SSRİ-nin siyasi rəhbərliyi, güc strukturları iğtişaşların mahiyyətini və törənmə səbəblərini araşdırmaqda, tədbir görməkdə qətiyyən maraqlı deyildilər

 

Sumqayıt hadisələrindən 23 il keçir

 

Sumqayıt iğtişaşları erməni terror təşkilatlarının xaricdəki havadarları və erməni lobbisi ilə birgə hazırladıqları ssenari əsasında həyata keçirilir, SSRİ DTK tərəfindən idarə olunurdu. Bu vəhşi aksiyaya uzanan yollar, əslində, Ermənistandan start götürmüşdü. Ötən əsrin əvvəllərində - 1918, 1948, 1968-ci illərdə ermənilərin millətimizin başına gətirdikləri fəlakətin növbəti qanlı səhifəsi məhz 1988-ci ilin fevralında Sumqayıtda açıldı. O illəri xronoloji ardıcıllıqla xatırlasaq görərik ki, hələ 1987-ci ilin payızından başlayaraq ermənilər Ermənistanda yaşayan azərbaycanlılardan əvvəlcədən hazırlanmış saxta sənədlərə imza atmalarını israrla tələb edirdilər.

Soydaşlarımız cürbəcür təzyiqlərə məruz qalsalar da, "Mən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz etmirəm" məzmunlu sənədlərə imza atmaqdan qəti şəkildə imtina etmişdilər. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası keçirildi və muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edildi. Qeyri-qanuni qərara dözməyən xalq arasında təbii bir etiraz yarandı, çaxnaşma başlandı. İki gün sonra Əsgəranda ermənilər Əli və Bəxtiyar adlı azərbaycanlı gəncləri qətlə yetirdilər. Xalq bu faciəyə etiraz əlaməti olaraq ayağa qalxmaq istəyəndə yerli hakimiyyət bu addımın qarşısını cidd-cəhdlə aldı. Beləliklə, separatçı təşkilat olan "Krunk" öz fəaliyyətini daha da genişləndirdi. Silva Kaputikyan və Zori Balayan himayədarlarının köməyi ilə Mixail Qorbaçovun qəbulunda oldular. Bu işdə Qorbaçovun köməkçisi Şahnazarovun da xüsusi canfəşanlığı, köməyi az rol oynamadı. Xatırladaq ki, Sumqayıt hadisələri məhz bu adamların məsləhət və tövsiyələri əsasında hazırlanmışdı.

Sumqayıt hadisələrindən dərhal sonra kütləvi həbslər başlandı. Amma həbs edilmiş cinayətkar erməni Eduard Qriqoryan Azərbaycanda cəza çəkməli olduğu halda hansısa "xidmətlərinə" görə sonradan Ermənistan tərəfinə təhvil verildi. Heç bir günahı olmayan Əhməd Əhmədov isə Moskva məhkəməsi tərəfindən ölüm hökmünə məruz qaldı. Haqsız yerə həbs edilmiş Elçin Gəncəliyev işgəncələrə dözməyərək intihar etdi.

...Əslən Lerik rayonundan olan 1964-cü il təvəllüdlü Əhməd Əhmədov Sumqayıt Xovlu İplik Fabrikində fəhlə işləyirdi. Növbədən qayıdarkən şəhərin 41-ci məhəlləsi istiqamətinə axışan kütləyə qeyri-ixtiyari olaraq o da qoşulmuşdu. Çılğın xarakterli, baş verən hadisələrə vətənpərvərliklə reaksiya verən gənc Əhmədin qəlbində erməni separatizminə qarşı çağlayan nifrət hissi onu iğtişaşların ön cərgəsinə aparıb çıxarmışdı. Sonralar prokurorluqda nümayiş etdirilən videolentdə Əhmədin meqafonla səsləndirdiyi qəzəb dolu çıxış müstəntiqlərin ciddi narahatlığına səbəb olmuşdu.

Hazırda Sumqayıtda marşrut avtobusunun sürücüsü işləyən Möhübbət Əhmədov haqsız yerə güllələnmiş qardaşı Əhmədin həbsi və məhkəməsi ilə bağlı təfərrüatı ürək ağrısı ilə xatırlayır: "Martın 3-də üç nəfər mülki geyimli şəxs qəfildən mənzilimizə soxuldu. Əhməd həmin vaxt hamamda yuyunurdu. Təsəvvür edirsinizmi, gözləməyə səbirləri çatmadı, qapını sındırıb tələm-tələsik Əhmədi oradan çıxarıb zorla harasa apardılar. Sonralar bildik ki, milis şöbəsinin təcridxanasında saxlayırlar. Gəlib evdən bütün pal-paltarını, şəxsi əşyalarını da aparmışdılar. Bir məqama da toxunmaq istərdim: hadisələr baş verən günlərdə Əhməd çox sevdiyi boz kostyumda olub. Müstəntiqlər milis idarəsinə bu kostyumu da aparmışdılar. İndi adını çəkmək istəmirəm, şəhər milisində işləyən bir kəmfürsət vardı, hər gün gəlib bizdən müəyyən məbləğdə pul alırdı ki, Əhmədə kömək məqsədilə xərcləyəcək. Axırda məlum oldu ki, o, Əhmədin heç üzünü də görmürmüş. Sonra həmin adam bizi təlimatlandırdı ki, Əhməd ifadə verəndə iğtişaş günü əynində boz yox, qara rəngli kostyum olduğunu bildirsin. Bizi inandırdı və güman etdik ki, bəlkə elə bu cür lazımdır, köməyi dəyər. Əhmədin "adına yazılmış" qara kostyum düz Moskvaya, Ali Məhkəmənin salonunadək gedib çıxdı, Əhmədin əynində olan özünün boz kostyumu isə birdəfəlik itib-batdı. O qara kostyumda olan "qan ləkəsi" Əhmədin həyatına son qoydu. Beləcə, qardaşım nahaqdan sənədsiz-sübutsuz güllələndi. Amma Əhməd and içərək valideynlərimizi də, məni də inandırmışdı ki, əli heç kimin qanına batmayıb.

Qardaşım həssas, ürəyiaçıq, həm də haqsızlığa qarşı barışmaz bir insan idi. Moskvada keçirilən məhkəmədə ermənipərəst hakimlər, vəkillər və xalq iclasçıları bizim vəkili, şahidləri heç dindirməyə qoymadılar. Qəribədir ki, əslində əyninin ölçüsündə olmayan qara kostyum yenə Əhmədin "üzünə durdu", şahidlik etdi və 300-dək erməninin də qatıldığı məhkəmədə Əhmədə ölüm hökmü kəsildi. Əhməd hakimə bircə bunu dedi ki, mənə edilən zülmün bircə faizi sənə edilsəydi, azından yüz adamı öldürdüyünü boynuna alardın. İndi bilmirəm Əhmədə zülm verən müstəntiqlər yaşayır, yoxsa yox, amma görəsən, heç yuxularını qarışdırmırlar ki... Əhməd kimi oğulun əzablarını yada salmırlarmı?"

Ömrünün gənc çağında nişanlısını gözü yolda qoyub həyatdan vaxtsız getmiş Əhmədin bu iğtişaşlarda günahı yox idi. Hadisələrin təşkilatçısı və ilhamvericisi Eduard Qriqoryana isə adam ölümündə və zorlamalarda iştirakını sübut etdilər. Bunun müqabilində ona 12 il iş kəsdilər. Sonra da müəmmalı şəkildə haralarasa çıxıb getdi. Möhübbət Əhmədov deyir ki, qardaşımın dəlilsiz-sübutsuz güllələnməsi ilə bağlı illər uzunu müxtəlif ünvanlara müraciətlər etmişdir. "Lakin erməni separatizminin qurbanı olan qardaşımın bəraət almasına hələlik nail ola bilməmişik. Çox istərdik ki, Əhmədin dərdinə dözməyib dünyadan vaxtsız getmiş valideynlərimin nigaran ruhu xatirinə qardaşıma bəraət versinlər. O, vətən uğrunda, azadlıq uğrunda şəhid olan oğullarımıza tən tutulsun. Ümidliyik, çox ümidliyik..."

Faktlar bir daha göstərir ki, Sumqayıt hadisələrində günahkar olan erməni ekstremistlərinə və millətçilərinə ruh verən, dayaq olan Ermənistan rəhbərliyinin cəzalandırılması əvəzinə törədilən cinayətlər adiləşdirilərək yalnız azərbaycanlılar təqib olunmuşlar. Doğrudur, cinayətkarlardan biri olan erməni Eduard Qriqoryan da hadisələrə görə məsuliyyətə cəlb olunmuşdu. Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Ənvər Həmidov redaksiyamıza ünvanladığı arayışda Eduard Qriqoryanın təsadüfən ələ keçdiyini, yəni hadisələrdən sonra zərər çəkmiş erməni qızlar - Marina və Karina Mejlumyan bacıları tərəfindən tanındıqdan sonra fakt qarşısında məsuliyyətə cəlb edildiyini bildirir. Qriqoryan zərər çəkmiş ermənilər tərəfindən tanınmasaydı, onu da, çox güman, məhz erməni olduğuna görə, təsadüfən tutulmuş adam kimi buraxacaqdılar, necə ki, onun həmin hadisələrdə tutulmuş digər qardaşlarını azad etmişdilər.

Hazırda aparılmış istintaqla müəyyən edilmişdir ki, Eduard Qriqoryanın özündən başqa daha iki qardaşı Sumqayıt hadisələri zamanı erməni mənzillərinin talan edilməsində xüsusi fəallıq göstərmişdir. Sumqayıtda yaşayan digər ermənilər də öz soydaşlarına qarşı qəsdən və ya xüsusi məqsədlə təxribatlar törədib, sonra bunu azərbaycanlıların boynuna yıxmağa çalışmışlar. Məsələn, şəhərin 9-cu mikrorayonunda yaşayan Benik Qriqoryan öz mənzilini, həmçinin Babayan soyadlı qohumunun mənzilini yandırıb sonra bunu bir azərbaycanlının üstünə atmışdır. Həmin ermənilərin evlərinə baxış keçirilərkən məlum olmuşdur ki, faktiki olaraq boş mənzillər yanmışdır. O vaxt istintaq qrupunun üzvləri bu hala diqqət yetirdikdə Benik Qriqoryan onlara rüşvət təklif etmişdir. Amma SSRİ Baş Prokurorluğunun istintaq qrupu həmin fakta heç bir hüquqi qiymət verməmişdir.

Hazırkı istintaqla birmənalı olaraq müəyyən edilmişdir ki, Eduard Qriqoryan və qardaşları Dağlıq Qarabağdan olan "Krunk"un emissarları ilə əlaqə saxlamış, onlardan əslən qarabağlı olan, erməni separatizmini qəbul etməyən, fonda pul keçirməyən ermənilərin ünvanlarını götürmüş, habelə xüsusi həblər və spirtli içkilər əldə etmək üçün pul almış, sonra cinayət meyilli azərbaycanlı qonşuları ilə ümumi dil tapmış, iğtişaşlara cəlb etmişlər. Mənəvi cəhətdən yetkin olmayan gənc azərbaycanlılar Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqlərə aparılaraq Qafandan gəlmiş soydaşlarımız kimi təqdim olunmuş, ermənilərin orada dinc azərbaycanlıları qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini iddia edərək mitinq iştirakçılarını ermənilərdən intiqam almağa çağırmışlar. Daha sonra Sumqayıtda yaşayan ermənilərin ünvanları paylanmış və Eduard Qriqoryanın başçılığı ilə 100 nəfərə yaxın adam ermənilərin mənzillərini talan etməyə girişmişdir.

Ənvər Həmidov bildirir ki, Sumqayıt şəhərinin keçmiş güc strukturları əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, müəyyən etmişlər ki, şəhərdə özlərini "Qafandan qovulmuş azərbaycanlılar" kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət göstərib. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır. O vaxtlar SSRİ Baş Prokurorluğunun istintaq qrupunda tərcüməçi kimi fəaliyyət göstərmiş Nofəl Əhmədov bildirir ki, həmin təxribat qrupunun ifşa edilməsi üçün cüzi də olsa tədbirlər görülməmişdir.

 

DTK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olan "Paşa" ləqəbli Eduard Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılsa da, o buna şübhə ilə yanaşmış, milliyyətcə erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını demişdir. Martın əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev onu çağıraraq Eduard Qriqoryan barədə məlumatın doğru çıxdığını və artıq həbs olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açılmış, əməliyyatın gedişində "Paşa"nın əslən qarabağlı, milliyyətcə erməni olan Osipov və ya Osipyan soyadlı bir "həmkarı" ilə söhbətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat aldıqdan sonra bu ölkənin müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlmişdir. Lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamaqdan və göndərməkdən imtina etmişlər.

Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin hansı dərəcədə maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr müavini Filipp Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdir ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti var. SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə yalnız iğtişaşların icraçıları ilə maraqlanmış, cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv iş aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri, demək olar ki, kölgədə qalmışdır.

 

(Ardı var)

 

 

Akif CABBARLI,

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 9.