Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyədə səfərdədir

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdədir.

Arzu Rəhimov Türkiyənin daxili işlər naziri Bəşir Atalayla görüşmüşdür.

Türkiyəli nazir görüşdən əvvəl jurnalistlərə bildirmişdir ki, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi ilə miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəkdir. Onun sözlərinə görə, Azərbaycanla viza rejiminin ləğvi məsələsi üzrə də işlər davam edir.

Bəşir Atalay türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını xatırladaraq qardaş ölkələrimiz arasındakı əlaqələrin daha yüksək səviyyələrə qaldırılması istiqamətində səylərin davam edəcəyini söyləmişdir.

Arzu Rəhimov Türkiyənin miqrasiya sahəsində zəngin təcrübəsi olduğunu vurğulamış və bu təcrübədən ölkəmizin də faydalanacağını demişdir. Bu gün iqtisadi potensialı güclənən Azərbaycan bir cazibə mərkəzinə çevrilir və bu kontekstdə Türkiyə ilə əməkdaşlığın inkişafı çox mühümdür.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 5.