Qafqaz Müsəlmanları
İdarəsində peyğəmbərin Mövlud məclisi təşkil
edilmişdir
Məhəmməd peyğəmbərin (s.ə.s.) təvəllüd günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsində Mövlud məclisi təşkil edilmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin Dini-Elmi Şurasının və Qazilər Şurasının iştirakı ilə hazırlanmış tədbirin əvvəlində peyğəmbərin ruhuna dualar oxunmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə mövlud iştirakçılarını səmimi salamlayaraq bu ənənənin tarixi və mənəvi əhəmiyyəti barədə qısa məlumat vermişdir.
Qeyd edilmişdir ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndə ölkəmizdə cəmi 18 məscid olduğu halda, hazırda respublikada yüzlərlə məbəd - məscid, kilsə və sinaqoq fəaliyyət göstərir. Dini etiqad azadlığı ölkəmizin Konstitusiyasında təsbit edilmişdir. Mövlud bayramının qeyd edilməsi ənənəsi dərin tarixi köklərə malikdir və hazırda bu bayram yüksək səviyyədə qeyd edilir.
A.Paşazadə xatırlatmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü il avqust ayında Təzəpir məscidini ziyarət etmiş, buradakı çıxışında qeyd etmişdir ki, Məhəmməd peyğəmbərin doğulması və onun fəaliyyəti dünya tarixində mühüm hadisə olmuş, islam dininin təməlini qoymuşdur.
Ölkəmizdə bütün dindarların bərabər hüquqlarının və tolerantlığın təmin edilməsi üçün əsası Heydər Əliyev tərəfindən qoyulmuş yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvləri - akademiklər Bəkir Nəbiyev, Teymur Bünyadov, "Kəlam" jurnalının redaktoru Mirəziz Seyidov və başqaları Məhəmməd peyğəmbərin (s.ə.s.) əxlaq nümunəsi olması, müsəlman ümmətinin sıx birləşməsi yolunda onun xidmətləri barədə söhbət açmışlar. Bu bayram müsəlmanların üzərinə peyğəmbərə (s.ə.s.) münasibətdə xüsusi öhdəliklər qoyur, onun həyat yolu və peyğəmbərlik missiyası barədə düşünməyə vadar edir.
Sonra müqəddəs Qurani-Kərimdən ayələr oxunmuş, zikr edilmişdir.
Mövlud məclisinin sonunda
ehsan verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-23 fevral.- S. 5.