Əgər o vaxt hakimiyyətdə
Heydər Əliyev olsaydı, Xocalı faciəsi baş verməzdi
Xocalı faciəsindən 19 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun köməyi ilə Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xocalını işğal edərək yer üzündən silən ermənilər, şəhərin sakinlərinə qarşı kütləvi qətliam həyata keçirməklə XX əsrdə azərbaycanlılara qarşı növbəti soyqırımı cinayətinə imza atdılar. 613 nəfəri, o cümlədən 106 qadın və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirdilər. 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin düşdü. 19 ildir ki, Xocalı faciəsinin qurbanlarını yad edir, onu doğuran səbəb və şəraiti dərk etməyə çalışırıq. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq, ağır yaramız olan bu qanlı faciə haqqında düşündükcə istər-istəməz müxtəlif suallar yaranır. Xocalıda soyqırımının törədilməsinə görə kimlər məsuliyyət daşıyır? Faciə baş verməyə bilərdimi? Axı, xocalılıların günahı nə idi? Respublikanın rəhbərliyi harada idi? Belə sualların sayını xeyli artırmaq olar.
Milli Məclisin deputatı, Xocalının keçmiş icra başçısı, şəhərin müdafiəsinə rəhbərlik etmiş Elman Məmmədovla söhbətimiz də bu mövzudadır.
- Elman müəllim, ilk sualımız Xocalının
strateji roluna aiddir. Döyüş əməliyyatlarının
şiddətləndiyi və miqyasının
artdığı o vaxtlarda Xocalı şəhəri
Dağlıq Qarabağ üçün nə demək idi?
- Xocalı
Dağlıq Qarabağın dağətəyi hissəsində
yerləşən Azərbaycan yaşayış məskənidir. Xocalının
tarixi çox qədimdir. Bu tarix
eramızdan əvvəl III-V minilliyə qədər gedib
çıxır. Xocalı-Gədəbəy
arxeoloji tapıntıları, ancaq türk xalqlarına məxsus
qədim abidələr - dikdaş nişanələri,
kurqanlar, daş salnamələr, qəbirlər, daşdan
yonulmuş heyvan heykəlləri bunu sübut edir.
Xocalı şəhərinin
strateji mövqeyi nədən ibarət idi? Xocalı Ağdam istiqamətindən,
yəni, şərq tərəfdən gələndə Əsgəran
qalasını və həmin ərazidəki erməni kəndlərini
keçəndən sonra beş kilometrlik məsafədə
yerləşir. Xocalıdan on kilometr qərb
istiqamətində isə Xankəndi şəhəridir.
Demək, Xocalı Əsgəranın erməni
kəndlərini Xankəndidən ayırırdı. Blokadada olmağımıza baxmayaraq o vaxtlar biz erməni
kəndləri ilə Xankəndi arasında birbaşa əlaqəni
kəsmişdik. Yəni, Xankəndidən Əsgərana
birbaşa silah-sursat daşınmasının
qarşısını almışdıq. Əgər Xankəndidən Əsgəranın erməni
kəndlərinə 15 kilometrlik məsafə var idisə, ermənilər
həmin kəndlərə gəlmək üçün
dolayı yollarla təxminən 40 kilometr məsafə qət
etməli olurdular. O vaxt dəfələrlə məsələ
qaldırdıq ki, Əsgəranın kəndlərini azad edək
və əsas hərbi qüvvələrimizi Xocalıya gətirək.
Çünki belə olsaydı,
aşağıdan Xocalıdakı, yuxarıdan isə
Şuşadakı hərbi qüvvələrimizin zərbəsindən
sonra Xankəndidəki erməni quldurları
çıxılmaz vəziyyətdə qalacaqdılar.
Bundan başqa,
Dağlıq Qarabağda yeganə hava limanı Xocalıda yerləşirdi. Aeroportu əlimizdə
saxlamaqla Ermənistandan Xankəndiyə təyyarə və
vertolyot uçuşlarını faktiki olaraq
dayandırmışdıq.
- Bu təklifləri o vaxtkı siyasi və hərbi rəhbərliyin
diqqətinə çatdırmışdınızmı?
- Bu təklifləri mən
1992-ci ilin fevral ayının 9-da Müdafiə Nazirliyinin
Baş Qərargahında vermişəm. Əməliyyat
xəritəsi üzərində də dediklərimi sübut
etmişəm. Bunun səhəri
günü Nazirlər Kabinetində də bu təklifləri səsləndirdim.
Məntiqlə və o yerlərin coğrafiyasına
yaxından bələd olan, situasiyanı bilən şəxs
kimi izah etdim ki, əgər ölkə rəhbərliyinin
başı Bakıda hakimiyyət çəkişməsinə
qarışmasa, Azərbaycan fürsəti əldən vermədən
hücum edərək Əsgəran qalasını və
oradakı erməni kəndlərini alsa, Ağdamdakı hərbi
qüvvələri Xocalıya keçirsə, yuxarıdan
Şuşadakı qüvvələrlə birlikdə
Qarabağı ermənilərdən təmizləyə bilərik.
Bu mənada
Xocalı çox əhəmiyyətli strateji mövqeyi olan
yaşayış məntəqəsi idi. Ermənilər
də bunu bilirdilər və ona görə nə yolla
olursa-olsun Xocalını işğal etməyi
qarşılarına məqsəd qoymuşdular. Levon Məlik-Şahnazaryan
adlı bir erməni icmalçısı var. O, 1996-cı ildə
mənim bir yazıma cavab verərək göstərmişdi
ki, bəli, ermənilər qarşılarına
Xocalını "azad etməyi" və qüvvələri
orada yerləşdirməyi məqsəd qoymuşdular. Bunu onunla izah edirdi ki, Xocalı ermənilər
üçün potensial təhlükə mənbəyi idi.
Mən o vaxt ölkə rəhbərliyində təmsil
olunanların diqqətinə onu da
çatdırmışdım ki, əgər ermənilər
bizdən əvvəl tərpənsələr, yəni,
Xocalını işğal edərək Xankəndidəki
qüvvələrini Əsgəran istiqamətinə
keçirsələr, onda bütün Qarabağın
işğalı üçün təhlükə yaranacaq. Sonrakı proseslər bunu sübut etdi.
- A.Mütəllibov iqtidarı Xocalının strateji əhəmiyyətini
başa düşmürdü, yoxsa başa düşə-düşə
həm şəhərin güclü müdafiəsini təşkil
etmək, həm də qeyd etdiyiniz təklifləri dəyərləndirmək
üçün qətiyyətli addımlar atmadı?
- Bunun hər ikisi vardı! Nə üçün? Birincisi,
o dövrdə rəhbərlikdə olan insanların dövlət
idarəçiliyi səviyyələri çox
aşağı idi. İkinci tərəfdən,
onlar üzərlərinə düşən vəzifə məsuliyyətinin
nə demək olduğunu anlamırdılar. Üçüncüsü, onları Xocalını
müdafiə etmək, qorumaq çox da
maraqlandırmırdı. Çünki
hakimiyyət uğrunda mübarizə aparırdılar,
torpağın, xalqın müdafiəsi yaddan
çıxmışdı, Ali Sovetdə kreslo davası
gedirdi. Lakin torpaqlarımızın
işğalının qarşısını almaq, insanların
qırğına məruz qalmaması üçün konkret
və qətiyyətli addımlar atılmalı idi! Təəssüf ki, o zaman biz bunu görmədik.
Təsəvvür edin ki, Xocalının
müdafiəsində xocalılılardan başqa Azərbaycanın
kənar bölgələrindən gələn cəmi 16
döyüşçü vardı. Mərhum
Milli Qəhrəmanımız Aqil Quliyevin
başçılığı ilə Xocalıya 21
döyüşçü gəlmişdi. Müəyyən səbəblərdən onlardan 5-i
geri qaytarıldı. Yerdə qalan 16
döyüşçünün 12-si qəhrəmancasına
şəhid oldu.
- Ümumiyyətlə, şəhərin müdafiəsinin
təşkili hansı səviyyədə idi?
- Xocalı ötən əsrin
80-ci illərinin sonlarından, yəni, Dağlıq
Qarabağda məlum hadisələr başlanandan 1991-ci ilin
noyabrına qədər qismən blokadada olub. Gah 3, gah 5, gah da
15 gün şəhər blokada vəziyyətində
qalırdı. Biz şəhərə yalnız
sovet hərbçilərinin müşayiəti ilə gedib-gələ
bilirdik. Ancaq 1991-ci il noyabrın 1-dən
işğal olunan günə qədər Xocalı tam blokadada
qaldı. Həmin günlərdə əsasən
vertolyot, telefon və ratsiya vasitəsilə əlaqə saxlaya
bilirdik.
Xocalının
yerləşdiyi ərazidə şəhərlə birbaşa
əlaqəsi olan azərbaycanlılar yaşayan ikinci bir
yaşayış məntəqəsi yox idi. Xocalıdan beş
kilometr şərqdə Əsgəran zolağında 8-9 erməni
kəndi yerləşir. Xocalıdan qərbdə
isə 60 min əhalisi olan Xankəndi şəhəridir.
Şimalda və cənubda 20-dən çox erməni
kəndi var. Yəni, azərbaycanlılar yaşayan elə bir
kənd yox idi ki, Xocalıdan oraya birbaşa yol olsun. Azərbaycanlı kəndinə getmək
üçün, ən azı, iki-üç erməni kəndi
keçmək lazım gəlirdi ki, bu da qeyri-mümkün
idi. Digər tərəfdən, Xocalı
nisbətən çökəkdə yerləşir. Bütün erməni yaşayış məntəqələri
Xocalıdan hündürdədir. Onlar istədikləri
vaxt Xocalını müşahidə edir, şəhəri atəşə
tuturdular.
Biz
Xocalının ətrafında dairəvi müdafiə
zolağı yaratmışdıq. 29 postumuz var idi. Xocalını qoruyanların bir qismi şəhərdə
yaradılmış özünümüdafiə batalyonunun
döyüşçüləri idi. Özü
də aralarında bir nəfər də olsun, ixtisasca hərbçi
olanı yox idi. Onlarla yanaşı, şəhərin
müdafiəsində 50 nəfərlik Xocalı milisi, 25 nəfərlik
hava limanını qoruyan xətt milisi və Aqil Quliyevin 16
döyüşçüsü dayanmışdı. Ümumilikdə, Xocalıdakı canlı hərbi
qüvvəmizin sayı təxminən 200 nəfərdən
bir qədər artıq idi. Onlar nə ilə
silahlanmışdılar? Xocalıda
silah-sursat nədən ibarət idi? Bizim cəmi
2 DŞK-mız, 4 əl pulemyotumuz, 2 ədəd
qumbaraatanımız vardı. Yerdə
qalanlar avtomat və ov tüfəngləri idi. Bəs, Xocalıya hücum edən ermənilər
hansı hərbi qüvvəyə malik idilər? Bunlar
Ermənistandan gətirilmiş silahlı qüvvələrin
hissələri, Dağlıq Qarabağda, Xocalı ətrafında
olan bütün erməni kəndlərinin silahlı dəstələri,
Livandan, Suriyadan, hətta Cənubi Amerikadan gətirilmiş, təlim
keçmiş muzdlular və keçmiş sovet ordusuna məxsus
dördüncü ordunun 18-ci diviziyasının 366-cı
motoatıcı alayı idi. 366-cı motoatıcı alayda
40-dan çox tank, 60-dan çox ZTR, PDM və digər hərbi
maşınlar, bir neçə reaktiv qurğu, uzaqmənzilli
toplar, müxtəlif çaplı minaatanlar və 3 min nəfərdən
çox canlı qüvvə var idi. İndi siz
Xocalıda olan silah-sursata, canlı qüvvəyə və
Xocalıya hücum edənlərin silah və hərbi
texnikasına baxın. Viktoriya İvelyeva
adında bir rus hərbi jurnalist Xocalıya hücum zamanı əməliyyatda
iştirak edib. O, yazır ki, Xocalıya hücum
zamanı ön cərgədə 366-cı motoatıcı
alayın bütün hərbi texnikası
dayanmışdı. Onun arxasında alayın
canlı qüvvəsi, üçüncü cərgədə
isə erməni cəza dəstələri gəlirdi. Yəni,
qüvvələr nisbəti müqayisə olunmayacaq dərəcədə
qeyri-bərabər idi!
Fevralın 25-dən
26-na keçən gecə axşam təxminən 8-ə
qalmış postlara baş çəkdikdən sonra təzəcə
geri qayıtmışdım ki, Noraguh tərəfdən ermənilərin
bir PDM-nin keçdiyi barədə xəbər gəldi. Ardınca digər
xəbər gəldi ki, Xoruztəpə ətrafında erməni
texnikası hərəkət edir. Sonra
aeroport tərəfdən şose yolu ilə çoxsaylı
texnikanın hərəkət etməsi ilə bağlı xəbər
aldım. Digər istiqamətlərdən
də Xocalıya tərəf hərbi texnikanın hərəkət
etməsi ilə bağlı məlumatlar gəldi. Beləcə, ermənilər şəhəri
yavaş-yavaş mühasirəyə aldılar. Bütün texnikaları gəldi, mövqe tutaraq
yerləşdi. Texnika çox yaxına gəlmədi,
amma elə məsafədə mövqe tutdu ki, şəhəri
atəş altında saxlamaq mümkün idi. Lakin bizim atəşimizin onlara çatması
mümkün deyildi. Üstəlik, tanka qarşı
avtomatla mübarizə aparmaq olmazdı! Ermənilər
hərbin qayda-qanunlarına uyğun olaraq mühasirə
halqasını başa çatdırdılar. Təxminən gecə saat 23 radələrində
mühasirə halqasında dayanan bütün hərbi
texnikalarından eyni vaxtda Xocalını atəşə
tutmağa, bombardman etməyə başladılar.
- Yəqin ki, qeyri-bərabər döyüş şəraitində
ilk vəzifə mülki əhalinin xilas edilməsi idi...
- Dağlıq
Qarabağda məlum hadisələr başlanan vaxtlarda
Xocalı əhalisinin sayı artıq 7 min nəfərə
çatmışdı. Ancaq 1992-ci ilin fevral ayına qədər,
xüsusən, həmin ilin yanvar ayında ərzaq
çatışmazlığı və blokadanın
yaratdığı digər çətinliklər səbəbindən
əhalinin bir hissəsi Xocalını tərk etmişdi.
Əsasən də qadınların,
uşaqların və qocaların şəhərdən
çıxarılmasını həyata keçirə
bilmişdik. Sonuncu dəfə biz Gəncədən
təşkil etdiyimiz 6 vertolyot vasitəsilə əhalinin bir
hissəsini çıxardıq. 1992-ci il
fevralın 25-də Xocalıda təxminən 3 min nəfərdən
bir qədər çox mülki vətəndaş
qalmışdı. Onların da arasında
çoxlu sayda qocalar, qadınlar, uşaqlar var idi. Qeyri-bərabər döyüş zamanı təxminən
gecə saat 3-ə qədər müqavimət göstərə
bildik. Ayrı-ayrı dəstələr səhər
saat 5-ə qədər qəhrəmancasına
döyüşmüşdülər, çünki
yanlarında qadın, uşaq qalmamışdı. Qüvvələr nisbətinin qeyri-bərabər
olduğu bu döyüşdə təbii ki, ilk növbədə,
şəhər sakinlərinin xilasına
çalışdıq. Əsgəran
istiqamətinə getmək mümkün deyildi, çünki
orada erməni silahlı dəstələri hazır
dayanmışdılar. Ona görə əhalini
Qarqar çayından keçirərək, meşə vasitəsilə
xilas etməyə çalışdıq. İnsanlar meşənin içi ilə Ağdama qədər
15-16 kilometr qarlı yollarla yol gəlməli idilər. Səhər işıqlaşanda biz artıq Əsgərandan
Naxçıvanikə gedən yola çatmışdıq.
Orada meşə qurtarır və kol-koslu düzənlik
başlayırdı. Qarşıda isə
ermənilərin Azərbaycanın hərbi hissələrinə
qarşı cəbhə xətti var idi. Təsəvvür
edin, biz erməni cəbhə xəttini yarıb Ağdam tərəfə
keçməli idik. Xocalı əhalisinin kütləvi
şəkildə qırğına məruz qalması burada
baş verdi. Əgər
Xocalının özündə təxminən 100 nəfərə
qədər itkimiz olmuşdusa, ermənilərin Ağdama tərəf
olan cəbhə xətti yaxınlığında 500-dən
çox dinc əhali ermənilər tərəfdən vəhşicəsinə
qətlə yetirildi.
Amansız bir
qırğın oldu! Erməni rəhbərləri
bunu özləri də sonralar etiraf etdilər. Zori Balayan bu barədə yazdı. Robert Koçaryan və Serj Sarkisyan həyasızcasına
bildirdilər ki, biz Xocalıda dinc əhaliyə qarşı
da amansız olduğumuzu sübut etdik, stereotipləri aradan
qaldırdıq. Amma beynəlxalq ictimaiyyət hələ
də buna göz yumur!
- Hadisə baş verən günü Bakı ilə təmaslarınız
oldumu?
- Bakı ilə əlaqəmiz
hər gün var idi. Xocalı bir gün, iki
gün deyildi ki, mühasirədə saxlanılırdı.
Şəhər tam blokadada olduğu dörd ay
müddətində hər gün baş verən hadisələrlə
bağlı mərkəzə məlumat verirdik. Mən o zaman deputat deyildim. Amma
Ali Sovetə gəlirdim, birtəhər zala daxil olub
sözümü deyirdim, insanların Xocalıda hər an
ölümlə üzbəüz olduqlarını
deputatların diqqətinə çatdırırdım.
Həmin o stenoqramlar indi də durur. Bundan başqa, hər gün Xocalıdan Bakıya
teleqramlar göndərirdik. Şəhərin
ağsaqqalları, ziyalıları ölkə rəhbərliyinə
müraciətlərində hər an əhalinin
qırğına məruz qala biləcəyini bildirirdilər.
Amma bütün bunların qarşılığında
heç bir kömək olmadı! Qırğından
bir gün əvvəl, yəni, fevralın 24-də mən
telefonla Ağdamdakı qərargahla danışdım. Dedilər ki, narahat olmayın, qüvvələrimizlə
köməyə gəlirik. Fevralın 25-də
Az.TV-yə zəng vuraraq ermənilərin şəhərə
hücuma başlamaları ilə bağlı məlumat verdim.
Bakıya, Şuşaya, Ağdama - hər yerə
xəbər çatdırdım. Sonralar
istintaqla da müəyyən olundu ki, o zaman Ağdamda bizim
üç min nəfərdən çox hərbçimiz,
texnikamız, silah-sursatımız vardı. Sadəcə
olaraq ölkəyə rəhbərlik edən insanların qeyrəti
yox idi! Düşməndən incimək olmaz! Çünki
düşməndir, onunla vuruşmalısan, döyüşməlisən,
öldürməlisən! Gücün çatmasa, o səni
öldürəcək! Biz Xocalını sahibsiz qoyan, yiyə
durmayan, kömək etməyən, xilas etməyə cəhd
göstərməyən o vaxtkı ölkə rəhbərliyinə
nifrət edirik, onları lənətləyirik! Əgər
o vaxt hakimiyyətdə Heydər Əliyev olsaydı, Xocalı
faciəsi baş verməzdi.
- İstintaq materiallarından söz
açdınız. Xocalıda cinayət baş
verib, bir xalqa qarşı soyqırımı həyata
keçirilib. İnsan hüquqlarının qorunması ilə
məşğul olan beynəlxalq təşkilatlar, məhkəmələr
niyə bu günə qədər bu cinayətə qiymət
verməyiblər?
- Qabaqcadan
planlaşdırılmış kütləvi və amansız
qırğın aktı Xocalıda yaşayanların məhz
azərbaycanlı olduqlarına görə həyata
keçirilmişdir! Xocalı sakinlərinə
qarşı soyqırımı cinayəti Dağlıq
Qarabağın işğalı planı çərçivəsində
Ermənistanın həyata keçirdiyi etnik təmizləmə
siyasətinin növbəti mərhələsi idi. Bununla bağlı ölkəmizdə
araşdırmalar aparılıb. 1997-ci ildə
iki ay məhkəmə prosesi getdi. Azərbaycanın
Milli Təhlükəsizlik Nazirliyində, Hərbi Prokurorluqda
kifayət qədər faktlar, sübutlar toplanıb. Son
iki-üç il ərzində
tapşırıq verildi, yenidən iki min nəfərə qədər
Xocalı sakini dindirildi. Yəni, Xocalı hadisələri
ilə bağlı materiallar yetərincədir. Cani ermənilər haqqında materiallar, dəlil və
sübutlar lazımi qədərdir. Beynəlxalq məhkəmələrə
təqdim etmək üçün bu gün Azərbaycanın
müvafiq hüquq-mühafizə orqanlarında kifayət qədər
material var. Məlum olduğu kimi, məhdud coğrafi zonada
oxşar əməllərin törədilməsi
keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət
Tribunalı tərəfindən soyqırımı aktı
kimi tövsif edilmişdir. Ancaq məsələ
burasındadır ki, bu gün insan hüquqları ilə məşğul
olan beynəlxalq strukturlar Azərbaycanın dərdini görməzliyə
vururlar, hərbi tribunal yaratmaq, Xocalı hadisələrinə
qiymət vermək istəmirlər. Xocalıda
baş verənlər soyqırımı ilə əlaqədar
beynəlxalq konvensiyaların müddəalarına cavab versə
də, təəssüflər olsun ki, dünya ictimaiyyəti
faciəyə siyasi qiymət verməkdən hələ də
çəkinir.
Əslində,
beynəlxalq məhkəmələrdə də Xocalı hadisələri
ilə bağlı kifayət qədər məlumat var. Biz
Haaqada Beynəlxalq İnsan Hüquqları Məhkəməsinin
qarşısına yürüş etmişik. Qətnaməmizi,
yüz min insanın imzasını, Xocalı
soyqırımına aid materialları məhkəməyə
təqdim etmişik. Kimlər ki bu məsələ ilə
bağlı bilməlidir, kifayət qədər məlumatları
var! Dəqiqliyi ilə bilirlər ki, Xocalıda nə baş
verib, kim soyqırımına məruz
qalıb! Sadəcə olaraq onlar məsələyə
özlərinə sərf edən prizmadan yanaşırlar.
- Necə hesab edirsiniz, Xocalı
soyqırımının dünya ictimaiyyəti tərəfindən
tanınması üçün işimizi lazımi səviyyədə
qura bilirikmi?
- Biz bu gün Xocalı
soyqırımının tanınmasını kimdən umuruq?
Təbii ki, ilk növbədə, türk
qardaşlarımızdan, müsəlman dünyasından.
Birinci özümüzünkülər bu faciəni
tanımalıdır ki, sonra Avropada onu tanıtmaq asan olsun!
Düzdür, hər bir dövlətin öz problemləri var.
Məsələn, Türkiyədə Xocalı məsələsi
qaldırılanda başqa xristian dövlətləri qondarma
"erməni soyqırımı"nı gündəmə
gətirərək rəsmi Ankaraya təzyiq göstərirlər.
Ermənilər
öz təbliğat maşınlarını yalan üzərində
qurublar. Yüz ildən çoxdur ki, tarixi saxtalaşdırmaqla
bütün dünyanı aldadırlar. Digər tərəfdən,
erməni yalanlarının dünyada ayaq tutub yeriməsində
din amili də az rol oynamayıb. Amma bizim din qardaşımız bu gün erməniyə
bir nömrəli qardaş olub. Ona görə Xocalı
soyqırımının dünya dövlətləri tərəfindən
hələ tanınmamasında Azərbaycanın günahı
yoxdur! Təqsir dünyada mövcud olan ədalətsizlikdədir!
Azərbaycan dövlətinə, onun gündən-günə
güclənməkdə olan mövqeyinə qarşı qərəzli
münasibətdədir!
Azərbaycan dövləti
Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi
cinayətlər, o cümlədən Xocalı
soyqırımı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, onun
soyqırımı kimi tanınması üçün məqsədyönlü
və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin
bərpasına nail olmaq, məlum cinayətkarları beynəlxalq
səviyyədə ifşa etmək və onları dünya
ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün hər
bir azərbaycanlının, qanında, canında vətən
sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas
vəzifələrdən biri Azərbaycan dövlətinin bu
istiqamətdə həyata keçirdiyi işlərə dəstək
verərək Xocalı soyqırımı barədə əsil
həqiqətləri dünyaya çatdırmaq, faciəyə
beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin
verilməsinə nail olmaqdır.
Mən bu
istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətini
xüsusilə qeyd etmək istərdim. Fondun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Xocalı həqiqətlərinin dünyaya
yayılması ilə bağlı həyata keçirilən
tədbirlər göstərir ki, Heydər Əliyev Fondu
effektiv nəticənin hasil olması üçün bu sahədəki
fəaliyyətini keyfiyyətcə yeni mərhələyə
qaldırıb. İslam Konfransı Təşkilatının
Gənclər Forumunun mədəniyyətlərarası dialoq
üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın
təşəbbüsü ilə fəaliyyətə
başlamış "Xocalıya ədalət"
kampaniyası ötən dövr ərzində uğurla davam
edib və artıq bu aksiyaya dünyanın əksər ölkələrində
yüzlərlə könüllülər qoşulub.
Məhz bu
cür ardıcıl və məqsədyönlü tədbirlərin
nəticəsidir ki, getdikcə dünya ictimaiyyəti
Xocalı soyqırımı haqqında daha çox məlumata
malik olur, əsl həqiqətlərin nədən ibarət
olduğunu anlayır.
Müsahibəni apardı: Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2011.-22 fevral.- S. 8.