Qarabağın azad ediləcəyi gün uzaqda deyil

 

Amansız və ədalətsiz müharibənin başlanmasından 23 il ötür

 

"Böyük Ermənistan" yaratmaq xülyasında olan ermənilər tarix boyu Azərbaycan ərazilərinə göz dikiblər. Təcavüzkar dövlət növbəti dəfə ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycana qarşı torpaq iddiasını qaldırdı, Dağlıq Qarabağa göz dikdi. 1985-ci ildə ermənipərəst M.Qorbaçovun SSRİ rəhbərliyinə gəlməsindən sonra Azərbaycana qarşı ərazi iddialarını gizlətməyən ermənilər separatizm, terror və silahlı münaqişə yolunu tutdular.

1988-ci ilin fevralında ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsini qoparıb Ermənistana birləşdirmək üçün açıq fəaliyyətə başladılar. O vaxtkı Azərbaycan rəhbərliyinin baş verən hadisələrə laqeydliyinin ilk acı nəticəsi olaraq 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin növbədənkənar keçirilən sessiyasında bu vilayətin respublikamızın tərkibindən çıxarılması haqqında qərar qəbul edildi. Fevralın 22-də isə Əsgəranda iki azərbaycanlının qətlə yetirilməsi ilə ermənilər silahlı münaqişənin əsasını qoydular. Bununla da, amansız və ədalətsiz müharibə başladı.

Beləliklə, torpaqlarımıza təcavüz başlandı, sərhədlərimiz pozuldu, dinc əhaliyə qarşı zorakılıq göstərildi. Xarici havadarlarının köməyi və eləcə də o vaxtkı Azərbaycan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində lazımi müqavimətlə üzləşməyən ermənilər cənnət Qarabağımızı və onun ətrafındakı rayonlarımızı işğal etdilər. Neçə-neçə kənd və şəhərimizi dağıtdılar, dinc əhaliyə qarşı soyqırımını həyata keçirməkdən belə çəkinmədilər.

Xocavənd rayonu da erməni separatizmini, vəhşiliyini Dağlıq Qarabağda məlum hadisələr başlanan ilk günlərdən hiss edirdi. Düşmənlə dörd il mübarizə aparan rayonumuz böyük müsibətlər yaşadı, 145 nəfər şəhid verdi. Xocavənddə ən çox itki verən və ağır döyüş yolu keçən kəndlərdən biri də Qaradağlı idi. Amansız döyüşlərdə qaradağlılar müasir silahlarla silahlanmış düşmənə nəinki müqavimət göstərirdilər, hətta onların xeyli canlı qüvvəsini və texnikasını məhv etməyi bacarırdılar. Dörd il yalnız kənd sakinlərinin gücü hesabına müdafiə olunan Qaradağlının hər daşı, hər qayası uğrunda mübarizə getsə də, 1992-ci il fevral ayının 16-da qeyri-bərabər döyüş sonda bu kəndin də işğal edilməsinə səbəb oldu. Ancaq kəndin igid oğulları sinələrini doğma yurda sipər çəkib sübut etdilər ki, vətən, yurd sevgisi dünyada hər şeydən, hətta canlarından da əzizdir. Onlar böyüyüb boya-başa çatdıqları, isti yuva qurduqları doğma Qaradağlının hər qarış torpağını öz qanları ilə suvadılar, lakin məğrurluqlarını itirmədilər.

Qaradağlıdan sonra ermənilər növbəti soyqırımı cinayətinə Xocalıda imza atdılar. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli ərazidə maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını Yer üzündən birdəfəlik silmək idi. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Düzdür, buna nail ola bilməsələr də, ermənilər 366-cı alayın köməyilə 1992-ci ilin 26 fevralında Xocalıda tarixə ən dəhşətli qanlı səhifələrdən birini yazdılar. Həyata keçirilən soyqırımı nəticəsində 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

Erməni faşistləri hətta uşaqların belə, canına qıymaqdan çəkinmədilər. Xocalıdan 63 uşaq qətlə yetirildi. Mənim Qaradağlıda dərs dediyim 8 şagirdim də ermənilər tərəfindən qəddarlıqla öldürülmüşdü. İndi hər dəfə əlimə jurnal alıb sinfə girəndə o şagirdlərin məsum üzlərini, gülüşlərini axtarıram, onların yarımçıq qalmış arzuları üçün ürəyimdə ağlayıram.

Qaradağlı, Xocalı, daha neçə belə yurdumuz təkcə işğal edilmədi. Ermənilərin buradakı əməlləri həm də qanlı faciə kimi tarixə düşdü. Uzun illərdir ki, qəlbimizdə qövr eləyən və heç zaman sağalmayan yaralar göynəyir, sızıldayır. Qaradağlıda, Xocalıda, bütün Qarabağda insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Bu həqiqəti görməmək üçün gərək kor olasan, bu həqiqəti eşitməmək üçün gərək kar olasan. Bu faciələr 100 il deyil, 19 il bundan əvvəl baş verib. Ermənilərin bu çirkin əməllərinin canlı şahidləri yaşayırlar. Necə olur ki, dünya bədnam ermənilərin 100 il bundan əvvəl guya ki, törədildiyini iddia etdikləri qondarma soyqırımını tanıyır, amma 19 il əvvəl Qarabağda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə biganə yanaşır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ikili standartlardan əl çəkməlidirlər. Qaraya qara, ağa ağ deyilməlidir. Azərbaycan ərazilərində törədilən vəhşiliklər dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi qəbul edilməlidir.

Qaradağlıda erməni vəhşiliyinə düçar olan ailələrdən biri də bizim ailəmizdir. Həyat yoldaşım - Qaradağlı kənd orta məktəbinin direktoru olan Nobil Zeynalov kəndimizin müdafiəsində qəhrəmanlıqla dayanmışdı. Qaradağlıda bir nömrəli müdafiə səngəri Nobil müəllimin səngəri adlandırılırdı. O, 1992-ci ilin fevral ayında ermənilərlə qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid oldu. Həyat yoldaşım və onunla bir yerdə döyüşən qaradağlılar öz doğma torpaqlarından bir addım da olsa, geri çəkilmədilər. Onların çıxış yolları da var idi, çünki o kənddə doğulmuşdular, böyümüşdülər - hər daşına, hər qayasına bələd idilər. Kənddən çıxa bilərdilər. Amma qeyrətlərinə sığışdırmadılar. Əliyalın, silahsız olsalar da, sinələrini düşmən güllələrinin qabağına verdilər.

Nobil müəllimin iki övladı var. Ataları şəhid olanda böyük oğlu 2 yaşında, kiçik oğlu isə 3 aylıq körpə idi. Bu gün onlar böyüyüblər. Kiçik oğlu əlində silah vətənin keşiyindədir. Amma onlar dünyanın ən gözəl nemətlərindən olan ata sevgisindən, ata məhəbbətindən məhrum olublar. Tək mənim övladlarım yox, neçə-neçə övladımız Qarabağda gedən döyüşlərdə valideynini itirmişdir. Valideyn sevgisini, məhəbbətini nə ilə əvəz etmək olar? Var-dövlətləmi, pullamı? Xeyr! Biz qisasla təsəlli tapa bilərik, itirilmiş torpaqlarımızı azad etməklə sevinə bilərik. O zaman şəhidlərimizin ruhunu da şad edərik.

Biz igid-mərd oğullar böyütmüşük. Gənclərimizi, övladlarımızı bu torpağı azad görmək ruhunda yetişdirmişik. İşğal altında olan ərazilərimizi silah gücünə azad etmək lazım gələrsə, oğullarımız düşmənin üstünə gedəcək. Bir ana kimi bununla fəxr edirəm. İnanırıq ki, işğal altında olan digər torpaqlarımız düşməndən azad ediləcək. Çünki bunu etməyə qadir Azərbaycan ordusu, mübariz ruhlu oğullarımız var. O gün uzaqda deyil...

 

 

Xuraman TAHİROVA,

Xocavənd rayonundan

məcburi köçkün,

Nərimanlı kənd orta məktəbinin müəllimi

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 8.