qəsəbənin düm-düz uzanıb gedən küçəsi ilə irəliləyir, qarşımıza çıxan adamlarla köhnə tanışlar kimi görüşür, hal-əhval tuturuq. Qarabağın, Ağdamın özünəməxsus, hər kəs tərəfindən yüksək qiymətləndirilən üstün əxlaqi-mənəvi dəyərləri çoxdur. Ayaq saxlayıb söhbət etdiyimiz müxtəlif yaşlı qəsəbə sakinləri bizi israrla evlərinə dəvət edir, heç olmasa bir stəkan çaya qonaq olmağımızı arzulayırlar. Bu istəyin etika xatirinə, elə-belə dilucu olmadığını duymaq heç də çətin deyil. Səsin ahəngindəki ötkəmlik, üzlərdəki təbəssüm elə özlüyündə çox şey deyir.

 

339 saylı evin tuşunda ayaq saxlayırıq. Həyətdə tikinti işlərinin aparılması diqqətimizi cəlb edir. Ağ mişar daşını bir-birinin üstünə qoyub həvəslə hörgü hörən gənc onlarla maraqlandığımızı uzaqdan duyub, yanımıza gəlir. İş əlcəklərini çıxarıb qüvvətli əlləriylə əlimizi sıxır, "xoş gəlmisiniz" deyir.

- Xeyirli olsun - deyib soruşuruq, - nə tikirsən belə?

Gülümsəyir, yaşına uyuşmayan sanballa, ağır-ağır danışır:

- Allaha şükür, artıq rahat ev-eşiyimiz var. Ailəmizə dörd otaqlı ev veriblər. Amma həyat davam eləyir, axı. Gərək insan həmişə çalışa, faydalı işlərlə məşğul ola. İndi torpaq həsrətindən başqa bir problemimiz yoxdur. Yaxşı yaşayırıq, firavan dolanırıq. Bax, həyətdə gördüyünüz qara rəngli o "Tayota-Prado" mənimdir. Həyətin küncündə ona qaraj tikirəm. Üzü yola tərəf olan bu biri tikili isə mağaza olacaqdır. Uzağı bir aya mağazanı işə salacağam.

Həmsöhbətim Zamiq Səmədov qaynar təbiəti ilə adamda xoş duyğular oyadır. Deyir ki, sağ olsun dövlətimizin başçısını, ailəmizi mənzil rahatlığına qovuşdurub. Bəs, biz neyləməliyik, əlimizi əlimizin üstünə qoyub gözləməliyik ki, görək çayımızı, çörəyimizi kim verəcək? İşləmək istəyən üçün hər yerdə iş var. Bu yaxınlarda rayon icra hakimiyyətinə getdim. Sahibkarlıqla məşğul olmaq barədə fikirlərimi bildirəndə icra başçısı Nizami Sadıqov həmin dəqiqə rayonun baş memarına göstəriş verdi. Qısa müddətdə lazım olan sənədləri hazırlayıb verdilər. Gördüyünüz kimi, indi öz gücümüzə mağaza tikirik.

Söhbət bu yerə çatanda indi ölkəmizin ictimai-siyasi həyatında aktual olan bir sualı verdim:

- Zamiq, səmimiyyətinə bir zərrə də şübhə yoxdur. İndi onu da de görək, evin alınmasına, elə tikdiyin bu mağaza üçün qərar verilməsinə nə qədər xərcin çıxıb?

Sifəti ciddi görkəm aldı. Dərindən köks ötürüb düşündüklərini bizimlə bölüşdü:

- Sualınıza qısaca cavab verib, bir qəpik də xərcim çıxmayıb deyə bilərdim. Amma istəyirəm, elə bu qəsəbənin küçələrində də dolaşan şayiələrə aydınlıq gətirim. Bəzi adamlar danışdıqları sözün məsuliyyətini dərk etmirlər. Bu dörd otaqlı evi, bu yaraşıqlı mülkü bizə sevimli Prezident İlham Əliyev bağışlayıb. Belə olan halda, hansı dövlət məmuru cəsarət edib bu məsələnin üstünə öz tamah kölgəsini sala bilər. Bəzi ağzıgöyçəklər orda-burda əsası olmayan şayiələr yayır, guya ev verilən adamlardan pul alındığını söyləyirlər. Bunlar o adamlardır ki, bütün əyri-üyrü yollara əl atsalar da, məqsədlərinə çatmayıblar, ən ağır vəziyyətdə yaşayan ailələrdən qabağa keçib yeni mənzil sahibi ola bilməyiblər. Mən inanıram ki, ehtiyacı olan bütün məcburi köçkünlər bir az tez, bir az gec mənzillə təmin olunacaqlar. Buna iqtisadi qüdrəti sürətlə artan dövlətimizin gücü və möhtərəm Prezidentin humanistliyi, biz Qarabağ camaatına xüsusi qayğı və diqqəti imkan verir.

345, 378 və 421 saylı evlərin sakinləri ilə də görüşüb söhbətləşdik. Burda mənzil rahatlığına qovuşan ailələrin əksəriyyəti 1995-ci ildən bəri Quzanlıdakı fin qəsəbəsində ağır şəraitdə yaşayıblar. İstismar müddəti beş il olan fin tipli evlərdə 15 il yaşamağın məhrumiyyətlərini elə o qəsəbənin sakinlərindən yaxşı heç kəs bilə bilməz. Ötən il noyabrın 11-də Ağdama səfər edən dövlət başçısı İlham Əliyev yeni qəsəbənin açılışında iştirak etdi. Qəsəbə sakinləri hələ də respublika Prezidenti ilə keçirilən səmimi görüşün xoş təəssüratı altındadırlar. O tarixi görüşdə Prezident İlham Əliyev demişdir: "Burada bütün şərait yaradılıb, 700-ə qədər yeni, gözəl ev tikilib. Bu gözəl məktəb, tibb məntəqəsi, icma mərkəzi, bir sözlə, yaşamaq üçün burada bütün şərait yaradılıb. Bu, birinci belə qəsəbə deyildir, artıq 17-ci qəsəbədir. Mən çox şadam ki, Ağdam əhalisinin əksəriyyəti artıq Ağdam rayonunun ərazisində məskunlaşıbdır və yaşayır. Əminəm ki, burada növbəti illərdə yaradılacaq şəraitin hesabına daha da böyük sayda ağdamlılar doğma rayonuna gələcəklər. İndi rayonda abadlıq-quruculuq işləri aparılır. Böyük qazlaşdırma proqramı icra edilir, infrastruktur yaradılır. Bu gün Ağdam rayon xəstəxanasında oldum. Əvvəlki səfərlərdə Olimpiya Kompleksinin, stadionun açılışını qeyd etmişdik. Yəni, biz çalışırıq ki, Ağdam rayonunun bu ərazisində ən müasir şərait yaradılsın."

Bu qəsəbədə bütün zəruri infrastruktur yaradılmışdır. Məktəb, tibb məntəqəsi, mədəniyyət evi, poçt, qəsəbədaxili asfalt yol, fasiləsiz su, elektrik enerjisi, qaz təminatı və s. vardır. Burada böyük bir ərazidə salınmış park gözəl görkəmi ilə göz oxşayır. Park artıq qəsəbə sakinlərinin sevimli istirahət yerinə çevrilmişdir. Burada əkilmiş və hazırda qayğı ilə becərilən, qulluq göstərilən çoxsaylı həmişəyaşıl ağaclar və müxtəlif gül kolları parka qışda da bahar görkəmi verir.

Qəsəbədəki 18 saylı orta məktəb öz yaraşığı ilə diqqəti uzaqdan cəlb edir. Bu yeni məktəb müasir avadanlıqlarla təchiz olunmuşdur. Məktəbdə 400-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər müəllim məşğul olur. Məktəbdə çalışan müəllimlərin 30 nəfəri yeni qəsəbədə ev alanların sırasındadır. Rövşən Əhmədov məktəbin yüksək bilik və bacarığı ilə seçilən riyaziyyat müəllimlərindəndir. Dövlətin qayğısından o da minnətdarlıqla danışır:

- Ailəmiz digər sakinlər kimi 15 il fin qəsəbəsində istismar müddətini keçib yararsız vəziyyətə düşmüş evdə yaşamışdır. Məktəbimiz də fin tipli binalarda yerləşirdi. Kardondan, fanerkadan olan barılar nəmişliyə dözməyib çürümüşdü. Sinif otaqlarının uçan divarlarına çadır, polietilen plyonka çəkmişdik. Otaqların hər an uçmaq, çökmək təhlükəsi vardı. İstismar müddəti 5 il olan otaqlarda 15 il yaşamış, dərs demişdik. İndi evimiz də rahatdır, məktəbimiz də. Belə gözəl şəraiti olan məktəbdə işləmək adama həvəs verir. Yeni qəsəbədə 3 otaqlı ev almışıq. Bu, dövlətimizin, Prezident İlham Əliyevin ağdamlılara misilsiz qayğısının ifadəsidir.

Rövşən müəllimə də oxşar sualla müraciət etdim:

- Ailənizə verilən evin müqabilində sizdən nəsə bir "şirinlik" istəyiblər? Nəsə bir umacaq olubmu?

- Dövlətimizin minnətdarlığa layiq bu böyük işini gözdən salmaq ən azı ədalətsizlik olardı. Bu fikirlər həqiqətdən uzaq olan boş şayiələrdir. Evlərin bölgüsünü Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi aparıb. O məsələlərdən az-çox halıyam. Ev alanların siyahısı neçə dəfə yoxlanıb, ələnib ələkdən keçirilib. Haqqı çatmayana kim cəsarət edib ev verə bilər? Müxalifət qəzetlərində bu barədə mən də oxumuşam. Bu, narazılıq yaratmağa, sabitliyi pozmağa yönələn xain fikirlərdir. Həqiqətin bir üzü var. Yalan isə çoxüzlü prizma kimidir. Kimə həqiqət lazımdırsa, sizin kimi gəlib bu qəsəbənin küçələrində qapıları döysün, adamlarla üz-üzə, göz-gözə söhbət etsin. Müxtəlif yalanları kabinetlərdə oturmaqla da uydurmaq olar. Axı, ürəkbulandıran belə söhbətlər bizə, cəbhə bölgəsində, düşmənlə beş addımlıq məsafədə yaşayan Ağdam camaatına lazımdırmı? Bu gün Ağdamda sağlam mənəvi-psixoloji mühit yaradılıb. Rayonumuz həvəslə yenidən qurulur. Quzanlı indi abad şəhərə çevrilib. Tikinti-abadlıq işləri hər tərəfdə vüsət alıb. Dövlət bizim üçün bundan artıq neyləməlidir? Rahat, geniş, işıqlı evimiz var. İşığımız bir dəqiqə də keçmir. Qazımız, suyumuz fasiləsiz verilir. Balalarımız gözəl məktəblərdə təhsil alır. Könül bulandıran söhbətlərə daha yer qalmır, axı.

Şənbə günü olduğundan, məktəbin müəllimləri, texniki işçiləri iməciliyə çıxmışdılar. Ağaclara, gül kollarına, yaşıllıqlara qulluq edirdilər. Məktəbin həyətində 500-dən çox ağac əkilib. Bunu son hədd hesab etmirlər. Məktəbin direktoru Sürəyya Bayramova dedi ki, şagirdlərimiz nəcib bir təşəbbüs qaldırıblar. Təşəbbüs "Hər şagird - bir ağac" adlanır. Hər şagird həyətdə bir ağac əkəcək, ağacın budağından asılacaq lövhədə şagirdin adı yazılacaqdır. Hər kəs əkdiyi ağaca qulluq edəcək, onun qayğısını çəkəcəkdir. Gənc direktor yaradılan nümunəvi şərait, ən müasir avadanlıqlarla təminat üçün dövlət başçısına minnətdarlığını bildirdi.

Müəllimlərlə səmimi söhbət bəzi problemləri də aşkara çıxardı. Bu mötəşəm məktəb söz yox ki, külli miqdarda dövlət vəsaiti hesabına araya-ərsəyə gəlmişdir. Müəllimlərin haqlı gileyinə isə haqq qazandırmamaq qeyri-mümkündür. Məktəbin şagirdlərini də, müəllimlərini də, elə valideynləri də bir məsələ ciddi narahat edir. Bu, məktəbin istilik sisteminin işləməməsi ilə bağlıdır. Məktəbdə müasir tipli istilik sistemi quraşdırılıb. Bütün siniflərə, kabinetlərə qızdırıcı batareyalar qoyulub. Ayrıca qazanxana binası tikilib. Qəsəbəyə təbii qaz çəkənlər ana xətti qazanxanaya qədər gətiriblər. Qalıb onu qazanxanaya birləşdirmək. İlk baxışda son dərəcə sadə görünən bu məsələ ötən ilin noyabr ayında məktəb istifadəyə veriləndən bəri müşkül problemə çevrilib.

Elə həmin gün Ağdam rayonu qaz istismarı sahəsinin rəisi Rafael Novruzovla görüşüb məsələyə aydınlıq gətirmək istədik. Rafael Novruzov bildirdi ki, problemdən halıyıq. Bunun üçün texniki şərtlər hazırlanmasa, rəsmi tapşırıq verilməsə, biz səlahiyyət həddini aşıb məktəbə qaz verə bilmərik. Bu izahatın doğruluğuna şübhə etmirik. Amma reallıq budu ki, cəbhə bölgəsində yaşayan məcburi köçkün balaları soyuq siniflərdə dərs keçməyə məcbur ediliblər. Belə bir el məsəli var: Bağ sahibi bağına qıyır, bağban isə bir salxıma yox. İndi dövlət, bu dövlətə başçılıq edən Prezident İlham Əliyev milyon manatlarla vəsaiti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmağa çox böyük məmnunluqla yönəldir. Amma ayrı-ayrı əlaqədar təşkilatlar, hökumət strukturları uzağı bir saat ərzində həll edilməsi mümkün olan bu məsələni ötür-ötürə salır, süni şəkildə müşkül problem yaradırlar. Nəticədə bu biganəliyin, laqeydliyin ağrı-acısını dövlətinə, Prezidentinə həmişə sədaqətli olan Ağdam caamatı yaşayır. Bu adamlarda narazılıq yaratmağa, qazımız, pulumuz ola-ola sabahımızın sahibləri olan körpələrin qışın şaxtalı günlərində soyuq siniflərdə dərs keçməsinə lüzum varmı?

Yeri gəlmişkən bir məqamı xatırlatmağı lazım bilirik. Keçən il noyabrın 11-də Ağdama səfər edən Respublika Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bölgəyə qaz çəkilişini sürətləndirmək zərurətini qeyd edərək demişdi: "Mən Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, bu bölgələrə, Ağdam-Füzuli bölgəsinə xüsusi diqqət göstərilməlidir, qazlaşdırma burada tezliklə getməlidir... Yəni, vəzifə elə qoyulub ki, qısa müddət ərzində - bu il, maksimum gələn ilin ortalarına qədər Ağdam rayonunun bütün kəndləri qazla təmin olunacaqlar".

Göründüyü kimi, dövlət başçısının Ağdama, bu bölgədə yaşayan insanlara xüsusi münasibəti var. Bu qayğının məntiqi davamıdır ki, hazırda rayonun əlimizdə olan ən ucqar kəndlərinə qaz çəkilir. Bu günlər qaz inşaatçıları Əfətli kəndində işləyirlər. İşin sürəti də, keyfiyyəti də qənaətbəxşdir.

Ağdam rayonu ərazisinin 77,4 faizi uzun illərdir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Doğma yurdlarını, rahat ev-eşiklərini tərk etmək məcburiyyətində qalıb məcburi köçkün kimi respublikanın müxtəlif bölgələrinə səpələnsələr də, rayon sakinlərinin ürəyi həmişə Ağdamla döyünüb. Bakıda, Sumqayıtda, Yexlaxda, lap elə beş addımlıq məsafədə yerləşən Bərdədə olsalar da, həmişə Ağdamla nəfəs alıblar, doğma rayona dönüş üçün, sözün həqiqi mənasında, darıxıblar. Qarabağın bu cənnətməkan diyarı üçün təşnəliklərini heç vaxt heç kimdən gizlətməyiblər. Əksinə, bu qırılmaz və müqəddəs bağlılıqla hər zaman qürur duyublar. Ağdamlılar öz Prezidentlərini çox sevirlər. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Qarabağı işğaldan azad etmək istiqamətində apardığı ardıcıl, qətiyyətli və prinsipial siyasət bu bölgədə birmənalı şəkildə dəstəklənir, müdafiə olunur. Bu gerçəklikdir ki, indi adamlar populist çağırışlara, təmtəraqlı vədlərə deyil, konkret əməllərə, gördükləri reallığa inanırlar. Bu gün Ağdamdakı reallıqlar dil açıb danışır. Yaxşı yaşamaq üçün hər cür şəraiti, zəruri infrastrukturu olan 17 qəsəbənin rayon ərazisində tikilib illərdən bəri çadır düşərgələrində, yük vaqonlarında, qarğı-qamışdan tikilmiş daxmalarda yaşayan ağdamlı məcburi köçkünlərin istifadəsinə verilməsi Ağdamı yaşatmağa yönələn, ağdamlıları sınmağa qıymayan dövlət qayğısının ifadəsidir. İndi Ağdam rayonu ərazisində yaşayan əhalinin sayı 90 min nəfərə çatır. Bunun 25 min nəfəri son bir neçə ildə dönüb doğma rayona. Yeni qəsəbələrdə geniş və rahat evlər alıb mənzil rahatlığına qovuşmaq bu adamlar üçün əsas bəxtəvərlik deyildir. Onların ömrünə məna verən Ağdam torpağında addımlamaq, bu yurdun suyunu içmək, havasını udmaqdır. Bölgədə yaşayış üçün əlverişli şərait yaradan, hər bir məcburi köçkün ailəsinə qayğı göstərən dövlət başçısına sonsuz hörmət və ehtiramı formalaşdıran özəl qaynaq da məhz budur.

Atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğu, ölüm saçan güllələrin belədən-belə uçduğu cəbhə bölgəsində yaşamaq, sözün həqiqi mənasında, qəhrəmanlıqdır. Dövlətin qayğısından güc alan ağdamlılar bu gün əlimizdəki ərazilərdə həvəslə işləsələr də, torpağın hər qarışını qayğı ilə əkib-becərsələr də, yeni yollar çəkib, körpülər salsalar da, yaraşıqlı məktəblər, xəstəxanalar, müxtəlif sosial obyektlər tiksələr də, rahatlıq tapmırlar. Onlar Qarabağı işğaldan azad etmək üçün həlledici döyüşlərə atılacağı günü səbirsizliklə gözləyirlər.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 6.