Etibarın və səmimiyyətin
vacibliyi
Akademik Ramiz Mehdiyevin "Gorus -
2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən
2010-cu ilin sonunda "Jurnalistlərin dostu" mükafatının təqdim olunma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın son dövrlər informasiya müharibəsində nailiyyət əldə etməsi məsələsinə toxunaraq bildirmişdir: "Bu gün mən tam əminliklə deyə bilərəm ki, Ermənistanla və xüsusilə erməni lobbisi ilə informasiya müharibəsində biz qalib gəlirik. Onların son müddətdə müşahidə olunan çox əsəbi və isterik hərəkətləri onu göstərir ki, biz informasiya müharibəsində böyük uğurlara nail olmuşuq." Respublika Prezidentinin müəyyənləşdirdiyi strategiyaya informasiya sahəsində qazandığımız uğurlar sırasında ilk yerlərdən birinə akademik Ramiz Mehdiyevin ötən ilin sonunda nəşr olunan "Gorus- 2010: absurd teatrı mövsümü" əsərini aid etsək, heç şübhəsiz ki, yanılmarıq. Bu əsər informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə olmuşdur. Orada səslənən fikirlər, əsaslandırılmış mövqelər Azərbaycanın son illər informasiya müharibəsində istifadə etdiyi ən ağır artilleriyası hesab edilə bilər.
Xalq diplomatiyasının əsas elementlərindən olan etibarın və səmimiyyətin vacibliyini akademik Ramiz Mehdiyev öz kitabında bir daha oxucuların diqqətinə çatdırır. O, Ermənistan prezidentini beynəlxalq hüquqa hörmət etməməkdə, danışıqlar prosesi zamanı əvvəlcədən razılaşmış məsələlərdən boyun qaçırmaqda qınayaraq yazır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair danışıqlar prosesinin davam etdiyi və Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının gözlədiyi bir vaxtda, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri, xüsusilə Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını və millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin beynəlxalq hüququn digər prinsipi olan ərazi bütövlüyündən ayrılaraq üstün tutulmasının yolverilməzliyini qəbul edirlər. Eyni zamanda, beynəlxalq birlik Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda onların mövqeyinə məhəl qoymadan Ermənistan rəhbəri xaricdə yaşayan ermənilərə və diaspor nümayəndələrinə məsləhət görür ki, onlar öz səylərini "ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına" yönəltsinlər.
Kitabda tarixi faktlara əsaslanaraq Ermənistan prezidentinin Azərbaycan torpaqlarına sahib çıxması kimi absurd iddialarına tutarlı, elə erməni müəlliflərinin özlərinin Qarabağın ermənilərə aid olmaması haqqında fikirləri ilə cavab verilmişdir. Ermənistan prezidentinin tarixi saxtalaşdırmağı, Azərbaycan ərazilərini orta əsrlərə xas olan üslubla - zorla, beynəlxalq hüququn təməl prinsiplərini pozmaqla işğal olunması faktını açıq şəkildə ittiham etmişdir. Halbuki müasir dünyamızda mübahisəli məsələlər dar düşüncə ilə, qəsbkarlıqla deyil, beynəlxalq hüquq müstəvisində həll edilməlidir. Müəllif, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində Ermənistan rəhbərlərinin dünya ictimaiyyətini çaşdırmaq cəhdlərini elmi əsaslarla və ustalıqla ifşa etmişdir. Ermənistan öz ərazi iddialarını beynəlxalq hüquqda mövcud olan millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə əsaslandırmağı qərara almışdır. Erməni tərəfinin arqument bazası tutarlı və əsaslandırılmış deyil, çünki o, tarixi baxımdan uydurmalara, saxtalaşdırmalara və hüquqi baxımdan beynəlxalq hüquq müddəalarının özbaşına interpretasiyasına əsaslanır, bu isə qəbuledilməzdir. Buna görə də ermənilərin iddiaları dünya birliyi tərəfindən dəstəklənmir.
"Gorus-2010: absurd teatrı mövsümü" kitabında ermənilərin Qarabağı ikinci erməni dövləti kimi beynəlxalq miqyasda tanıdılmasına nail olunacağı haqqında fikirlərinə münasibət bildirilir: "Ermənistanın rəhbərləri öz həmvətənlərini necə saxta ümidlərlə yaşadırlar ki, beynəlxalq birlik özünün çoxsaylı qətnamələri ilə artıq birmənalı şəkildə bildirmişdir ki, bu, heç vaxt olmayacaqdır! Ermənistan rəhbərliyi nəyə ümid edir? Möcüzəyəmi? Bəlkə də onlar ümid edirlər ki, nümayiş etdirdikləri hədsiz tərsliyin qarşısında nə Azərbaycan, nə də dünya birliyi davam gətirəcəkdir? Bu illüziyadan yaxa qurtarmağın vaxtı çatmamışdırmı?".
Beynəlxalq hüququn ayrılmaz komponenti olan öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna haqqıdır və Azərbaycan dövləti də buna hörmətlə yanaşır. Beynəlxalq normalara görə, öz müqəddəratını təyinetmənin subyekti milli azlıq deyil, xalq və millətdir. Yalnız xalqın iradəsi ilə dövlət ərazisinin mənsubiyyətinin dəyişdirilməsi prosesi həyata keçirilə bilər. Azərbaycan dövlət müstəqilliyini əldə etməklə xalqın yaşadığı ərazi məsələsini də birmənalı şəkildə həll etmişdir. Eyni zamanda, Ermənistan da bugünkü sərhədləri çərçivəsində beynəlxalq birlik tərəfindən tanınmışdır. Bir sözlə, erməni xalqının müstəqil dövləti var və Dağlıq Qarabağdakı separatçı erməni rejiminin belə bir iddia ilə çıxış etməsinin tarixi və hüquqi əsasları yoxdur.
Azərbaycan hazırda bir çox xüsusiyyətləri ilə yanaşı, eyni zamanda dünya birliyi tərəfindən zəngin tarixə, mədəniyyətə, musiqiyə, tarixi abidələrə malik olan bir ölkə kimi tanınır. Lakin Dağlıq Qarabağ və onun ətrafında olan işğal olunmuş torpaqlardakı abidələrimiz haqqında beynəlxalq aləmdə ətraflı məlumat yoxdur. Azərbaycan bu gün erməni tapdağı altında qalan, dünya və islam sivilizasiyasının nadir incilərindən olan tarixi abidələrinin məhv olmasını dünya ictimaiyyətinə çatdırmağa çalışır.
"Gorus-2010: absurd teatrı mövsümü" əsərində Ermənistan prezidentinin məntiqdən kənar, ağ yalanına tutarlı cavab verilmişdir. Əsərdə qeyd olunur ki, "Bu gün ermənilərin işğal etdikləri torpaqlarda mədəni terror həyata keçirilir. Separatçılar tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar. Burada məscidlər, XVIII-XIX əsrlərə aid evlər, mülki və müdafiə tikililəri dağıdılmışdır. İşğal zonasında mülki memarlığın nadir nümunələri Araz çayı üzərində Xudafərin keçidində on bir və on beş tağlı körpülər qalmışdır. Çoxsaylı məscidlər, o cümlədən görkəmli Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabağinin tikdiyi məscidlər, körpülər, hamamlar, xatirə tikililəri, XII-XIII əsrlərə aid Məlik Acar, XIV əsrə aid Mir Əli, XIV əsrə aid Xaçın Dorbatlı, XIII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbiristanlıqları dağıdılmışdır. Bütün bunlar mədəni terrorun və işğal olunmuş ərazilərdə azərbaycanlıların izlərinin məqsədyönlü şəkildə məhv edilməsinin nəticəsidir."
Tarixin müxtəlif mərhələlərində ermənilər addım-addım Azərbaycan torpaqlarını zəbt edib, tarixi abidələrini məhv edir və ya erməniləşdirir, yer adlarını dəyişdirirdilər. Bu səbəbsiz deyil. Məlumdur ki, müəyyən etnosun bu və ya digər coğrafi məkanda təşəkkül tapmasının əsas sübutları maddi mədəniyyət abidələri və toponimlərdir. Bunları erməniləşdirməklə ermənilər bu torpaqlardan bizim izimizi itirməyə çalışırlar. Ermənilərin özlərinin etirafına görə, təkcə 1992-ci ildə işğaldan sonra Azərbaycan ərazilərində 1700 tarix və mədəniyyət abidələrimizin adları dəyişdirilərək erməni adları ilə əvəz edilib və erməni abidələri kimi təbliğ olunur. Ona görə bizim ən ümdə vəzifəmiz tarixin yaddaşlarını qorumaq və ermənilərin bu siyasətini dünya ictimaiyyəti qarşısında ifşa etməkdən ibarətdir.
Tarixi faktları özündə əks etdirən, elmi və sanballı dəlillərlə zəngin olan əsər son illər regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Kitabın Tbilisidə ingilis və rus dillərində çapdan çıxması yalnız Azərbaycanda deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrində alimlər, politoloqlar, tədqiqatçılar üçün faydalı olacaqdır.
Xalq diplomatiyası və onun əhəmiyyəti
Dünya artıq əvvəlki dünya deyil, oyunçular da, oyunun qaydaları da dəyişib. Səhnədə yeni aktyorlar var, oyun qaydaları yenidən yazılmağa başlayıb, yeni əməkdaşlıq formaları meydana gəlir, yeni tərəfdaşlıq toxumları səpilir. Belə olan təqdirdə yeni dünyada köhnədən qalmış qaydalarla, şərtlərlə uğur qazandırmaq olduqca çətindir. Yeni dünyanın öz nizamı, dili, üslubu və məsələlərə yanaşma metodu vardır. Yeni dünya ilə ayaqlaşa bilənlər, yeni qaydaları mənimsəyənlər rəqabətə dözür, öz varlıqlarını təsdiq edə bilər. Yeni dünyanın tələbi, strateji gücü xalq diplomatiyası hesab edilir.
Xalq diplomatiyası müasir beynəlxalq münasibətlər sisteminin mühüm predmetlərindən biridir. Diplomatiyanın bu növü əsasən iki formada - "dövlətdən-xalqa" və "xalqdan-xalqa" şəkildə həyata keçirilir. Dövlət yürütdüyü siyasəti və apardığı fəaliyyəti rəsmi mənbələr vasitəsilə xalqa çatdırır. Xalqdan-xalqa olan təmaslar isə qeyri-hökumət təşkilatları, fondlar, ictimai qurumlar, müxtəlif araşdırma mərkəzləri vasitəsilə həyata keçirilir. Xalq diplomatiyasında ilk olaraq cəmiyyətdə gedən proseslər araşdırılır, təhlil edilir, sonra isə cəmiyyət analizin nəticəsinə uyğun məlumatlandırılır və daha sağlam mühitin formalaşdırılması istiqamətində ciddi addımlar atılır. Buna görə də xalq diplomatiyası dinamik, çox vektorlu ünsiyyət prosesi hesab edilir.
Xalq diplomatiyasının əsas vəzifələrindən biri ölkə dəyərlərini dünyaya daha yaxşı çatdırmaqdan ibarətdir. "Yumşaq güc" adlandırılan xalq diplomatiyasında elm, mədəniyyət, incəsənət, təhsil kimi faktorları istifadə edə bilən ölkələr diqqət mərkəzinə çevrilirlər. Bundan başqa, dünyanın bir sıra inkişaf etmiş ölkələri yürütdükləri siyasəti ictimaiyyətə izah etmək üçün yeni yollardan yararlanmağa başlayıblar. Bu, son illər leksikonumuza yeni daxil olan, əsasən gənclərin həyat tərzinə çevrilən "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdən istifadəni özündə əks etdirir. Bu ölkələr bir tərəfdən dünyada yaxşı tanınır və tərəfdaşlıq üçün etimad qazanır, digər tərəfdən də beynəlxalq arenada strateji dəyərini günü-gündən artırmağa müvəffəq olurlar. Son vaxtlar dünyada, xüsusilə, Orta Şərqdə gedən proseslərdə sosial şəbəkənin gücünü bir daha nümayiş etdirdi.
Danışmaq qədər dinləmək, izah etmək qədər anlamaq, müəyyən məsələləri çatdırmaq qədər qapalı olmamaq xalq diplomatiyasının şərtlərindədir. Eyni zamanda, xalq diplomatiyasının həyata keçirdiyi siyasət rasional, qaneedici və inandırıcı olmalıdır. Beynəlxalq hüquq qaydalarını pozan, ədalətsiz, təhdid, terrorizm, işğal kimi qeyri-qanuni üsullara əsaslanan siyasəti nə müdafiə etmək, nə də dünya ictimaiyyətinə izah etmək mümkündür. Başqa dövlətin ərazisini işğal edən, insan haqlarını sistematik şəkildə pozan bir ölkənin uğurlu xalq diplomatiyası siyasəti yürütməsi az inandırıcıdır. Qonşusunun 20 faiz torpağını qəsb edən, bir milyon insanın fundamental haqlarını pozan Ermənistan səmərəli xalq diplomatiyası siyasətini həyata keçirmək iqtidarında deyil. Son 5 ilə qədər Ermənistan xaricdəki güclü dəstəyinin və lobbisinin hesabına iç üzünü gizlədə bilirdisə, artıq Azərbaycanın çevik diplomatiyası və informasiya sahəsində qazandığı təcrübə qarşısında bunu etmək çətinləşib.
Xalq diplomatiyası və dünya
təcrübəsi
Müasir dünyada informasiya müharibəsi yeni çağırışlar, forma və vasitələrlə həyata keçirilir. Hər bir ölkə özünü təqdim etməyi, gücünü nümayiş etdirməyi bacarmalıdır. Bütün bunlar təkcə dövlət tərəfindən deyil, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, universitetlər, araşdırma mərkəzləri, media və digərləri də xalq diplomatiyasının effektivliyi üçün səfərbər olmalıdırlar. Atılan addımlar ictimaiyyətlə razılaşdırılmalı, onlara vaxtlı-vaxtında məlumat verilməlidir.
Dünyada ayrı-ayrı ölkələr sahib olduqları tarixə və adət ənənələrə söykənərək öz siyasətini və xalq diplomatiyasını müxtəlif yollar və formalarla beynəlxalq birliyə izah etməyə çalışırlar. Avropa İttifaqına üzv olan ölkələr 1999-cu ildə vahid xarici və daxili siyasət həyata keçirməyə qərar verdikdən sonra xalq diplomatiyasını özlərinin prioritet istiqamətlərindən biri kimi qəbul etmişlər.
Bir sıra məsələlərdə olduğu kimi, İngiltərə xalq diplomatiyası sahəsində də müstəqil siyasət yürütməyə qərar verib. Dünyada ingilis dilinin müxtəlif millətlər arasında ünsiyyət dili olması İngiltərənin xalq diplomatiyasının uğurlarından hesab edilir. Ümumiyyətlə, Böyük Britaniyanın xalq diplomatiyası sahəsində fəaliyyəti əsasən üç qurum - Xarici İşlər Nazirliyi (diplomatik əlaqələri həyata keçirir), British Council (mədəni əlaqələrə cavab verir) və BBC Dünya Xidməti (informasiya dəstəyini təmin edir) tərəfindən həyata keçirilir.
Amerika Birləşmiş Ştatlarının xalq diplomatiyasını isə beş qurum - Dövlət Departamenti, Ağ ev, Pentaqon (Müdafiə Nazirliyi), USAİD və Amerikanın səsi kimi informasiya agentlikləri tərəfindən aparılır. Birləşmiş Ştatlar xalq diplomatiyasının fəaliyyəti üçün ildə iki milyard dollara yaxın vəsait ayırır. Bundan əlavə təhsil, elm, media və mədəniyyət sahələrində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də tələbələrə təqaüd verilməsi də həyata keçirilir. Lakin bütün bu xərclərə və fəaliyyətə baxmayaraq, Amerika Birləşmiş Ştatlarının Əfqanıstan və İraqda apardığı müəyyən proseslər, Quantanamo və Abu-Qureyb kimi həbsxanalarda rüsvayçılığın ortaya çıxması ABŞ-ın Orta Şərqdə, ümumən, İslam aləmində nüfuzunun aşağı düşməsi və xalq diplomatiyası siyasətinin həyata keçirilməsində problemlərlə üzləşməsi ilə nəticələnmişdir. Son illər Amerika təcrübəsi onu göstərir ki, xalq diplomatiyası ilə siyasi xətt arasında ziddiyyət yaranmışdır. Buraxılan səhvlər, atılan yanlış addımlar nəticəsində ölkənin uzun zamandan bəri qazandığı nüfuz getdikcə itir və bunun bərpası xeyli vaxt tələb edir.
Adətən mənfi imic haqqında təsəvvürlərin zehinlərdən silinməsi üçün on illiklərə, bəzən isə əsrlərə ehtiyac olur. Misal üçün Türkiyənin təxminən bir əsrlik modernləşmə təcrübəsinə, qloballaşmanın meydana gətirdiyi yeni əlaqələr və təmas yaratmaq imkanlarına, Avropada 5 milyon türkün yaşamasına, Türkiyənin Avropa İttifaqına üzv olma istəyinə baxmayaraq, Avropa ictimaiyyətində türklər, xüsusilə Osmanlılar barədə hələ də qorxu xofu qalmaqdadır. Təbii ki, Osmanlılar haqqında qorxunun yaranması əsasən onların iddia etdiyi kimi, bir zamanlar türklər tərəfindən aparılan imperiya siyasəti ilə bağlıdır. İmperiya siyasətinin qurbanları kimi, uzun illər Britaniya koloniyası altında yaşayan Birlik ölkələrinin xalqlarını, Fransa müstəmləkəçiliyi altında yaşayan Afrika xalqlarını və nəhayət, bizə yad olmayan keçmiş SSRİ respublikalarında yaşayan xalqlarını misal çəkmək olar. Görkəmli alman filosofu Hans Gorg Gadamerin dediyi kimi, "Tarix danışdığımız dildə, cümlələrdə, rəmzlərdə, təsəvvürlərdə və nəql etdiyimiz hekayələrdə yaşayır" .
Xalq diplomatiyasının Çin modeli digər ölkələrdən özünəməxsusluğu ilə seçilir. Bir partiyalı hökumət tərəfindən idarə olunan, Tibet, Tayvan və Uyğur problemləri, insan haqları kimi məsələləri olan Çinin dünyada müsbət imic yaratması asan deyil. İqtisadi inkişafını özünün xarici siyasətinin və xalq diplomatiyasının başlıca amilinə çevirən Çin bir tərəfdən "demokratik dəyərlər olmasa, iqtisadi inkişaf olmaz" deyən Qərb dövlətlərinə cavab verir, digər tərəfdən də onları daxili işlərinə qarışmamağa çağırır. Çin dünyanın ikinci böyük iqtisadiyyatına sahibdir. Bu sürət tempi davam edərsə 2030-cu ildə birinci yerə sahib olacağı proqnozlaşdırılır. İdman sahəsində uğurları, xüsusilə, 2008-ci ildə Pekin Olimpiadası zamanı Çinin nümayiş etdirdiyi qonaqpərvərlik dünya birliyində böyük təəssürat oyatmışdır.
Bu il müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycanın xalq diplomatiyası sahəsində böyük dövlətlərlə, xüsusilə diplomatiyanın bu növü üzrə təcrübəli ölkələrlə müqayisə edilməsi ədalətli olmazdı. Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyaya çıxarılmasının intensivləşdirilməsi, xüsusilə Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə "Azərbaycan mədəniyyəti günləri"nin keçirilməsi ölkəmizin tanıdılmasında mühüm rol oynamışdır. İnanırıq ki, gələcəkdə də bu istiqamətdə həyata keçirilən fəaliyyət effektli şəkildə davam etdiriləcəkdir.
Xalq diplomatiyasının inkişaf etdirilməsi üçün zəngin mədəniyyətə, qədim tarixə, geostrateji mövqeyə sahib olan ölkəmizin böyük potensialı var. Azərbaycan bu sahədə müəyyən addımlar atıb. 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ölkəmizin turizm potensialını bir daha nümayiş etdirəcəkdir.
Bu gün Azərbaycan haqqında reallıqlar dünya ictimaiyyətinə çatdırılır. Bu işdə əllidən çox ölkədə fəaliyyət göstərən səfirliyimiz və diaspor təşkilatlarımızın əməyi var. Həm intellektual, həm də maddi resurslarını səfərbər edərək hücum taktikasını seçən Azərbaycan informasiya müharibəsində daha fəal mübarizə aparır. Təsadüfi deyil ki, biz artıq erməni lobbisinə qalib gəlirik...
Həsən MƏMMƏDZADƏ,
Prezident Administrasiyası
Xarici əlaqələr şöbəsinin
analitik informasiya
sektorunun müdiri
Azərbaycan.- 2011.-22 fevral.- S. 4.