Elin gözəli, çərşənbənin əzəli

 

Bu il dünya qardan, çovğundan, şaxtadan, tufandan, qasırğadan çox əziyyət çəkdi. Hələ də bir çox xarici ölkələrdə qışın fəsadları davam etməkdədir. Bakıya isə elə də güclü qar yağmadı. Uşaqlar xüsusilə onun həsrətini çəksə də, şəhərimiz davamlı olaraq ağ örpəyə bürünmədi. Bəzi bölgələrimiz təbiətin bu ağ libasını geysə də, əslində, qış mülayim keçdi. Günlər quş kimi qanadlanaraq bizi yaza doğru aparmaqdadır. Qarşıdan qədim və milli bayramımız olan Novruz gəlməkdədir. Bineyi-qədimdən Novruz bayramını bolluq, bərəkət, firavanlıq simvolu kimi qarşılayaraq əziz tutublar. Xalq deyimlərində qış əsasən üç çillədən ibarətdir. Təsəvvürlərə görə, birinci - Böyük Çillə qışın başlanğıcından fevralın əvvəlinədək olan günlərdən ibarətdir. Böyük Çillənin yarısı sayılan və qışın "oğlan çağı" adlanan Kiçik Çillə isə fevralın iki ongünlüyüdür. Kiçik Çillədən Novruz bayramınacan olan vaxta isə Boz ay deyirlər. Ayın belə adlanması onun buludlu, yağışlı, küləkli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

 

Etiqada görə, Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.

Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Bu il Novruzun Su çərşənbəsi fevralın 22-nə düşür. İnama görə həmin gün sular təzələnir. Gün doğmamışdan öncə kənd yerlərində insanlar bulaq üstə gedər, əl-üzünü yuyar, bir-birinin üstünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, Su çərşənbəsi günü su üstündən keçənlər ilboyu azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, Su çərşənbəsi günü bulaqların şəfası artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su qırağında, bulaq başında, çay kənarında su çağıran, onun gözəlliyini, qüdrətini müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, söylənən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-hesabı yoxdur.

 

Su axır samanlıqdan,

Yol keçir qaranlıqdan.

Çalış, yaxşılıq elə,

Nə çıxar yamanlıqdan.

 

Su çərşənbəsi ilə bağlı müxtəlif ayinlər, etiqadlar da var. Həmin gün bulaq başında, su kənarında dayanan insanlar ürəklərindən keçənləri mütləq suya söyləməli, onun duru aynasından, qırçınlı ləpələrindən niyyətlərinin hasil olmasını arzulamalıdırlar. Suyun qüdrətinə inananlar adətən, nikbin təbiətli olurlar. Söyləyirlər ki, ən pis, qorxulu yuxunu da suya danışsan, xeyir taparsan. Ta qədimlərdən nənələrimiz suya baxaraq dodaqaltı pıçıldayarmışlar: "Suyun bəndinə qurban, belə hər fəndinə qurban...". Su gələn yerlərə dirilik gələr, bar-bəhər göyərər. Susuz çöllərin sinəsi cadar-cadar olar. Su olan yerdə həyat var. Hətta ən gözəl qıza da tərif deyəndə onu su pərisinə bənzədərmişlər.

Su ilə bağlı atalar sözləri də maraqlıdır. Bu hikmət boğçasında diqqət çəkən müqayisələr var: "Suda boğulan saman çöpündən yapışar", "Suyun lal axanı, adamın yerə baxanı", "Sulu el abadan, susuz ev viran olar", "Su bardağı suda sınar", "Su axar, çuxurun tapar". İnanclar da minillərin sınağından çıxıb. Ona görə də insanlar həmişə özünü doğrultmuş bu müdrik fikirlərə inam bəsləyərlər: "Qaynar suyu yerə tökməzlər", "Yuxuda su görmək aydınlıqdır", "Su içərkən adamı ilan da çalmaz", "Qonşunun suyunu kəsməzlər", "Su içən adamı qəfil vurmazlar", "Susuza su verməmək günahdır", "Ayaq üstə su içməzlər", "Odu su ilə söndürmək günahdır", "Yol böyüyündür, su kiçiyin", "Səfərə çıxanın arxasınca su atarlar", "Sucan ömrün olsun", "Su kimi duru olasan", "Su kimi paka çıxasan", "Su murdar götürməz". Böyük Nizami onu da deyirdi ki, "Sözün də su kimi lətafəti var".

Su fallarına görə, Su çərşənbəsi günü insanlar su götürüb evə gətirərlər. Buna "lal su" deyirlər. Çünki heç kəs danışmamalıdır. Bu suyun özgə hikməti olur. Suyu bir neçə piyaləyə töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, onun sahibi səsin sayına bərabər aydan, ya ildən sonra gəlin köçəcək. Su fallarının hər bir bölgədə özünəməxsusluğu var. Belə ki, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, sevgililər tezliklə qovuşacaqlar.

Hətta qədim təbabətimizdə də su ilə bağlı maraqlı məsləhətlər var. Su çərşənbəsində övladı olmayan qadının başından 40 cam su töksən niyyətin hasil olar. Qorxan adamın Su çərşənbəsində başından su atsan qorxusu keçər. Elə qədimdən üzü bəri səksənən, qorxan adama adətən, su içirdərlər. Bayılan insanın üzünə su çiləsən özünə gələr.

Təbiətdə müalicəvi əhəmiyyəti olan sular da var. İnsanlar müxtəlif xəstəlikləri o təbii nemətin köməyi ilə sağaldarlar. Allah-taala bu nemətləri Azərbaycandan da əsirgəməyib. Turşsu, İstisu kimi şəfalı sularımızın şəfaverici xüsusiyyətləri ölkəmizdən kənarda da məşhurdur.

Sübh tezdən bulaqdan yeddi balaca daş gətirərlər. Onları evin küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin bar-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun. Su ilə bağlı bayatılarda insanlar öz hisslərini, keçirdikləri həsrəti, qəmi dilə gətirərək sanki Tanrının bu nemətindən dərdlərinə əlac istəyirlər. Su ilə bağlı tapmacalarda da qədim insanların təfəkkürü, düşüncə tərzi, maraq dünyası var. Yığcam və lokonik bilməcələrin hər biri qədim insanın ağlı, dərrakəsi, tapıntısı qarşısında bu gün də müasir nəsli heyrətdə saxlayır: "Adam deyil hey qaçır, meşə deyil səs salır" (çay), "Yer altında yaz gedir" (su), "Bir atım var alaca, özü gedər, yəhəri qalar" açması körpü altında su.

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. İnsanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, onlar növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər.

Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su, gözəllər yüküdür". Həqiqətən də, çox gözəl deyimdir, həm də məntiqli düşünülüb. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə də bulaqların aynasında güzgülənən qızların sevdası daha təmiz və dərin olur. Bu səbəbdən də igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız..." Yaxud da "Küçələrə su səpmişəm, yar gələndə inciməsin". Su ilə qarşılayıb su ilə yola salmaq bir ənənədir. Aşıq Ələsgər də məşhur qoşmalarının birində bildirir ki, elə "çərşənbə günündə çeşmə başında" bir alagöz gözələ vurulub. Çox güman ki, bu da Novruz mərasiminin elə su çərşənbəsi ilə əlaqədar keçirilən təntənə ilə bağlıdır.

Beləliklə, əziz oxucular, elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan Su çərşənbəniz mübarək olsun! Atalar əbəs yerə Sular Novruzunu çərşəbələrin gözəli adlandırmayıb. Biləsiniz ki, bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu röyalar, günəşli səhərlər arzulayırıq sizlərə!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 11.