Xocalı soyqırımına gedən
yol
Az qala bir əsrdir ki, ermənilər tarixdə olmayan hadisəni dünya ictimaiyyətinə qəbul etdirmək, tanıtdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Erməni mənfurlarının dəyirmanına su tökən və onlara ağalıq edən bəzi havadarları isə, təəssüf ki, bir çox hallarda əsl həqiqətləri bilərəkdən tarixin saxtalaşdırılmasının iştirakçısına çevrilirlər. Məhz bu səbəbdəndir ki, tarixdə baş verməyən bir olayı dünyanın bəzi dövlətləri "erməni soyqırımı" kimi tanıyırlar. Lakin bununla fərqində olmaq istəmirlər ki, tarixin özünə böhtan atmış olurlar, əsl həqiqətlərə çirkab yaxırlar.
Faciədən faciəyə
Amerika yazıçısı Samuel Vimsin "Ermənistan: böyük hiylə - terrorçu xristian dövlətinin sirləri" adlı kitabında qeyd etdiyi kimi, əslində bu "soyqırımı" ətrafında yaranan hay-küy ermənilərə Türkiyədən, Amerika və dünya xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq üçün lazımdır. Cənab Vims onu da diqqətə çatdırır ki, həqiqətdə ermənilərə qarşı heç bir kütləvi qətl hadisələri törədilməyib, sadəcə, erməni yalan maşını dünyanı çaşdırmağa, özlərinin "məzlum" bir görüntüsünü yaratmağa çalışır.
Hələ də dünyaya yalançı bir "soyqırımı" sırımaq cəhdindən əl çəkməyən bu "məzlumlar"ın əsl iç üzünün nədən ibarət olduğu isə Xocalıda bəşəriyyətə bir daha aydın oldu. Dünya gördü ki, "soyqırımına uğradıqları barədə" car çəkən ermənilər əsl həqiqətdə özləri çəkinmədən soyqırımı törətməyə, bu zaman ən ağlasığmaz qəddarlıqlara, vəhşiliklərə əl atmağa hazırdırlar. Çünki bu amansızlıq, vəhşilik, insanlıq adına ləkə gətirən cinayətlərin törədilməsi ermənilərin xislətində yer alır. Təkcə Azərbaycan xalqına qarşı müxtəlif vaxtlarda törədilən soyqırımılarına nəzər salmaqla bunun real sübut və mənzərələrini görmək mümkündür. XX əsrin sonlarında bu soyqırımın daha bir dəhşətli səhifəsi isə Xocalıda yazıldı. Bir gecənin içində yüzlərlə günahsız insan, qadın, qoca, körpə, cavan amansızlıqla qətlə yetirildi. Bununla ürəyi soyumayan erməni cəlladları meyitlərin üzərində belə öz vəhşiliklərini nümayiş etdirməkdən çəkinmədilər, beləliklə də bir daha yalnız bioloji baxımdan "insan" adı daşıya biləcəklərini nümayiş etdirdilər.
Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Düzdür, buna nail ola bilməsələr də, ermənilər 366-cı alayın köməyilə tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırdı.
Daralan mühasirə
Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Xocalı bu problemin ağırlıqlarını öz üzərində hiss edirdi. Ermənistandan qovulmuş soydaşlarımızın və Fərqanədən olan Ahıska türklərinin böyük bir dəstəsi məhz Xocalıya pənah gətirmişdi. 1500 Ermənistan qaçqını və 495 Ahıska türkü Xocalıda məskunlaşmış, onlara torpaq sahəsi ayrılmış, evlər tikilmişdi. Bu dövrdə ümumiyyətlə Xocalıda tikinti-quruculuq işləri geniş vüsət alırdı. Belə ki, 1988-ci ilin oktyabrında Azərbaycan hökuməti tərəfindən Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul edilmişdi. Bu qərarla əlaqədar ölkənin müxtəlif rayonları Xocalıya və bütövlükdə Qarabağa kömək göstərirdi. Azərbaycanın rayonlarından Xocalıya tikinti materialı daşınır, işçi qüvvəsi gəlirdi. Xocalı sürətlə tikilir, genişlənir və gözəl bir şəhərə çevrilirdi. 1990-cı ilin aprelində Azərbaycan hökumətinin qərarı ilə Xocalıya şəhər statusu verildi.
Belə bir vaxtda Qarabağda ermənilər silahlanır, yollarda faciəli hadisələr ara vermirdi. Ona görə xocalılılar da müəyyən müdafiə tədbirləri görürdülər. Ermənilər isə hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar. Çünki Xocalının tutulması Qarabağ münaqişəsinin sonrakı taleyində həlledici rol oynayan əsas məqamlar sırasında yer alırdı. Düşmənin diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri onun geostrateji mövqeyi idi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Hələ Volskinin hakimiyyəti dövründən Xocalı aeroportuna gündə 20-30 təyyarə enib-qalxırdı. Onların əsas yükü silah və xarici ölkələrdən köməyə gələn könüllü və muzdlu əsgərlər idi. Dünyanın hər yerindən Dağlıq Qarabağ ermənilərinə kömək etmək üçün erməni könüllüləri daşınırdı. 1990-cı ilin noyabrında Əlif Hacıyev Xocalı təyyarə limanında Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı aeroportunun komendantı təyin olundu. Bu, ermənilərin silah daşımasının qarşısını müəyyən qədər aldı. Lakin yollarda qətl və təxribat hadisələri davam edirdi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Moskvadan və xaricdəki erməni diasporundan verilən dəstək, o vaxtkı Azərbaycan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində lazımi müqavimətlə üzləşməyən ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndlərini işğal etdi. Bunun ardınca Xocavənd kəndi də işğalçıların nəzarəti altına keçdi.
Bu dövrdə Xocalı yenə də döyüşür və ermənilərin işğal siyasətinin daha sürətlə genişlənməsinə mane olurdu. Belə ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edəndə Xankəndi və ermənilərin məskunlaşdığı digər yerlər də Xocalıdan atəşə tutulur və düşmənin öz niyyətini həyata keçirməsinə maneələr yaradılırdı. Lakin Xocalıya və Qarabağın düşmən hücumuna məruz qalan digər bölgələrinə o vaxtkı Azərbaycan iqtidarı tərəfindən lazımi yardımlar edilməməsi və hakimiyyət uğrunda gedən savaşlar ermənilərin öz niyyətini daha asan reallaşdırmağa imkan verirdi. Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldı. Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi.
Xocalı faciə ərəfəsində
Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi. Xocalıda isə vəziyyət getdikcə ağırlaşırdı. Şəhər hələ 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Ermənilərin hücumları isə ara vermirdi. 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı maşında atəşə tutulub qətlə yetirildi. Ətraf erməni kəndlərindən hər gecə Xocalı "Alazan" və "Kristall" raket qurğularından atəşə tutulurdu. Noyabr ayından isə Xocalının Ağdama və Şuşaya çıxış yolları tamamilə bağlandı.
Həmin dövrdə Dağlıq Qarabağda erməni separatçıları da fəaliyyətini genişləndirirdi. Bunun nəticəsində 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ respublikası" adlanan oyuncaq dövlət yaradıldığı bildirildi. Həmin ilin noyabr ayının 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağın muxtar vilayət statusunun ləğv olunduğunu bəyan etdi.
Proseslərin gedişi mövcud durumu daha da çətinləşdirirdi. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələrinin mühasirəsinə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Şəhəri əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərinə avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısı, "Alazan" raket qurğuları, PDM, ZTR və tanklar cəmlənmişdi. Qüvvələrin əsas hissəsi isə Xankəndidə və Əsgəranda əmrə hazır dayanmışdı. Həmin dövrdə şəhərdə hələ 3 min nəfər yerli əhali olsa da, Xocalıya vertolyot da göndərilmirdi. Ermənilər istər canlı qüvvə, istərsə də hərbi texnika və silah cəhətdən xocalılılardan müqayisəedilməz dərəcədə üstün idi. Buna rəğmən ölkə rəhbərliyi şəhərin xilası istiqamətində heç bir addım atmırdı. Yaranan vəziyyətdən maksimum dərəcədə faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər. 1992-ci il fevralın 25-də gecə saatlarında Xankəndidə olan 366-cı alayın iştirakı ilə üç istiqamətdən Xocalıya hücum başlandı...
(Ardı var)
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-22 fevral.- S. 9.