"TRT" telekanalının Bakı nümayəndəliyinin Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı hazırladığı "Duyun artıq" filminin təqdimatı olmuşdur

 

AzərTAc xəbər verir ki, fevralın 22-də Türkiyənin Azərbaycandakı səfirliyində "TRT" telekanalının Bakı nümayəndəliyinin Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı hazırladığı "Duyun artıq" filminin təqdimatı olmuşdur.

"TRT"nin Bakıdakı təmsilçisi Yüksəl Dəyərcan bildirmişdir ki, telekanal Azərbaycan ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır. Nailə Əkbərovanın rejissoru olduğu bu filmlə telekanal Xocalı faciəsinin soyqırımı olaraq tanınmasına dünya dövlətlərinin, beynəlxalq təşkilatların ikili standartlardan yanaşmasına "Duyun artıq" deyir.

Azərbaycanın kədərinin Türkiyənin də kədəri olduğunu bildirən qardaş ölkənin Bakıdakı səfiri Hulusi Kılıç ermənilərin tarix boyu türklərə və azərbaycanlılara qarşı törətdikləri cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulamışdır. Diplomat demişdir ki, erməni yalanlarına son qoymaq, 19 il əvvəl onların törətdikləri cinayətləri bütün dünyaya bəyan etmək lazımdır. Bu film vasitəsilə ermənilərin çirkin əməlləri bir daha ictimaiyyətin diqqətinə çatdırılır. Biz Cənubi Qafqazda sülh istəyirik. Bunun üçün regiondakı bu ədalətsizliyə son qoyulmalıdır.

Çıxışlardan sonra "Duyun artıq" filmi təqdim edilmişdir. Xocalı soyqırımının qanlı görüntülərinin əks olunduğu 30 dəqiqəlik filmdə faciənin şahidləri, deputatlar, tarixçilər ermənilərin dəhşətli cinayətlərindən danışmışlar.

Milli Məclisin deputatları Gülər Əhmədova, Məlahət İbrahimqızı və Jalə Əliyeva filmi yüksək qiymətləndirmişlər.

 

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 5.