Nazirlər Kabineti bir sıra
mühüm qərarlar qəbul etmişdir
Ölkə iqtisadiyyatının inkişafı və sosial sahənin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti son günlər bir sıra qərarlar qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 noyabr tarixli fərmanına əsasən Nazirlər Kabineti "Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nı təsdiq etmişdir. Həmin qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Prokurorluğuna Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödəniləcəkdir.
"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli sərəncamına əsasən Nazirlər Kabineti "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun idarə aparatının yeni strukturu haqqında", "Pensiya və müavinət xərclərinin, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsi haqqında" və bəzi digər qərarlarında müvafiq dəyişikliklər aparmış, bəzi bəndlərin yeni redaksiyada verilməsi barədə qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" və "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2010-cu il 24 noyabr tarixli fərmanlarının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı"nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin "2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı" da təsdiq edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli sərəncamına uyğun olaraq respublika ərazisində radio-televiziya yayımının təkmilləşdirilməsi və rəqəmli radio-televiziya yayımına keçidin təmin edilməsi məqsədilə Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nı təsdiq etmişdir. Proqramın əlaqələndirici orqanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Nazirlər Kabineti "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında" 2005-ci il 7 oktyabr tarixli qərarına müəyyən dəyişiklik etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılmışdır.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təklifini nəzərə alan Nazirlər Kabineti "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında" özünün 2007-ci il 5 iyun tarixli qərarının "Kollegiyanın üzvləri" hissəsində müəyyən dəyişikliklər etmişdir.
Nazirlər Kabineti Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycan Respublikasının Ədliyyə, Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq "Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərində informasiyanın qorunması Qaydaları"nı təsdiq etmişdir.
Bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.
AzərTAc
Azərbaycan.- 2011.-23 fevral.- S. 2.