Laçınlılar 2010-cu ili uğurla yekunlaşdırmışlar
Ağcabədi rayonundakı Taxtakörpü ərazisində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzmüş, Heydər Əliyev muzeyini ziyarət etmişlər. Sonra Taxtakörpü qəsəbəsində şəhidlərin xatirə kompleksi ətrafında ağac əkilmiş, icra hakimiyyətinin binasında rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxış keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov hesabat məruzəsində bildirmişdir ki, 2010-cu ildə Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Hesabat ilində Taxtakörpü qəsəbəsində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün inzibati bina, "Dünyaya baxış" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən hər biri 100 yerlik iki uşaq bağçası tikilib istifadəyə verilmiş, şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılmış, rayon icra hakimiyyətinin binası önündə ulu öndər Heydər Əliyevin qranitdən yeni büstü qoyulmuş, ətrafında abadlıq, yaşıllıq işləri aparılmış, Gənclər parkı yaradılmışdır. Rayon təhsil şöbəsinin, 121 saylı Dairə Seçki Komissiyasının, Gigiyena və epidemiologiya mərkəzinin, "Qayğı" qəsəbə nümayəndəliyinin yerləşdiyi binanın dam örtükləri metalla əvəz olunmuş, qəsəbəyə təbii qaz xəttinin çəkilişinə başlanmışdır. Taxtakörpü qəsəbəsində və laçınlı məcburi köçkünlərin məskunlaşdığı digər ərazilərdə fəaliyyət göstərən 20 ümumtəhsil məktəbində, 3 səhiyyə ocağında, mədəniyyət müəssisəsində cari və əsaslı təmir işləri aparılmışdır. Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 552 ailəlik yeni qəsəbənin tikintisinə başlanılmış, Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli sərəncamı ilə 3400 ailəlik qəsəbənin salınması üçün 627,4 hektar torpaq sahəsi ayrılmışdır. Qəsəbədəki yollar və meydanlar abadlaşdırılmışdır. "Ekologiya ili" çərçivəsində 10 mindən çox ağac əkilmişdir. Rayonun qocaman təhsil ocaqlarından olan Minkənd orta məktəbinin 120 illik yubileyi yüksək səviyyədə qeyd edilmiş, yubiley münasibətilə ölkə başçısının müvafiq sərəncamları ilə məktəbin iki müəllimi "Tərəqqi" medalı ilə təltif olunmuş, bir nəfər müəllim "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemləri həll edilmişdir. Əhalinin təsərrüfat suyuna olan tələbatının ödənilməsi məqsədi ilə nasos və hidrotexniki qurğular təmir edilmiş, Kür çayı üzərində 1 ədəd dizel nasos stansiyası quraşdırılmış, 56,4 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1006 hektarda meliorasiya işləri görülmüşdür. 4310 metr beton, 4996 metr açıq suyığıcı kanal, 8680 metr qapalı dren çəkilmiş, kanallar üzərində 14 ədəd borulu keçid, 15 ədəd səviyyə qaldırıcı qurğu quraşdırılmış, şor suların Mil-Qarabağ kollektoruna axıdılması üçün nasos stansiyası tikilmişdir. Hazırda Kamallı, Malıbəy və Cağazur obalarında artezian quyuları qazılır.
Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə "Dünyaya baxış" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən Taxtakörpü su anbarından Qarakeçdi və Şeylanlı obalarına gedən içməli su xəttinin yararsız vəziyyətdə olan 8,7 kilometr hissəsi plastik boru ilə əvəz olunmuş, 5 yerdə bulaq tikilmişdir.
2010-cu ilin məhsulu
üçün 25 kənd
ərazi nümayəndəliyi
üzrə 2161 hektarda
taxıl, 2057 hektarda yonca, 22 hektarda bostan, 41 hektarda tərəvəz, 10 hektarda
şəkər çuğunduru
becərilmişdir. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu
mal-qaranın sayı
1348 baş, qoyun və keçilərin sayı 3985 baş artmışdır.
Hesabat dövründə
15 min 710 sentner ət,
127 min 709 sentner süd,
3630 sentner yun, 1 milyon 206 min ədəd yumurta istehsal edilmişdir. 2009-cu illə
müqayisədə 3303 sentner
ət, 8836 sentner süd, 231 sentner yun, 26 min ədəd yumurta çox istehsal edilmişdir.
Məruzə ətrafında çıxış
edən idarə və müəssisə rəhbərləri görülən
işlərdən və
qarşıda duran vəzifələrdən danışmışlar. Rayon ictimaiyyətinin nümayəndələri
Prezident İlham Əliyevin ölkəmizin
sosial-iqtisadi inkişafının
sürətləndirilməsi, işğal edilmiş ərazilərimizin azad edilməsi istiqamətində
fəaliyyətini dəstəklədiklərini
bildirmiş və doğma torpaqlarına qayıdacaqlarına əminliklərini
bildirmişlər.
Prezident Administrasiyasının məsul
işçisi Rövşən
Ağayev yığıncaqda
çıxış etmişdir.
Toplantı iştirakçıları adından
Prezident İlham Əliyevə müraciət
qəbul olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-23 fevral.- S. 5.