Prezidentin hər səfəri bir tarixdir

 

Redaksiyamızın Gəncədəki müxbir məntəqəsində bir neçə ağsaqqalla oturub söhbət edirdik. Onlar Prezident İlham Əliyevin qərb bölgəsinə tarixi səfərindən söz açıb regionlara olan qayğı və diqqətə görə dövlət başçısına öz dərin minnətdarlıqlarını bildirirdilər. Ağsaqqallar xüsusən müqəddəs "İmamzadə" kompleksində, tarixi "Xan bağı"nda görülən işlərdən, yolların sahmana salınmasından, sənaye-sağlamlıq obyektlərinin inşasından məmnunluqla danışdılar. Bu qeydlər məhz həmin söhbətlərdən və dövlət başçısının tarixi səfəri ilə əlaqədar jurnalist müşahidələrindən yarandı.

Prezident İlham Əliyevin qərb bölgəsinə səfəri Qazax rayonundan başladı. Bir çox obyektə baş çəkdi. Sınıqkörpü sərhəd gömrük məntəqəsinin, Qazax-Gürcüstan sərhəd yolunun, Birinci Şıxlı məktəbinin və Poeziya evinin açılışında iştirak etdi.

Səməd Vurğun Poeziya evində görülən işlərə baxarkən yadıma ötən günlər düşdü. 1979-cu ilin sentyabr ayında respublikanın rəhbəri Heydər Əliyev bu yerlərə gəlmişdi. Ulu öndər ondan bir neçə il əvvəl Səməd Vurğunun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar Qazax rayonunun Yuxarı Salahlı kəndində Poeziya evinin təşkili barədə göstəriş vermişdi. Həmin tapşırığa əsasən şairin doğma elində Poeziya evi yaradıldı. Açılışına sovet məkanının hər yerindən, eləcə də xarici ölkələrdən xeyli qonaq gəlmişdi. Ulu öndər Azərbaycanın tarixindən-taleyindən, ədəbiyyatından-mədəniyyətindən özünəməxsus müdrikliklə danışdı, söz sənəti mülkündə ölməz Səməd Vurğunun rolunu, yerini xüsusi qeyd etdi. Yaxın-uzaq elli qonaqlar Heydər Əliyevin doğma diyara, sənətə və sənətkara bəslədiyi dərin məhəbbətdən, tükənməz qayğı və diqqətdən böyük heyranlıqlarını bildirirdilər.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti, nəcib ənənələri hər sahədə davam edir. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri zamanı Poeziya evində oldu, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq verdi. 2005-ci ildə isə ölməz şairin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının tapşırığı ilə Səməd Vurğun Poeziya evində müasir tələblər səviyyəsində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparıldı.

Qazaxa bu günlərdəki səfəri zamanı cənab İlham Əliyev Poeziya evində görülmüş işlərlə ətraflı tanış olub dedi ki, "Səməd Vurğunun xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayır. O, böyük sənətkar, böyük şair, böyük vətəndaş olmuşdur. Əlbəttə, bu Poeziya evini belə gözəl vəziyyətə gətirib çatdırmağımız, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşının qəlbində əks-səda doğuracaqdır".

Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, müstəqil ölkəmizin gündən-günə çiçəklənməsi naminə həyata keçirdiyi misilsiz tədbirlər Azərbaycanı sevən hər kəsin qəlbində geniş əks-səda doğurur.

Ulu öndərin ənənələrini hər sahədə uğurla yaşadan və daha da zənginləşdirən dövlət başçısının gərgin əməyi sayəsində müstəqil Azərbaycan indi çox sürətlə inkişaf edir. Təkcə sərhəd bölgəsində alınmaz qalaya bənzəyən Qazaxda görülən genişmiqyaslı abadlıq-quruculuq işləri görənləri heyran qoyur. Burada həm sosial obyektlər, sənaye müəssisələri tikilir, həm də şəhər abadlaşır, yollar çəkilir, bağlar, parklar salınır. Rayon hərtərəfli inkişaf edir, müntəzəm surətdə müxtəlif infrastruktur layihələri həyata keçirilir.

Ən önəmli cəhətlərdən biri də budur ki, Qazaxda yaradılan sosial-iqtisadi infrastrukturdan Gürcüstanda yaşayan soydaşlarımız da istifadə edirlər. Borçalı bölgəsində yaşayan həmyerlimiz Məmməd Əliyev deyir ki, Sınıqkörpü sərhəd gömrük məntəqəsində, yaxud Qazax-Gürcüstan avtomobil yolunda ən müasir tələblər səviyyəsində görülmüş işlər ürəyimizi dağa döndərir. Əlaqə-ünsiyyət getdikcə genişlənir. Hər dəfə baxdıqca doğma Azərbaycanla fəxr edirik.

Qazax rayonunda keçirilən təzə obyektlərin açılış mərasimləri, mehriban görüşlər, səmimi söhbətlər ürəklərdə yuva salıb. Qocaman təhsil işçisi Qasım Əliyev deyir ki, biz dövlət başçısının tarixi səfərinin xoş təəssüratı ilə yaşayırıq. İnsanlarla olduqca səmimi, mehriban davranırdı! Hər kəsi dinləməyi, hər kəsə yol göstərməyi, hər sahəyə işıq salmağı bacarır, qüsurlara, bürokratik əngəllərə qarşı çox ciddi tədbirlər görülməsini tələb edir. Möhtərəm Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı ölkədə ictimai nəzarətin daha da gücləndirilməsinin, rüşvətxorluğa, korrupsiyaya qarşı daha ciddi mübarizə aparılmasının vacibliyini xüsusi vurğuladı. Dedi ki, mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin. Biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq. Biz bir məqsədə qulluq etməliyik ki, ölkəmiz inkişaf etsin, güclənsin, sosial rifah daha da yüksək səviyyədə olsun, iqtisadiyyat daha da möhkəm olsun. Belə olan halda uzunmüddətli inkişaf strategiyamız öz nəticəsini verəcək.

Prezident İlham Əliyevin genişmiqyaslı, çoxsahəli fəaliyyətinin məğzi, məqsədi məhz elə budur! Azərbaycanın bütün regionlarında aparılan işlərin ana xətti ölkəmizi daha da gücləndirmək və iqtisadiyyatımızın çoxşaxəliliyini təmin etməkdir. Cənab Prezidentin qərb bölgəsinə bu səfəri zamanı da bir daha bunun şahidi olduq.

Prezidentin baş çəkdiyi obyektlər də müxtəlifdir. Bu isə o deməkdir ki, infrastrukturun ən müxtəlif sahələrinə, emal müəssisələrinə, müalicə-sağlamlıq ocaqlarına kimi xalqın gündəlik həyatı, ölkənin taleyi ilə bağlı olan ən mühüm sahələrə qayğı və diqqət göstərilir. Dövlət başçısı Tovuzda olimpiya idman kompleksinin, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak etdi. Yeni yaranan mədəniyyət və istirahət parkı ilə tanış oldu. Bozalqanlı kəndində süd emalı zavoduna baxdı.

"Gilan Holdinq"in sifarişi ilə inşa edilmiş süd zavodunun sahəsi 3,9 min kvadratmetrdir. Burada qatıq, kəsmik, ayran, dovğa, xama və pendir istehsal edilir. Hazırda emal gücü sutkada 20 tondur. Tam gücü ilə işləyəndə sutkada 40 ton süd emal etmək mümkün olacaqdır. Dövlət başçısının Tovuz rayonuna töhfələrindən biri Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yoludur.

Ağsaqqallar Şurasının sədri Fərman Nağıyev deyir ki, bu yol iyirmi bir min nəfərin yaşadığı 43 yaşayış məntəqəsini, o cümlədən Ermənistan Respublikası ilə sərhəddə yerləşən on doqquz dağ kəndini rayon mərkəzi ilə birləşdirir. Vaxt vardı ki, bir balaca yağış yağan kimi Əsrik çayı daşar, sel-su körpüləri, keçidləri dağıdar, yol-iz yararsız hala düşər, neçə-neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilərdi. Regionların inkişafına xüsusi qayğı və diqqət göstərən Prezident İlham Əliyev 2009-cu il oktyabrın 7-də "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzaladı. Dünyada maliyyə böhranının tüğyan etdiyi bir dövrdə Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması üçün beş milyon manat vəsait ayrıldı. Beləliklə, möhtərəm İlham Əliyevin qayğısı və köməyi ilə dağların qoynunda müasir tələblərə cavab verən 53 kilormetrlik yol çəkildi. Bununla da Əsrik vadisinin yeni həyatı başlandı.

Ağsaqqal Fərman Nağıyev dönə-dönə vurğuladı ki, bütün Tovuz camaatı çoxlu dəyərli işlərə, eləcə də Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun çəkilişinə görə dövlət başçısı İlham Əliyevə ürəkdən minnətdardır.

Gəncə şəhərində də görülən işlərin xarakteri çox müxtəlifdir. Bu, dövlət başçısının Nizami yurduna on birinci səfəridir. Hər görüşdən də bir-birindən dəyərli neçə-neçə yadigar qalır. Bu dəfə Prezident İlham Əliyev əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanış oldu. "İmamzadə" kompleksində tikinti-bərpa işlərinin gedişi ilə maraqlandı. Fiziki qüsurlu insanlar üçün yaradılmış regional informasiya mərkəzi isə dövlət başçısının ən humanitar addımlarından biridir.

Heydər Əliyev Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə yaratdıqları mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, səsyazma studiyası, kompüter mərkəzi vardır. Oxu zalında gözdən əlillər üçün brayl əlifbası ilə nəşr olunmuş 1000-ə yaxın kitab, habelə zəif görən insanlar üçün iri şriftlə çap edilmiş kitablar, 4 ədəd brayl displeyi və s. vardır. Mərkəzdəki kompüter əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilmişdir. Burada nitq və eşitmə problemi olanlar üçün subtitrli filmlər də göstəriləcəkdir.

Yeni mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən fiziki qüsurlu insanlar istifadə edəcəklər.

Son illərdə sürətlə inkişaf edən bölgələrdən biri də Samux rayonudur. Bir vaxtı sadə bir qəsəbə sayılan Samux indi müasir görkəmli şəhər olmuşdur. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə yaradılmış bir sıra obyektlərin - meyvə qurudulması və emalı müəssisəsinin, beş yüz kilovoltluq yardımçı stansiyanın, habelə icra hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etdi. Rayonda görülən abadlıq və quruculuq işlərinə yüksək qiymət verdi, 500 kilovoltluq "Samux" yardımçı stansiyasının bölgə üçün əhəmiyyətini xüsusi vurğuladı.

Böyüklüyünə görə respublikamızda ikinci olan "Samux" yardımçı stansiyası Gəncə şəhərindəki poladəritmə və alüminium zavodlarını elektrik enerjisi ilə təchiz edəcəkdir. Layihə çərçivəsində Gəncə alüminium zavodunda yardımçı stansiyalar da tikilmiş, enerjinin ötürülməsi üçün 26 kilometr uzunluğunda 500 kilovoltluq və 64 kilometr uzunluğunda 330 kilovoltluq elektrik xətləri çəkilmişdir.

Məcburi köçkünlərə qayğı və kömək etmək həmişə ölkə Prezidentinin diqqət mərkəzindədir. Dövlət başçısı Goranboy rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında iştirak etdi. Yeni qəsəbə 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev 165 ailənin məskunlaşdığı təzə məhəllənin istifadəyə verilməsi mərasimində iştirak etdi və Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Sədaqət Ağayarovanın evində çaya qonaq oldu.

Dövlət başçısına çoxmərtəbəli binalardan ibarət məhəllənin baş planı barədə məlumat verildi. Bildirildi ki, iyirmi hektar sahədə salınan təzə məhəllə on iki ədəd beşmərtəbəli yaşayış evindən, orta məktəbdən, uşaq bağçasından, musiqi məktəbindən və bir neçə inzibati binadan ibarət olacaqdır. Həmin mənzillərə Naftalan şəhərindəki sanatoriyalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcəkdir.

Möcüzəli nefti ilə tanınan Naftalan isə yenidən bərpa olunur və ölkənin müalicə-sağlamlıq mərkəzinə çevrilir. Artıq müasir görkəmli ilk sanatoriyalar ucaldılmışdır. Dövlət başçısı "Çinar Hotel & SPA Naftalan" kompleksi və "Qaşaltı" sanatoriyası ilə tanış oldu.

18,8 hektar ərazidə yerləşən 312 yerlik "Çinar Hotel & SPA Naftalan" kompleksinin poliklinikası İtaliya, Almaniya, Çexiya, Türkiyə, Yaponiya və Cənubi Koreyada istehsal edilmiş tibbi avadanlıqla təchiz edilmişdir. Burada biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət orqanları, qulaq-burun-boğaz, uşaq, uroloji, dəri, ginekoloji, periferik sinir və mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi aparılacaqdır.

Bütün bunlar müstəqil Azərbaycanın yeni ünvanları, yeni obyektləridir. Məhz Prezident İlham Əliyevin qayğısı və təşəbbüsü ilə yaranıb. Görüşlərdən birində Prezident İlham Əliyev dedi ki, bugünkü gün Naftalanın yeni tarixinin başlanğıcıdır. Əminəm ki, bir neçə ildən sonra biz istədiyimizə nail olacağıq və Naftalan dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Bu, belə də olacaqdır. Çünki sərhəd bölgələrinin paytaxtdan uzaq rayonların inkişafına da böyük diqqət göstərilir. Məqsəd ölkəmizi daha da gücləndirmək, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaqdır.

 

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 1.