II Respublika muğam müsabiqəsinin birinci turu başlanmışdır

 

Fevralın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsinin birinci turunun başlanmasına həsr olunmuş mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, tanınmış mədəniyyət xadimlərinin, sənətsevərlərin iştirak etdikləri mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ümummilli liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışlar.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizə göstərdiyi böyük diqqət və qayğıdan danışan natiqlər, eyni zamanda, Azərbaycan muğam sənətinin əhəmiyyətini xatırlatmışlar. Qeyd olunmuşdur ki, muğam qədim mədəni irsimizin ölməz nümunələrindəndir, musiqi sənətimizin fəlsəfi təməlidir.

Tədbirdə muğam müsabiqəsi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə ölkəmizdə II Respublika muğam festivalı başlanır. Bu ərəfədə keçirilən muğam müsabiqəsi festivala hazırlıq məqsədi daşıyır.

Diqqətə çatdırılmışdır ki, müsabiqədə iştirak etmək üçün 40 gənc sənəd təqdim etmişdir. Onların arasından seçilmiş 18 nəfər müsabiqədə iştirak edir. Müvafiq münsiflər heyəti tərəfindən iki mərhələdə seçim turu aparılacaqdır. Fevralın 21-22-də müsabiqənin birinci, 23-də isə ikinci turu olacaqdır. Müsabiqədə I, II və III yerləri tutan gənclər mükafatlandırılacaq və onlar martda ölkəmizdə keçiriləcək II Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqədə 18 yaşından 35 yaşınadək gənclər iştirak edirlər.

Sonra müsabiqənin I turu başlanmışdır.

 

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 11.