Mərkəzi Seçki
Komissiyasının tərkibi yenidən formalaşdı
Milli Məclisin iclasında
Fevralın
22-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli
Məclisin növbəti plenar iclası keçirildi.
Gündəliyin müzakirəsinə keçməzdən
əvvəl deputatlar bəzi məsələlərlə
bağlı fikirlərini bildirdilər. Bir
sıra dövlətlərin öz vətəndaşlarına
Ermənistan tərəfindən Azərbaycanın
işğal edilmiş torpaqlarına getməmələri
barədə xəbərdarlıq etmələrini
ölkəmizin xarici siyasətinin uğuru kimi
dəyərləndirən deputat Zahid Oruc bunun Ermənistanda
ciddi narahatlıqla qarşılandığını
bildirdi.
Deputat Vahid
Əhmədovun sözlərinə görə,
ölkəmizdə həyata keçirilən antikorrupsiya
tədbirləri öz bəhrəsini verməkdədir. O,
antikorrupsiya ilə bağlı bəzi qanunlara əlavə
və dəyişikliklər olunmasını təklif etdi.
Deputat
Bəxtiyar Əliyev məcburi köçkünlərin
məskunlaşdığı yerlərdən
çıxarılması məsələsinə toxundu. Onun
sözlərinə görə, son illərdə
ölkəmizdə qaçqın və məcburi
köçkünlərin sosial rifahının və
yaşayış şəraitinin yaxşılaşdırılması
istiqamətində böyük işlər görülüb.
Amma son vaxtlarda məcburi
köçkünlərin məskunlaşdıqları
yerlərdən çıxarılması istiqamətində
kütləvi məhkəmə proseslərinin başlanmasına
toxunan Bəxtiyar Əliyevin fikrincə, sanki məcburi
köçkünlərlə bağlı aparılan
uğurlu siyasətə kölgə salmaq istəyənlər
var. Məcburi köçkünlər 18 ildir
məskunlaşdıqları yerlərdən
çıxarılmalıdırsa, onda onlar başqa bir
yaşayış yeri ilə təmin olunmalıdırlar. Deputat bu məsələnin müvafiq dövlət
təşkilatları tərəfindən
araşdırılmasını vacib saydı. Bəxtiyar
Əliyevin digər təklifi regionların sosial-iqtisadi
inkişafı ilə bağlı dövlət proqramında
cəbhəyanı rayonlar üçün nəzərdə
tutulan tədbirlərin tez həyata keçirilməsi
ilə bağlı oldu.
Sonra
gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvlərinin və əvəzedici üzvlərinin
seçilməsi haqqında məsələ
müzakirəyə təqdim olundu. Milli
Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, MSK-nın 18
nəfərlik tərkibi 6 nəfər parlamentdə
çoxluqda olan partiyanın, 6 nəfər azlıqda olan
partiyaların, 6 nəfər isə bitərəf
deputatların nümayəndələrindən
formalaşdırılmalıdır.
Müzakirələr zamanı deputat Aydın
Mirzəzadə MSK-nın bu formatda
formalaşdırılmasının təcrübədə
özünü doğrultduğunu bildirdi. Ötən 5 ildə
MSK-nın öz səlahiyyətlərinin öhdəsindən
layiqincə gəldiyini deyən Aydın Mirzəzadə yeni
tərkibin də uğurla fəaliyyət
göstərəcəyinə əminliyini ifadə etdi. O, Yeni Azərbaycan Partiyasının namizədliyini
irəli sürdüyü şəxslərin MSK üzvü
seçiləcəkləri təqdirdə layiqli
fəaliyyət göstərəcəklərini,
qarşılarında duran vəzifələri uğurla
yerinə yetirəcəklərini bildirdi. Deputat
Siyavuş Novruzov da MSK-nın indiki formatda
formalaşdırılmasını məqbul saydı.
Müzakirələrin
yekununda bu məsələ səsverməyə
çıxarıldı və yekdilliklə qəbul olundu. Beləliklə, 6 nəfər Milli Məclisdə
çoxluğu təşkil edən partiyanın - Yeni
Azərbaycan Partiyasının, 6 nəfər Milli
Məclisdə azlıqda olan partiyaların, 6 nəfər
isə bitərəf deputatların nümayəndələri
kimi MSK-nın üzvü seçildilər. Yeni
Azərbaycan Partiyasını təmsil edən MSK
üzvləri Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad
Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil
Orucovdur. Mikayıl Rəhimov, Almas
Qəhrəmanlı, Akif Qurbanov, Tamam Cəfərova,
Bəxşeyiş Əsgərov və Etibar Quliyev Milli
Məclisdə azlıqda olan partiyaları, Natiq
Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova,
İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov
isə heç bir partiyaya mənsub olmayan müstəqil
deputatları MSK-da təmsil edəcəklər.
Sonra iclasda Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin layihəsi müzakirəyə
çıxarıldı. Layihədə Azərbaycanda
gömrük işinin hüquqi, iqtisadi və təşkilati
əsasları, o cümlədən respublikamızın
gömrük ərazisinə gətirilən, bu ərazidən
aparılan, tranzit keçirilən mallara və
nəqliyyat vasitələrinə tətbiq edilən ümumi
qaydalar və prosedurlar, gömrük işi sahəsində
hüquq və öhdəliklər müəyyən edilir.
Çıxış
edən Milli Məclisin İqtisadi siyasət komitəsinin
sədri Ziyad Səmədzadə bildirdi ki, gömrük sistemi
hər bir ölkədə büdcənin formalaşmasında
mühüm rol oynayan mənbələrdən biridir. Eyni
zamanda, təkmil gömrük sistemi hər bir ölkənin
milli, siyasi və iqtisadi təhlükəsizliyi
üçün son dərəcə vacib amillərdən
sayılır. Təsadüfi deyil ki, ulu öndər Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra əsas diqqət yetirdiyi
məsələlərdən biri ölkəmizdə təkmil
gömrük sisteminin yaradılması olmuşdur.
Azərbaycanın gömrük sistemi ən müasir
maddi-texniki bazaya malikdir. Son illərdə ölkəmizin
inkişafı və xarici əlaqələrin
genişlənməsi nəticəsində gömrük
rüsumları hesabına büdcəyə daxilolmalar
əhəmiyyətli dərəcədə
artmışdır.
Azərbaycanda
Gömrük Məcəlləsi ilk dəfə 1997-ci ildə
qəbul olunub. Bu sahədə ölkəmiz bir sıra
konvensiyalara da qoşulub. Bu gün isə Azərbaycanın
iqtisadi inkişafın yeni mərhələsinə
qədəm qoyması gömrük qanunvericiliyinin
təkmilləşdirilməsini tələb edir. Azərbaycan
Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında
Milli Məclisə təqdim etdiyi yeni Gömrük
Məcəlləsinin layihəsi də ən müasir
tələb və standartlara cavab verir. Yeni
məcəllənin qəbulu həm də respublikamızın
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv
olması istiqamətində mühüm addım olacaq.
Müzakirələr
zamanı deputat Vahid Əhmədov bildirdi ki, ölkəmiz
ÜTT-yə üzv olmağa hazırlaşır və bu
istiqamətdə iqtisadi qanunvericiliyin müasir tələblərin
səviyyəsinə çatdırılması mühüm
əhəmiyyət kəsb edir. Yeni Gömrük
Məcəlləsi layihəsinin müasir tələbləri
özündə ehtiva etdiyini deyən deputat onun qəbulunun
Azərbaycanın iqtisadi inkişafına yeni töhfə
verəcəyini bildirdi.
Deputat
Əli Məsimli də bildirdi ki, gömrük sistemi iqtisadi
təhlükəsizliyin təmin olunmasında dövlətin
əsas dayaqlarından biridir. Ona görə də
respublikamızın müasir dünya standartlarına cavab
verən Gömrük Məcəlləsinin olması çox
vacibdir. Yeni Gömrük Məcəlləsi layihəsi xarici
təcrübəni nəzərə almaqla hazırlanıb
və onun qəbulu ölkəmizin ÜTT-yə üzv
olması istiqamətində mühüm əhəmiyyət
kəsb edir. Layihədə gömrük sistemi ilə
bağlı bütün məqamlar kifayət qədər
beynəlxalq tələblərə cavab verir və hazırda
qüvvədə olan məcəllə ilə
müqayisədə xeyli genişlənib.
Deputat Aydın
Abbasov da layihəni təqdir etdi. O, xarici mütəxəssislərin
iştirakı ilə hazırlanan layihənin Avropa
standartlarına cavab verdiyini diqqətə
çatdırdı.
Deputat Rafael
Cəbrayılov yeni Gömrük Məcəlləsinin
qəbulunun respublikamızın iqtisadi inkişafında
mühüm rol oynayacağını qeyd etdi. Onun
sözlərinə görə, yeni məcəllə
gömrük sistemi sahəsində münasibətləri
müasir standartlar səviyyəsində
tənzimləyəcək.
Yeni Gömrük
Məcəlləsinin hazırlanmasını təqdir edən
deputat Aydın Mirzəzadə dedi ki, ölkəmiz iqtisadi
sahədə keçid dövrünü artıq başa
vurub. İqtisadi inkişafın yeni
mərhələsində dövrün nəbzini tutan
Gömrük Məcəlləsinə ehtiyac var. Yeni
Gömrük Məcəlləsinin qəbulu həm də
Azərbaycanın ÜTT-yə üzv olması
üçün irəli atılan növbəti uğurlu
addım olacaq.
Milli Məclis
Sədrinin müavini Valeh Ələsgərov da layihə
ilə bağlı fikirlərini bildirdi. Müzakirələrin
yekununda Gömrük Məcəlləsinin layihəsi birinci
oxunuşda qəbul edildi.
Qısa
fasilədən sonra deputatlar İnzibati Xətalar
Məcəlləsinə əlavə və
dəyişikliklər edilməsi haqqında qanun layihəsini
müzakirə etdilər.
Qanun layihəsi barədə
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Komitə sədrinin
sözlərinə görə, qanuna edilən əlavə
və dəyişikliklər avtomobil nəqliyyatı sahəsində
mövcud olan bir sıra pozuntuların inzibati xətalar kimi
ehtiva olunmasına və sanksiyaların müəyyən
edilməsinə yönəlmişdir. Belə
ki, qanunun müvafiq maddələrində avtomobil
nəqliyyatı ilə sərnişin və baqaj
daşınması qaydalarının pozulmasına görə
cərimələr müəyyən edilmişdir. Avtomobil nəqliyyatı vasitəsi ilə
yüklərin aparılması zamanı qaydalarda
nəzərdə tutulmuş qalaq (tökülən)
yüklərin, tikinti materiallarının, heyvanların və
ya quşların, çörək və
çörək-bulka məmulatlarının
daşınması şərtlərinin pozulmasına
görə qırx manatdan əlli manatadək cərimə
müəyyən edilmişdir. Eyni zamanda,
"taksi" tanınma nişanları, taksometr və ya
sərnişin və baqaj daşınması qaydaları
ilə müəyyən edilmiş digər məlumat
göstəriciləri olmadan taksi minik avtomobili ilə
sərnişin daşımalarının həyata
keçirilməsinə görə də qeyd olunan miqdarda
cərimə nəzərdə tutulmuşdur.
İriqabaritli və (və
ya) ağır çəkili nəqliyyat vasitələrini
ümumi istifadədə olan avtomobil yolları və
yaşayış məntəqələrinin küçələri
ilə xüsusi icazə olmadan və xüsusi icazənin
tələbləri pozulmaqla müəyyən edilmiş
hallarda müşayiət və ya mühafizə avtomobili
olmadan hərəkət etməsinə görə fiziki şəxslər
otuz manatdan əlli manatadək miqdarda, vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz manatadək
miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki
min manatadək miqdarda cərimə edilirlər. Komitə
sədri əlavə etdi ki, bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqan tərəfindən
araşdırmaların aparılmasına maneçilik
törədilməsinə görə vəzifəli
şəxslər otuz manatdan əlli manatadək miqdarda
cərimə olunurlar.
Deputat Fazil
Mustafa bildirdi ki, avtomobil yollarında ağırçəkili
nəqliyyat vasitələrinin müəyyən edilməsi
və cərimələnməsi məsələsi ciddi problem
yaradacaq. O,
fikrini davam etdirərək bildirdi ki, bunun üçün
bütün yollarda yük maşınlarının
çəkilməsi üçün xüsusi tərəzi
quraşdırılmalıdır.
"Taksi minik
avtomobilində, beynəlxalq marşrutlar üzrə
hərəkət edən avtobusda baqaj yerlərinin sayına
və kütləsinə dair tələblərin
pozulmasına görə cərimənin müəyyən
edilməsi düzgün deyil" - deyən deputat
Qüdrət Həsənquliyev magistiral yollar tam olaraq
xüsusi tərəzilərin quraşdırılmasından
sonra prosesin həyata keçirilməsini vacib saydı.
Deputat
Siyavuş Novruzov da iriqabaritli və ağır çəkili
nəqliyyat vasitələrinin çəkiyə və
yükün oxa düşən kütlə
parametrlərinə dair tələbləri pozduqlarını
bildirdi. Deputatın bildirdiyinə görə, günorta
vaxtı qırx, əlli tonluq beton qarışdıran
maşınlar digər nəqliyyat vasitələrinin
hərəkətinə maneçilik törədirlər.
Deputat
Kamilə Əliyevə təklif etdi ki,
bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti həyata keçirən orqan
tərəfindən araşdırma aparılmasına
maneçilik törədən vəzifəli
şəxslər barəsində daha ciddi tədbirlər
həyata keçirilməlidir.
Deputat Elton
Məmmədov bildirdi ki, qanuna edilən əlavə və
dəyişikliklər günün tələbidir. O, avtomobil nəqliyyatı
ilə sərnişin və baqaj daşınması
qaydalarının pozulmasına görə
cərimələrin müəyyən edilməsini
məqsədəuyğun saydı. Deputat
əlavə etdi ki, ölkəyə daxil olan bütün
iriqabaritli və ağır çəkili nəqliyyat
vasitələri bu sahəyə aid olan müvafiq qurum
tərəfindən xüsusi tərəzi vasitəsilə
çəkilir. Bunun üçün
narahatçılığa əsas yoxdur.
Komitə
sədri Əli Hüseynli deputatlar tərəfindən
səslənən təklif və iradlara münasibət
bildirdikdən sonra qanun layihəsi səsə qoyuldu və
qəbul edildi.
Sonra
İqitsadi siyasət komitəsinin sədri Ziyad
Səmədzadə "Aviasiya haqqında" qanuna
nəzərdə tutulan əlavələri təqdim etdi. Bu qanun
layihəsi də səs çoxluğu ilə qəbul edildi.
Komitə sədri Əli
Hüseynli İnzibati Xətalar Məcəlləsinə
nəzərdə tutulan əlavə barədə məlumat verdi və buna deputatlar müsbət
münasibət bildirdilər.
Azərbaycan.- 2011.-23 fevral.- S. 2.