"Cənub Qaz Dəhlizi haqqında" Birgə Bəyannamə təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılmışdır

 

Fevralın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə komitənin 2010-cu ilin payız sessiyası dövründə gördüyü işlərin hesabatı dinlənilmişdir. Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov demişdir ki, hesabat dövründə komitənin 3 iclası keçirilmiş,

4 məsələyə baxılmışdır.

Sonra 2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanmış "Cənub Qaz Dəhlizi haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə" qanun layihəsinə baxılmışdır. Bildirilmişdir ki, bu sənəd Azərbaycan qazının Avropa bazarlarına maneəsiz çatdırılması üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu həm də Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Birgə Bəyannamə investorların və sığorta şirkətlərinin də riskini azaldır.

Müzakirələr zamanı deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun imzaladıqları bu sənədi Azərbaycana siyasi dəstəyin nümunəsi kimi dəyərləndirmiş, onun milli maraqlarımıza xidmət etdiyini vurğulamışlar.

Sonda sənəd təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 2.