ASTARA Azərbaycanın cənub mirvarisidir

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Astara rayonunda uğurla həyata keçirilir. Dövlət proqramının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafı, turizm, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində bir sıra mühüm işlər görülmüşdür.

 

İlham Əliyev

 

Yazıya sərlövhə seçdiyimiz "Astara Azərbaycanın cənub mirvarisidir" sözləri ümummilli liderimiz Heydər Əliyevindir. Xalqımızın böyük oğlu Azərbaycanın bütün bölgələri kimi, Astaranı da çox sevmişdir. Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycan KP MK-nın birinci katibi, respublika Prezidenti olduğu zamanlarda bu diyara on bir dəfə səfər edib. Ulu öndər 5 oktyabr 1998-ci il tarixdə Astaraya sonuncu səfəri zamanı rayon ictimaiyyəti ilə keçirdiyi görüşündə demişdir: "Astaranın Azərbaycanın coğrafi xəritəsində, Azərbaycanın ictimai-siyasi həyatında, Azərbaycanın iqtisadiyyatında özünəməxsus yeri vardır. Astara gözəl bir yerdir: Talış dağlarının ətəyi, Xəzər dənizinin sahili, gözəl meşələr, bağlar, güllər-çiçəklər... Allah sizə dünyanın ən gözəl guşəsini bəxş edibdir. Ona görə siz xoşbəxt adamlarsınız. Mən sizə bundan da çox xoşbəxtlik arzulayıram. Astara müstəqil Azərbaycanın cənub qapısıdır, Azərbaycanın dayaq nöqtəsidir, Azərbaycanın sütunlarından biridir".

Bu gün Astara durmadan inkişaf edir. Aparılan tikinti, quruculuq, abadlıq işləri onun keçmiş şöhrətini özünə qaytarır. Tikilib istifadəyə verilən 90 meqavatlıq modul tipli elektrik stansiyası cənub bölgəsinin enerji təminatında mühüm rol oynayır. Əhali fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur. Beynəlxalq əhəmiyyətli qaz kəməri onun ərazisindən keçir. Xarici ölkə mütəxəssislərinin iştirakı ilə inşa edilən Qaz-Kompressor Stansiyası İran İslam Respublikasına yüksək keyfiyyətli təbii qaz ötürməklə yanaşı, rayon ərazisindəki şəhər, qəsəbə və kəndləri də "mavi yanacaq"la təmin edir.

Son 7 ildə Prezident Astaraya bir neçə dəfə səfər edib. Qədirbilən astaralılar hər dəfə İlham Əliyevi böyük sayğı ilə, gül-çiçəklə qarşılayıblar. Ölkə başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirmiş, neçə-neçə mühüm əhəmiyyətli obyektin təməlinin qoyulmasında, istifadəyə verilməsində iştirak etmişdir. "Azərcənub" MMC-nin beynəlxalq yük terminalı, "Astara Çay - 2" ASC, "Şindan" hoteli və digərləri bu sıradandır. Bu və digər müəssisələr rayonun iqtisadi-sosial həyatında mühüm rol oynayır. Rayonda son illər 5 minə yaxın iş yeri açılmışdır ki, bunun da 4 min 228-i daimi, 315-i isə mövsümi iş yeridir. İş isə hər bir insanın, ailənin gün-güzəranında ən mühüm rol oynayan başlıca amildir. İş varsa, deməli, qazanc var, məvacib var. Astarada görülən quruculuq işləri göz oxşayır. Qədim diyara zinət verən, onu füsunkar edən təbiətlə yanaşı, həm də insan əlləri, əməlləridir. Keçən əsrin 90-cı illərində respublikamızda baş alıb gedən xaos, özbaşınalıq, hərcmərclik cənub mirvarisinə də az ziyan vurmadı. İllər boyu kərpic-kərpic tikilib ucaldılan, yaradılan nə vardısa, demək olar ki, dağıdıldı, yerlə yeksan edildi. Lakin pis günün ömrü nə yaxşı ki, az oldu. Gərgin əmək, polad iradə, böyük təcrübə, şəxsi nüfuz hesabına başa gələn sabitlikdən sonra dirçəliş illəri başladı. 2004-cü il 11 fevral tarixdə Prezident tərəfindən imzalanmış regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkənin, eləcə də Astaranın həyatında dönüş nöqtəsi oldu.

Astaraya yolu düşənlər son illər burada aparılan böyük quruculuq işlərinin şahidi olurlar. Deyirlər ki, təxminən 10 il bundan əvvəl Rusiyaya işləməyə gedən bir nəfər astaralı öz doğmalarına baş çəkməyə gələrkən rayonu tanıya bilməyib. Gözlərinə inanmadığını söyləyib. Söyləyib ki, indi Astarada yaşamağa dəyər. Səmimi etirafdır. Doğrudan da, bu gün Astara gözəldir. Səsdən-küydən uzaqdır, səliqə-sahmanlıdır. Avtomobillə şəhərə daxil olarkən ulu öndərin adını daşıyan prospekt başlayır. Prospekt əsaslı şəkildə yenidən qurulub. Geniş yol boyu müasir işıqlandırma sistemi, tikilmiş yeni binalar, müxtəlif obyektlər, yolun hər iki tərəfində hörülərək suvanıb rənglənmiş daş hasarlar (şəhərin digər küçələrində də belədir), laylar düzülmüş səkilər, əkilmiş dekorativ ağaclar diqqəti özünə çəkir. Hər gün bu rahat prospektlə yüzlərlə maşın, minlərlə adam hərəkət edir, istədiyi ünvana yetişir. Bunu gördükcə düşünürsən: Heydər Əliyev Azərbaycanı rahat, geniş magistral bir yola çıxardı. İndi respublikamız bu yolla inamla, sürətlə irəliləyir. İnkişaf tempinə görə bir neçə ildir dünyada birincidir. Obrazlı şəkildə desək, bu sürət, inkişaf qatarında Astara da vardır. Cənub şəhərinin mərkəzinə doğru hərəkət etdikcə hər addımda bir yenilik görürsən. Yeni salınmış Dövlət Bayrağı meydanında dayanıb buranı seyr etməli olursan. Dövlət sərhədində 65 metr hündürlükdən dalğalanan bayrağımız hər bir soydaşımıza qürur, iftixar gətirir. Meydanda gənclərin, şəhər əhalisinin mənalı istirahəti üçün müasir obyektlər tikilmişdir. Bundan əlavə, neçə-neçə bina ucaldılmış, parklar, xiyabanlar, küçələr, yollar abadlaşdırılmışdır. Astara qoca tarixin illər axarında təxminən 2 ay bundan əvvəl vidalaşdığımız 2010-cu ildə daha da inkişaf etmiş, gözəlləşmişdir. Regionların  2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində burada mühüm işlər görülüb. Yeri gəlmişkən, bu proqramda rayon üzrə 15 mühüm məsələnin icrası nəzərdə tutulubdur. Ötən il isə burada inşaat işlərinin aparılmasına 34 milyon 358,1 min manat məbləğində vəsait yönəldilib. Bu da əvvəlki ildəkindən xeyli çoxdur. Qoyulan investisiyanın 28 milyon 429 min manatı, yaxud 82,7 faizi istehsal təyinatlı obyektlərin, 5 milyon 929 min manatı, yaxud 17,3 faizi isə qeyri-istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilib. Əsas kapitala yönəldilmiş vəsaitin hamısını daxili investisiyalar təşkil etmişdir. Bu rəqəmlər hər yerdə olduğu kimi, sərhəd rayonunda da quruculuq işlərinə böyük önəm verildiyini göstərir.

Lənkərandan çıxıb Astaraya gələrkən dağların ətəyində, yaşıllıqlar qoynunda bölgə üçün səciyyəvi olan qırmızı kərpicdən tikilmiş yaraşıqlı evlər, müxtəlif binalar adamın diqqətini özünə çəkir. Onların damı qardaş Türkiyə istehsalı olan yüngül konstruksiyalı şiferlərlə örtülmüşdür. Pəncərələri sahibinin zövqünə uyğun olaraq taxta və ya plastik materiallardandır. Keçən il rayonda ümumi sahəsi 7 min 122 kvadratmetr olan 55 belə fərdi ev tikilib.

Keçən il Magistral Qaz Kəmərləri İdarəsi və Qaz İstismar Sahəsi üçün inzibati idarə binalarının, şəhər 5 saylı, Kakalos kənd 1 saylı, Vaqo kənd orta və Siyətük ibtidai məktəblərinin, Kijəbə qəsəbə və Suparibağ kənd uşaq bağçasının əsaslı təmiri başa çatdırılmış, yeni Qaz Kompressor Stansiyasının, Xəzər dənizi sahilində turizm obyektlərinin, Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilmişdir.

Dövlət Neft Şirkətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilmişdir.

Astara ölkəmizin cənub qapısıdır. Buradakı sərhəd keçid məntəqəsindən İran İslam Respublikası ərazisinə, oradan Türkiyə və Naxçıvana onlarla yük, minik maşını, yüzlərlə sərnişin gedib-gəlir. Mühüm strateji obyekt olan Astara gömrük keçid məntəqəsi keçən il beynəlxalq standartlara uyğun şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Yolların rahatlığı mühüm əhəmiyyət kəsb edir. Bu sahədə ölkəmizdə son illər böyük işlər görülür. Bir-birinin ardınca yeni yollar, körpülər, keçidlər tikilib istifadəyə verilir. Cənub rayonunda da bu sahədə xeyli işlər görülmüşdür. Bir neçə il idi ki, Astara-Bala Şahağacı yolu bərbad halda idi. Bu isə yol üstündə yerləşən kənd sakinlərinin haqlı narazılığına səbəb olmuşdu. Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq Prezident İlham Əliyevin 21 aprel 2010-cu il tarixli sərəncamı ilə həmin yolun yenidən qurulması üçün 3,5 milyon manat vəsait ayrıldı. Bu, Astara camaatının hədsiz sevincinə və ruh yüksəkliyinə səbəb oldu. Çox çəkmədi, Lənkəranda yerləşən yol idarəsinin işçiləri müxtəlif texnikanı buraya gətirərək işə başladılar. Yol, körpülər, su keçidləri əsaslı şəkildə yenidən quruldu. Olimpiya İdman Kompleksi, Dəmir Yolu Stansiyası və digər mühüm obyektlər bu yolun kənarında yerləşirlər. Kakalos, Siyətük, Bala Şahağacı kəndlərinin hər bir sakini bunun üçün ölkə başçısına öz minnətdarlığını bildirir.

Astara şəhərinin küçələri də səliqə-sahmanlıdır. Hər il neçə-neçə küçə abadlaşır. Keçən il isə Heydər Əliyev prospektində 7 min, Nizami küçəsində 5 min, Ə.Muxtar küçəsində 4 min 500, Gənclər küçəsində 3 min, C.Cabbarlı küçəsində 2 min və A.Məmmədov küçəsində 600 kvadratmetr asfalt döşənmiş, digər küçələrdə də təmir işləri aparılmışdır. Şəhərin Azərbaycan və R.Axundov küçələrində yolun hər iki tərəfinə səki daşları düzülmüş, yaşıllaşdırma işləri görülmüş, işıqlandırma sistemi yenidən qurulmuşdur. Astara gömrük məntəqəsinin ətrafındakı ticarət və iaşə obyektləri müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, fasad hissələri alkaponla üzlənmiş, yolun asfaltlaşdırılması başa çatdırılmışdır.

Keçən il şəhərin Heydər Əliyev prospektində 2 min 500 kvadratmetr ərazidə 16 mənzilli 4 mərtəbəli yaşayış binasının tikintisinə başlanmış və hazırda işlər davam etdirilir. Vaqo kəndində isə Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikilərək onun istifadəsinə verilib.

Keçmiş SSRİ vaxtı Moskvanın tərəvəz bazası hesab olunan Astara, əsasən, kənd təsərrüfatı rayonudur. Burada yetişdirilən faraş kələm, xiyar, pomidor məhsulları rayona yaxşı gəlir gətirirdi. Tərəvəzçiliyi, habelə kənd təsərrüfatının digər sahələrini inkişaf etdirmək məqsədilə indi də tədbirlər həyata keçirilməkdədir.

Astara çayı keyfiyyətinə, ekoloji cəhətdən təmizliyinə görə istehlakçılar tərəfindən çox böyük rəğbətlə qarşılanır. O, dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür. Xarici ölkələrdə yüksək qiymətə satılır. Eyni zamanda, bu qiymətli bitkinin özəl xüsusiyyəti var. Belə ki, o, əkildikdən 7 il sonra bara düşür. Elə buna görə də sahibkarlar çayçılığa sərmayə qoymağa az meyil edirlər. Amma düşünmürlər ki, bu başdan bir az çox xərc çəksələr də, salınan plantasiyalar yüz il məhsul verə bilir. Lakin buna baxmayaraq, son illər rayonda çayçılığa maraq xeyli artmışdır. Çayçılığın inkişafı üçün yaxşı şəraiti olan Şüvi inzibati ərazi nümayəndəliyinin əhatə etdiyi torpaq sahələrində 200 hektar çay plantasiyasının salınması planlaşdırılıb. Keçən il Astarada 334,2 ton yaşıl çay yarpağı istehsal edilib. Çayçılarla söhbət zamanı məlum oldu ki, onlar yaşıl çay yarpağının alınma qiymətindən razı deyillər. Ən yaxşı halda yetişdirdikləri məhsulun bir kiloqramını 1 manata satırlar. Bu isə onun maya dəyərini təşkil edir. Rayondakı "Astara Çay - 2" ASC bu sahədə əhalinin xeyrinə qiymət dəyişikliyi edərsə, torpaq mülkiyyətçiləri ruhlanıb plantasiyaları daha da genişləndirərlər.

Astara sitrus meyvələri öz dadına-tamına görə seçilir. Yəqin hiss etmisiniz, bazar-dükanlardan limon, narıngi, portağal, feyxoa alanlar onun haranın meyvəsi olduğunu soruşurlar. Astara adını eşitcək istədikləri meyvəni könül xoşlugu ilə alıb evlərinə aparırlar. 7-8 il bundan əvvəl Lənkəran və Astara rayonlarında bu meyvələrin yetişdirilməsi də torpaq mülkiyyətçilərinin marağında deyildi. Bu ondan irəli gəlirdi ki, kəndli yetişdirdiyi az-çox məhsulu münasib qiymətə sata bilmirdi. Çünki əhalinin maddi vəziyyəti yaxşı deyildi. Digər şeylər kimi, əhali könlündən keçən meyvəni özü, ailəsi üçün ala bilmirdi. Bu gün isə vəziyyət tamam başqadır. Hazırda narınginin, portağalın bir kiloqramı ən azı 2 manatadır. Hamı da yerli, xüsusən də Astara məhsulu almaq istəyir. Bu hal rayondakı meyvə istehsalçılarının maddi marağını artırıb. Keçən il rayonda 22 min 950 ton sitrus meyvələri istehsal olunub. Bağların ildən-ilə genişləndirilməsi üzümüzə gələn illərdə məhsulun daha çox olacağından xəbər verir.

Əziyyətinin çox olmasına baxmayaraq, Astara caamatı son illər çəltik əkib-becərməyə üstünlük verməyə başlayıb. İlk növbədə bu onunla əlaqədardır ki, bu sahədə rayonda ənənə və şərait var. Digər tərəfdən, düyü gərəkli oldugu kimi, həm də dəyərlidir. Torpaq mülkiyyətçisi yetişdirdiyi məhsulun bir hissəsini ailəsi üçün götürür, qalanını isə yaxşı qiymətə satır. Bu torpağın düyüsünün də alıcısı, necə deyərlər, həmişə başının üstündədir.

Keçən il rayonda 11 min 273,8 ton kartof, 44 min 535 ton tərəvəz, 9 min 292 ton bostan məhsulları istehsal edilmişdir. Əlverişsiz iqlim şəraitində zəmilərdən 5 min 207,9 ton taxıl biçilib. İl ərzində iri və xırda buynuzlu mal-qaranın, qoyun və keçilərin sayı xeyli çoxalıb. Ət, süd, yun, yumurta istehsalında da artım olmuşdur. Bakı şəhərində keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 150 nəfər arıçı iştirak edərək 30 tondan çox bal və digər arı məhsulları satıb.

Qazanılan uğurlar dövlət tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsinə göstərilən diqqət və qayğı nəticəsində hasilə gəlmişdir. Ölkə başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli Sərəncamı və imzaladığı digər qərarlar bu sahədə köklü dəyişiklik yaratdı. Kəndli yenidən torpağa üz tutdu, onu əkib-becərməyə başladı. Keçən il rayondakı 269 nəfər fermer və torpaq mülkiyyətçisinə güzəştli qaydada 513 ton mineral gübrə satılmış, 811 nəfərə isə 75 min 417 manat həcmdə subsidiya verilmişdir.

Ötən ilin oktyabr ayında rayonda Sahibkarlıga Kömək Milli Fondu tərəfindən tədbir keçirilib. Qonşu rayonların sahibkarlarının da iştirakı ilə keçirilən tədbirdə 36 nəfər sahibkara 420 min manat kredit verilmişdir.

Astaralı sahibkarlar Bakı şəhərinin ayrı-ayrı rayonlarında keçirilən satış yarmarkalarında fəal iştirak edirlər. Keçən il onlar Bakı əhalisinə 657 ton müxtəlif adda kənd təsərrüfatı məhsulları satıblar.

Əhalini il boyu, xüsusilə payız-qış aylarında zəruri kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə respublikamızda tədbirlər həyata keçirilir. Bu məqsədlə Astara şəhərində 3 min ton taxılın qəbulu, saxlanılması və satışı məntəqəsinin və gücü 2 min 500 ton olan meyvəsaxlama soyuducu kamerasının tikintisi artıq başa çatdırılıb. Siyəkü kəndində sitrus meyvələrinin saxlanılması üçün 350 tonluq soyuducu anbarın tikintisi davam edir.

Yuxarıda qeyd etdiyimiz kimi, görülən tədbirlər nəticəsində Astara şəhərinin və eləcə də rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içməli su təchizatında əsaslı dönüş yaranmışdır. Keçən il rayon Elektrik Şəbəkəsi əhali və təşkilatlara 36 milyon 652 min 78 kilovat/saat elektrik enerjisi verib.

Rayonda qaz xətlərinin yenidən qurulması və əhalinin təbii qaz təminatının daha da yaxşılaşdırılması məqsədilə ötən il 1549 evə qaz xətti çəkilmiş, 28 min 938 p/m müxtəlif diametrli qaz xətti üzərində təmir-bərpa işləri aparılmış, abunəçilər üçün 1549 ədəd qaz sayğacı quraşdırılmış, 178 ədəd qaztənzimləyici şkaf təmir edilərək işlək vəziyyətə gətirilmişdir. Pensər, Kakalos, Ojəkəran, Kolatan, Şiyəkəran kəndlərinin qaz təchizatı bərpa edilmiş, Sərək, Şüvi, Siyətük kəndlərinin qazlaşdırılması üçün yeni aparıcı qaz xətti çəkilmiş, Şahağacı, Bala Şahağacı kəndlərinin qaz xətlərinin bərpası üçün hazırlıq işləri davam etdirilir.

Rayon ərazisində ümumilikdə 31 min 650 p/m xırda və iri həcmli su xətləri təmir edilmişdir. Astara çayında nəzərdə tutulmuş sahilbərkitmə işləri başa çatdırılmışdır.

Rayonda ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli iş görülmüşdür. Keçirilən tədbirlər təlim-tərbiyə məsələlərinə müsbət təsir göstərmişdir. Keçən il rayonun orta məktəblərini bitirən və ali təhsil müəssisələrinə sənəd verən 300 məzundan 124 nəfəri yüksək bal toplayaraq müxtəlif ali məktəblərə daxil olmuşdur. Onlardan 2 nəfəri 600-dən, 10 nəfəri 500-dən, 112 nəfəri isə 400-dən çox bal toplamışdır. Şəhər 5 saylı məktəbin məzunu Fərid Məmmədəliyev 685 balla Prezident təqaüdünə layiq görülmüşdür.

Astara Pedaqoji Kolleci rayonda yeganə orta ixtisas müəssisəsidir. Kollecdə tədris prosesini təkmilləşdirmək və pedaqoji kadr hazırlığını yüksəltmək istiqamətində səmərəli iş aparılmışdır. Təhsil ocağının müəllimləri həm respublika, həm də xarici ölkələrdə keçirilmiş beynəlxalq elmi konfranslarda aktual mövzularda məruzələrlə çıxışlar etmişlər.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli yaxşılaşmışdır.

Uşaq mugam ifaçılarının 5-ci Respublika müsabiqəsinin yekun turu növbəti dəfə Astara şəhərində keçirilmişdir. 50 rayondan gəlmiş 150-yə qədər gənc ifaçının iştirak etdiyi tədbirdə Astara Rayon Uşaq Musiqi Məktəbinin şagirdi Şəhran Əliyev mükafata layiq görülmüşdür.

Astara öz idmançıları ilə də bu gün haqlı olaraq fəxr edir. Güləşçi qadın Sona Əhmədli, sərbəst güləş üzrə respublika yığma komandasının üzvü Cəbrayıl Həsənov bu torpagın yetirmələridir. Onlar keçən il Avropa yarışlarında uğurla çıxış edərək yüksək nailiyyətlər əldə etmişlər. Hər iki idmançı ilə keçən il rayon ictimaiyyətinin görüşü keçirilib. Rayonda inşa edilən Olimpiya İdman Kompleksi burada istedadlı gənclərin yetişməsində böyük rol oynayacaqdır.

"Zər qədrini zərgər bilər" deyib babalarımız. Yaşıllıqlar, meşələr diyarı olan bu yerdə hər bir ağac qorunur, mühafizə olunur və artırılır. "Ekologiya ili" çərçivəsində rayonda 28 mindən çox müxtəlif növ ağac əkilmişdir. Bundan əlavə, 380 hektar sahədə meşələrin bərpası üçün tədbirlər görülmüş, yeni tinglik və şitillik sahələri salınmışdır.

Məlum oldugu kumi, 2011-ci il "Turizm ili" elan edilmişdir. Bu mühüm sahə ilə əlaqədar indiyədək rayonda bir çox işlər görülmüşdür. Lakin həllini gözləyən məsələlər də az deyil. Burada turizmin inkişafı üçün hər cür şərait var. Sahibkarlar, imkanlı adamlar bu mühüm məsələyə önəm versələr, həm ölkəmizin nüfuzu artar, həm də yaxşı qazanc əldə edə bilərlər.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 7.