Sumqayıtda törədilən iğtişaşlar mətbuat səhifələrində

 

1988-ci ildə dünya mətbuatı Sumqayıtda baş verən hadisələrə bir sıra materiallar həsr etdilər. Həmin materialları təhlil etdikdə görürük ki, Qərb mətbuatı birtərəfli və loyal mövqe tutur və yaxud Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsini "zəruri" hesab edirdilər. Bir neçə misal gətirmək istərdik.

 

"Fayneşl tayms". İngiltərə. 30 mart 1988

"Sumqayıtda qanlı faciə baş verəndən sonra Ermənistanın Yerevan şəhərində minlərlə erməni küçələrə axışdılar. Ermənilər Qorbaçova böyük ümidlər bəsləyirdilər".

 

"Ekonomiks". İngiltərə. 6 iyul 1988

"Ermənilər Kremldə ikinci adam sayılan Y.Liqaçovun mayın 21-də Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması haqqında çıxışından narazı qaldıqlarını bildirmişlər. ...Sumqayıtda rəsmi məlumata görə, 32 nəfər adam öldürülmüşdür...Sumqayıt hadisələrində iştirak edənlərin üzərində məhkəmə prosesi başlanmışdır. 20 yaşlı Tale İsmayılov adam öldürdüyünə görə 15 il iş almışdır. Ermənilər belə ittihamdan narazıdırlar".

 

"İnterneyşl Herald Tribun". Sentyabr 1988

"Bir çox azərbaycanlıların fikrincə, fevralın 27, 28, 29-da olan hadisələr Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaq üçün erməni ekstremitsləri tərəfindən törədilmişdir".

"Vaşinqton post". Oktyabr 1989

"Ağacların kölgəsində onlarla adam bilyard oynayırdı. "Sumqayıtda nə baş vermişdisə, - Rəfael Abbasov dedi: -bu ermənilər tərəfindən təşkil olunmuş bir aksiya idi". Gənclər deyirdilər ki, hadisələrdən əvvəl ermənilər pullarını əmanət kassalarından çıxartmağa başladılar, çoxları şəhəri tərk etdi.

İştirak edənlərin hamısı qeyd elədi ki, bu, ermənilər tərəfindən hazırlanmış aksiya idi".

 

"Liberasyon". 25 noyabr 1989

"Hələ 1987-ci ilin yayında ermənilər Dağlıq Qarabağın alınması haqqında məsələ qaldıranda belə başa düşmək olardı ki, Qorbaçov və onun ətrafında olanlar bu tələbi müdafiə edirlər. Bu hərəkat gündən-günə genişlənirdi. Moskva isə susurdu. 1988-ci il fevralın 26-da Qorbaçov müraciətlə çıxış edəndə onun nitqi təxminən belə oldu: "Mən hər şeyi başa düşdüm. Ancaq bir az gözləyin".

 

Respublikanın əməkdar jurnalisti, "Exo Sumqayıta" qəzetinin baş redaktoru Eyruz Məmmədov 22 ildir ki, 1988-ci il fevral ayının 28-29-da Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğuldur. Bu illər ərzində onun beş kitabı nəşr olunmuş, dörd sənədli filmi çəkilmişdir. Əsərləri rus, ingilis, alman dillərinə tərcümə olunmuşdur.

Bu qeydlərimi milliyyətcə erməni olan, taleyini Sumqayıta bağlayan Muşeq Qazarovun 1988-ci il mart ayının 17-də "Kommunist Sumqaita" (indi "Exo Sumqayıta" adlanır - müəllif) dərc olunmuş bir məqaləsi ilə başlamaq istəyirəm. Qazarov yazırdı: "Azərbaycanlı, ukraynalı, fin, erməni, rus, yəhudi millətlərinin qarışığından olan ailəmizdə mehribançılıq, işgüzarlıq, qayğıkeşlik hökm sürür. Məgər mənim və mənim ailə üzvlərimin bu millətləri bir-birindən ayırmağa haqqı varmı? Bu millətlər arasında heç bir fərq qoymamalıyıq. Erməni millətçiləri isə dostluğa xain çıxdılar, millətlər arasına nifaq saldılar."

Mən təsadüfən bu misalı gətirmədim. Muşeq Qazarov özü əslən Gorusdandır. 1918-20-ci illərdə erməni-müsəlman savaşında başı çox əziyyətlər çəkib. Daşnaksütyun partiyasının qatı millətçiləri Gorusda yerləşirdilər. Burada onlar quldur dəstələri hazırlayır, Azərbaycanın kəndlərinə hücum edir, camaatı öldürür, girov götürürdülər.

Muşeq orta məktəbdə dərs deyirdi. Onu quldur dəstəsinə cəlb edəndə etiraz edir. "Mən heç kimə güllə ata bilmərəm, mən müəlliməm" - deyir. Bu sözün üstündə ermənilər onu möhkəm döyürlər. Sonra onu, qardaş və bacılarını Gorusdan didərgin salırlar. Müqavimət göstərən babasını isə güllələyirlər.

Muşeq Qazarov naəlac qalıb Qubadlı rayonuna pənah gətirir. İlk günlər rayonda ona qarşı münasibət kəskin olur. Lakin rayon partiya komitəsində məsul vəzifədə çalışan Göyüş Məmmədov onun tutulmasına etiraz edir. Muşeqin böyük külfəti vardı. Ona ayrıca otaq verirlər və azərbaycanlılarla dinc, əmin-amanlıq şəraitində yaşamağa başlayır. 1920-ci illərin sonunda ailəsi ilə birlikdə Bakıya köçür. 1949-cu ildən Sumqayıtda məskən saldı və ömrünün sonuna kimi burada yaşadı. 1988-ci ilin fevral hadisələrindən sonra ona sual veriləndə ki, "niyə köçüb Ermənistana getmirsən?" Muşeq belə cavab verdi: "Mən qatı millətçilərlə bir yerdə yaşaya bilmərəm. Çörəyi mənə azərbaycanlılar veriblər, ermənilər isə onu mənim əlimdən aldılar".

Muşeq barədə danışmağımın əsası var. Söhbət hər hansı bir erməniyə bəraət verməkdən getmir, Azərbaycan xalqının humanistliyindən gedir. Bunun Sumqayıtda baş verən hadisələr zamanı bir daha şahidi olduq. 1988-ci ilin mart-aprel aylarında "Sosialist Sumqayıtı" (indi "Sumqayıt" qəzeti) və "Kommunist Sumqaita" (indi "Exo Sumqayıta" qəzeti) qəzetlərində dərc olunmuş bir neçə oxucu məktublarını nəzərinizə çatdırmaq istəyirəm.

Sumqayıt sakini Rəhilə Abdullayevanın dediklərindən: "Qonşumuz Aşxen 20 ilə yaxındır ki, bizim binada yaşayırdı. Uşaqlarımız bir yerdə böyümüşdülər. Hadisələr vaxtı Aşxeni, iki qızını, gəlinini və iki nəvəsini evimizdə gizlətdik. Onların da evini qarət etdilər. Düz üç gün onları evimizdə saxladıq. Çörəyimizi onlardan əsirgəmədik. Komendant saatı elan olunduqdan sonra çıxıb getdilər".

Sumqayıt sakini Vaqif Ələsgərovun dediklərindən: "Abramın qohumunu bıçaqlamışdılar. Biz onu mənim maşınıma mindirib təcili yardım xəstəxanasına apardıq. Yolda azğınlaşmış xuliqanlar maşınımızın qabağını kəsdilər. Xoşbəxtlikdən məni tanıyıb bizi buraxdılar. Xəstəxanada ona lazımi kömək göstərildi".

Sumqayıt sakini Fatma İbrahimovanın dediklərindən: "Xuliqanların azğınlığı hamını vahiməyə salmışdı. Qonşum Yeva ağlaya-ağlaya bizə gəldi. Mən onu sakitləşdirmək istədim. Dedi ki, özü üçün qorxmur, qızı boyludur, uşaq gözləyir, sancıları da başlayıb. Xəstəxanaya aparmağa qorxur. Biz onu sakitləşdirdik. Mən zəng vurub oğlumu çağırdım. Yevanın qızı Susannanı oğlumun maşınına mindirib doğum evinə apardıq. Susannaya bütün qayğını göstərdilər. Oğlu oldu. Doğum evinin baş həkimi Şəhla Abışovanın diqqət və qayğısını indi də unuda bilmirəm".

Sumqayıtda komendant saatı elan olunduqdan sonra istər yerli, istərsə də respublika mətbuatında bir sıra ermənilər Sumqayıtda törədilən qanlı aksiyanı pislədilər. Bunun erməni millətçiləri və onların xaricdə yaşayan erməni lobbisi tərəfindən törədildiyini bəyan etdilər. Həmin günlər dövri mətbuatda dərc olunan bir neçə erməninin fikirləri ilə tanış olmağa dəyər.

Sumqayıtlıların dediklərini komendant Krayev də təsdiq etdi. O, "Pravda" qəzetinin 21 mart 1988-ci il nömrəsində yazırdı: "Ölüm çox ola bilərdi. Əgər yerli əhali kömək etməsə idi. Avtobus sürücüsü həmin gün 10 erməni ailəsini öz doğma rayonuna Şəkiyə apardı. Azərbaycanlı ailəsi binalarına hücum edən xuliqanların qabağını kəsmişdilər. Bir fəhlə öz dostu erməni ilə avtobusda gedirdi. Xuliqanlar avtobusun qabağını kəsib ermənini tələb etdilər. Azərbaycanlı özü yaralandı, dostunu isə xilas etdi".

Bakının və Sumayıtın ayrı-ayrı sənaye müəssisələrində çalışan ermənilər Sumqayıtda baş verən hadisələrlə bağlı "Kommunist", "Bakinskiy raboçiy", "Vışka", "Sosialist Sumqayıtı", "Kommunist Sumqaita", "Pravda", "İzvestiya" qəzetlərində çıxış edir, millətçi ermənilərin irəli sürdükləri torpaq iddialarını əsassız hesab edirdilər.

Arsen Ambartsumyan. Leytenant Şmitd adına (indi Səttərxan adına) zavodun işçisi: "Mən fəhləyəm. Dağlıq Qarabağda baş verən hadisə məni doğrusu təəccübləndirdi. Heç inanmazdım ki, bir qrup millətçi aranı qarışdıra bilər. 50 ilə yaxındır ki, bu zavodda işləyirəm. Burada mənim çoxlu dostlarım var. Ermənilərin iddiasını əsassız hesab edirəm".

Ruben Arutyunyan, Sumqayıt alüminium zavodunun işçisi: "Mən Şamxor (indiki Şəmkir rayonu - müəllif) rayonunun Çardaxlı kəndindənəm. Uşaqlıqdan azərbaycanlılarla ermənilərin dərdinin, sevincinin bir olduğunu öz gözlərimlə görmüşəm. İşlədiyim müəssisədə də belədir. Müxtəlif millətlərin nümayəndələri olsaq da, can deyib, can eşidirik. Son zamanlar Dağlıq Qarabağda baş vermiş hadisələr erməniləri, azərbaycanlıları, digər millətlərin nümayəndələrini də eyni dərəcədə həyəcanlandırıb. Özlərini "millət dostu" adlandıranlar öz millətinin də, digər xalqların da düşmənləridirlər".

Abram Akopyan, Sumqayıt üzvi sintez zavodunun işçisi: "Qarabağ hadisələrini eşidəndə necə həyəcanlandığımı sözlə ifadə etməyə çətinlik çəkirəm. On ildən çoxdur ki, taleyimi Sumqayıtla bağlamışam. Bizim üçün heç bir vaxt milli fərq olmayıb. Yalnız təmiz adam, vicdanlı işçi öz kollektivinin, müəssisəsinin, şəhərinin təəssübünü çəkə bilər. Mən müharibədə (1941-45-ci illər nəzərdə tutulur) keçən gəncliyimi, müharibənin ağır günlərini yaxşı xatırlayıram. Azərbaycandan, arxa cəbhədən əsgərlərə isti paltar, corab göndərmişdilər. Corabların biri mənə çatdı. Üstündə azərbaycanca bu sözlər yazılmışdı: "Sağ və salamat qayıdasan". Bir qadının əlləri ilə toxunmuş corabın üstünə həkk olunmuş bu sözlər, məni düşmənə qarşı daha amansız olmağa ruhlandırdı. Bu corabı öz əlləri ilə toxuyan qadın onun kimə çatacağını bilmirdi. Bircə, onu bilirdi ki, sovet əsgərinə göndərir. Mən indi də bu corabı ən əziz xatirə kimi saxlayıram. Dar gündə aldığım bu cür hədiyyəni, ana ürəyinin alqışını unutmaq olarmı? Mən erməni millətçilərinə ağıl-kamal və müdriklik diləyirəm".

Sumqayıt şəhərində qanlı aksiyanın törədilməsi birdən-birə baş verməmişdi. Bunun ssenarisi çox-çox əvvəllər yazılmışdı. Böyük sovet imperiyasını dağıtmaq üçün milli zəmində münaqişə yaratmaq əsas və mühüm şərtlərdən biri sayılırdı. Böyük bir ölkəni dağıtmaq üçün millətlər arasında konflikt yaratmaq lazım idi. Bu konflikti də Dağlıq Qarabağda yaratdılar. Azərbaycan xalqının dəmir iradəsini və qətiyyətini görən separatçı ermənilər xaricdə yaşayan havadarlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əli ilə Sumqayıtda faciə yaratdılar. Bundan sonra erməni təbliğat mexanizmi işə düşdü. Onlar azərbaycanlıları bütün dünyada başkəsən, quldur millət kimi təqdim etməyə başladılar. Sözsüz, bütün bu "cızmaqaralar" yalandan və böhtandan başqa bir şey deyildi. Bununla belə, ermənilər öz mənfur və çirkin əməllərindən əl çəkməyərək, bu işdə xaricdə yaşayan və fəaliyyət göstərən imkanlı ermənilərdən və kütləvi informasiya vasitələrindən geniş istifadə etməyə başladılar.

Bir sıra məqalələrə istinad etmək istəyirəm. "Bakinskiy raboçi" qəzeti 1988-ci il 8 mart sayında yazırdı ki, Amerikanın bəzi konqresmenləri fevral ayının 25-də komitə iclasında Dağlıq Qarabağda hadisələrin inkişafından narahat olduqlarını bildirmiş və son dərəcə "ağıllı" tövsiyə vermişlər; Respublikalarda qayda-qanun yaratmalı, həm də millətlərin öz müqəddəratını təmin etmək hüququna əməl etməli, milli siyasəti nəzərdən keçirib kökündən dəyişdirməli".

Dağlıq Qarabağın taleyini ermənilərin xeyrinə həll etmək istəyən qüvvələrin çox olduğu hamıya bəllidir. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatlarının birində deyilirdi: "Hər bir sosial iğtişaşa və ya narazılığa dərhal millətçilik istiqaməti verilməlidir. Bütün işlərdə milli-siyasi məqsədlər üstün yer tutmalıdır. Sosial narazılıqlar hətta tamamilə başqa səbəb üzündən baş versə də, onlara dərhal milli don geyindirilməlidir". MKİ-nin himayəsi altında olan "Azadlıq", "Amerikanın səsi" radiostansiyaları, transmilli şirkətlər bu yönümdə gündəlik məlumatları efirə ötürür və dünya ictimaiyyətini həqiqətdən uzaqlaşdırmağa çalışırdılar.

"Azadlıq" radiostansiyasının erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan həmin hadisə günlərində dəridən-qabıqdan çıxır, Sumqayıt "genosid"ini bəşəriyyət tarixində görünməmiş bir aksiya kimi qələmə verməyə çalışırdı. Ölənlərin sayının 32 nəfər yox, 500 nəfər olduğunu iddia edirdi.

"Amerikanın səsi" radiostansiyası erməni redaksiyasının 1988-ci il sentyabrın 13-də verdiyi məlumata görə, Dağlıq Qarabağ barəsində iddialar qəti şəkildə rədd olunarsa, "Qarabağ Komitəsi" problemin həllinin tamamilə yeni və orijinal bir planını tərtib etmişdir və onu tam ciddi variantlardan biri sayır. Redaksiyanın tövsiyələrinə görə Qarabağ erməniləri SSRİ-nin tərkibindən çıxmağa nail olmalı və bundan sonra yenidən Sovet İttifaqı ilə birləşməlidir. Ermənistan Respublikası bu haqda Moskvadan razılıq almalıdır. Əgər ümidsiz vəziyyət yaranarsa və planı həyata keçirmək mümkün olmazsa, daha hiyləgər, lakin eyni dərəcədə avantürist məzmun daşıyan başqa ehtiyat variantı da vardır. SSRİ Konstitusiyasına görə, DQMV-nin öz müqəddaratını təyin etmək hüququ yoxdur. Ermənistan SSR-si isə belə bir hüquqa malikdir. Ona görə də radio təklif edir ki, Ermənistan özü Dağlıq Qarabağın tərkibinə daxil olmaq haqqında müraciət irəli sürsün, paytaxtı Stepanakert şəhəri olmaqla, yeni Artsax erməni respublikası yaratsın.

Bütün bunlar boş cəfəngiyatdan başqa şey deyildi. Ermənilər xəyalla yaşasalar da, öz çirkin əməllərindən əl çəkmirdilər. Onlar Yerevanda təcili olaraq "Sumqayıt, genosid, aşkarlıq" adlı kitab nəşr etdilər və bütün postsovet məkanında yaydılar. Təəssüflər olsun ki, həmin dövrdə respublika mətbuatında bu qərəzli və böhtan xarakterli kitaba layiqli cavab verilmədi. Niyə? Çünki o zamanlar Kommunist Partiyası hakimiyyətdə idi. Bolşevik ideoloqları ermənilərlə dostluq əlaqələri, "beynəlmiləlçilik prinsipləri" və onların həyatda gerçəkliyi haqqında materiallara üstünlük verirdilər. Bir neçə erməni və azərbaycanlı tələbələrini AzTV-yə dəvət edir və bu gənclər dostluqdan, qardaşlıqdan söhbət açırdılar. Bu, Mərkəzi Komitənin səriştəsizliyini, dar düşüncəyə malik olduqlarını və siyasi savadsızlığını sübut edirdi. Yerevanda, Stepanakertdə ermənilər Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana qatılmasını gündəmə çıxarır, bunu kütləvi informasiya vasitələrində bəyan edirdilər. Bizimkilər isə Moskvaya yarınmaq üçün ermənilərə qarşı sədaqətli olduqlarını sübut etməyə çalışırdılar.

1988-ci il fevralın 29-da SİTA belə bir məlumat yaydı ki, Sumqayıtda bir qrup xuliqan şuluqluq etmişdir. Fevralın 28-29-da erməni quldurları 32 nəfəri qətlə yetirmiş, 197 nəfəri yaralamış, 12 nəfər qadını zorlamış, 26 məişət obyektinə, 100-dən çox mənzilə, 20 avtomobilə zərər vurmuşlar. Məgər bütün bunları bir qrup xuliqanın ayağına yazmaq olardımı? Yetkinləşməmiş, 15-16 yaşlı uşaqlar qatı cinayətə əl ata bilərdilərmi? Xeyr, bütün bunlar xaricdə, Ermənistan Respublikasının rəhbərlərinin iştirakı ilə qabaqcadan planlaşdırılmış və düşünülmüş bir aksiya idi. Sumqayıta Yerevandan xüsusi emissarlar gəlirdi. Onlar cinayətkar Qriqoryanla görüşür, onu təlimatlandırır, pul və narkotiklə təmin edirdilər. Sumqayıtlı gənclər və yeniyetmələr qatı cinayətkarların təhriki ilə aksiyaya qoşulub iğtişaşlarda iştirak etmişdilər. Respublika mətbuatı (bir neçə məqaləni istisna etməklə) isə bu haqda susurdu.

Ermənistanın rəhbərləri, hərbçiləri, qatı millətçiləri Dağlıq Qarabağın və Azərbaycanın 20 faiz torpaqlarının işğalında görəsən təkcə öz imkanlarındanmı istifadə etmişdilər? Xeyr! Əgər kənardan kömək olmasa idi, ermənilər cürət edib Azərbaycan torpaqlarını zəbt edə bilməzdilər. Buna onların cürəti çatmazdı! Sovet hərbçiləri bu işdə onlara dəstək idilər. Ermənilərə külli miqdarda hərbi silah və canlı qüvvə verilirdi. Sonralar Rusiyanın Ermənistana təmənnasız bir milyard Amerika dolları həcmində silah verməsi bütün dünya ictimaiyyətinə bəllidir.

1990-cı il yanvar ayının 24-də Parisdə nəşr olunan "Jurnal dyu dimanş" qəzeti yazırdı: "Axır günlər Livandan Yerevana minomyot və avtomatlar daşıyan təyyarələr gəlməkdə davam edir. Onların boşaldılması erməni gömrük işçilərinin nəzarəti altında gecələr həyata keçirilirdi. Artıq neçə gündür ki, aeroportun gömrüyündə bir nəfər də olsun rus xidmət etmir. Bu silahların daşınması ola bilsin ki, sentyabrdan başlanıb. Dağlıq Qarabağda vətəndaş müharibəsi qızışan andan Yerevanda və kəndlərdə, Azərbaycanla sərhəd ərazidə daha çox silahlı adamlara, həmçinin hər şeyə hazır olan qızışmış gənclərə rast gəlinir. Bu dəstələrin başında çox vaxt Beyrutdan və Dəməşqdən gəlmiş erməniləri görmək olar. Onların bəziləri Livan terrorçularına və silahlanmış xristian qruplarına yaxındırlar. Küçə döyüşləri taktikasını yaxşı bilən yüzlərlə Livan ermənisi bura vizasız gəlib. Onların bir hissəsi Yerevanda yerləşir, əksəriyyəti isə sərhəd rayonları olan Gorus və Xanlar ətrafına yola düşüblər. Qonşu respublikalarda olduğu kimi, "Qarabağ Komitəsi" bu təşkilatları Azərbaycana qarşı öz əllərində saxlayırlar".

Belə misalları çox sadalamaq olar. Möhkəm silahlanmış ermənilər, ideoloji silahdan da məharətlə istifadə etməyə çalışırdılar. Erməni və ermənipərəst qüvvələr dünyanın ayrı-ayrı mətbuat səhifələrində guya Böyük Ermənistanın mövcud olduğunu iddia edir, Osmanlı imperiyası tərəfindən dağıldığını ön plana çəkirdilər. Fransız sovetşünası Lemerse-Kelkeje "Azərbaycana xaricdən təsir" məqaləsində Azərbaycan tarixini təhrif edir, qonşu dövlətlərə (ermənilər nəzərdə tutulur - müəllif) qarşı xəyanətkar olduğunu sübut etməyə çalışırdı.

Erməni ideoloqları öz havadarlarının pulu hesabına xaricdə kütləvi informasiya vasitələrində Azərbaycan haqqında mənfi imic yaratmaqla məşğul idilər. Bir misal çəkmək istəyirəm. 1989-cu il iyun ayının 29-da "Yurmala" qəzetinin 26-cı sayının birincə səhifəsində belə bir başlıq verilmişdir: "Qəzetin bu nömrəsi Ermənistana və erməni xalqına həsr olunur".

Qəzetlə tanış olanlar bilirlər ki, Azərbaycanın, onun dinc əhalisinin ünvanına nə qədər böhtanlar yağdırılmışdır. Dağlıq Qarabağın tarixən ermənilərin olmasını sübut etməyə çalışır, Sumqayıtda ermənilərə qarşı "genosid" aparıldığını söyləyirdilər. Silva Kaputikyan məqaləsində yazırdı: "Biz uçuruma yuvarlanmışıq. Çıxış yolu yoxdur. Bir tərəfdə Türkiyə, digər tərəfdə Azərbaycan. Havamız çatmır. Məhv oluruq. Sumqayıtda qırğın olmuşdur. Bizi yaşamağa qoymurlar".

Yazıçı Sero Xanzadyan yazırdı: "1930-cu ildə Qarabağda 850 min erməni yaşayırdı. 1926-cı ildə Naxçıvanda ermənilər əhalinin 40 faizini təşkil edirdi. 1988-ci ilin axırlarında orada demək olar ki, erməni qalmayıb. Sumqayıtda ermənilərin qətli Azərbaycan rəhbərləri ilə razılaşdırılaraq həyata keçirilmişdir. Burada 450-yə qədər erməni vəhşicəsinə öldürülüb".

Həmin dövrdə "Yurmala" qəzetinə "Azərbaycan gəncləri" və "Kommunist Sumqaita" (indi "Exo Sumqayıta" qəzeti) cavab verdi. Azərbaycan KP Mərkəzi Komitəsinin orqanları "Kommunist" və "Bakinskiy raboçi" qəzetləri isə nədənsə susdular.

Qərb ölkələri, transmilli korporasiyalar, xarici mətbuat Azərbaycanda gedən ictimai-siyasi prosesləri, Sumqayıtda baş verən qanlı aksiyadan, Dağlıq Qarabağ problemindən SSRİ-nin dağıdılmasında və Kommunist Partiyasının ləğvində bir alət kimi istifadə etdilər. Erməni millətçiləri isə bu hadisələrdən tarixi şans kimi istifadə etməyə çalışdılar.

Həmin illər ermənilər informasiya müharibəsində üstünlük təşkil edirdilər. Fransada, Kaliforniyada, Hollandiyada kütləvi informasiya vasitələrində ermənilər və ermənipərəst siyasətçilər, politoloqlar Azərbaycanın ünvanına hədyanlar yağdırırdılar.

"Sandi Tayms" qəzeti yazırdı: "Azərbaycanlılar ermənilərdən aciz və gücsüz deyillər. İnformasiya müharibəsində isə azərbaycanlılar ermənilərdən aciz və gücsüzdürlər".

Bu həqiqətən belə idi. İllər sonra Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, paralel olaraq ideologiyamızda da ciddi dönüşlər yarandı. Alimlərimiz, tarixçilərimiz, politoloqlarımız ermənilərin xəyanətkar düşmən olduğunu, ədalətsiz müharibə apararaq 20 faiz torpaqlarımızı işğal etməsini bütün dünyaya çatdırmağa səy göstərdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İstanbulda keçirilən sammitdəki çıxışında demişdir ki, biz informasiya müharibəsində həmişə ermənilərdən geri qalmışıq. İndi hücuma keçməyin vaxtı gəlib çatmışdır.

Son illər ideoloji cəbhədə atılan addımlar onu göstərir ki, artıq dünya ictimaiyyəti erməniləri işğalçı kimi tanıyır, azərbaycanlıların isə sülhpərvər bir millət olduğunu dəstəkləyirlər.

Sumqayıt hadisələri və Dağlıq Qarabağ problemi ilə bağlı çəkilən sənədli filmlər və kitablar rus, ingilis, fransız, alman, çin, ərəb, ispan dillərinə tərcümə olunub dünya ictimaiyyətinə çatdırılır. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əməyini də xüsusi qeyd etmək lazımdır.

Erməni millətçiləri Azərbaycanın güclü təbliğat maşını qarşısında artıq tab gətirə bilmirlər. Son vaxtlar onlar Sumqayıt və Dağlıq Qarabağla bağlı siyasətlərində dönüş yaratmağa çalışırlar. Onlar Azərbaycanın tarixini, adət-ənənəsini, mədəni irsini təhrif etməyə başlayıblar. Bu sahədə Melik Arsen-Barsam, Vitaliy Danilov, Samvel Şaxmuradyan, Aleksandr Vasilevski, Anatoliy Mostavoy və başqaları internet səhifələrində gen-bol çıxış etməklə məşğuldurlar. Onların çıxışlarına qiymət vermək istəmirəm. Lakin Marksın bir kəlamını xatırlatmaq yerinə düşərdi: "Həqiqət o vaxt həqiqət olur ki, o, həqiqət olsun". Ermənilərin tarixində və söylədiklərində isə həqiqət yoxdur!

 

 

Eyruz MƏMMƏDOV,

"Exo Sumqayıta" qəzetinin

baş redaktoru, respublikanın

əməkdar jurnalisti

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 6.