ABŞ Konqresində Xocalı soyqırımının qurbanlarını anan bəyanatlar səsləndirilmişdir

 

1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanda həyata keçirilən amansız Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında anılmışdır. Azərbaycan üzrə işçi qrupunun həmsədri, konqresmen Bill Şuster, eləcə də Konqres üzvləri xanım Virciniya Foks, Stiv Koen və xanım Eddi Bernis Conson Nümayəndələr Palatasında verdikləri bəyanatlarla həmkarlarını Azərbaycanın Xocalı şəhərinin acı taleyinə biganə qalmamağa və keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən yerlə-yeksan edilən şəhərin qətlə yetirilmiş azərbaycanlı sakinlərinin xatirəsini anmağa çağırmışlar.

Şimali Karolina ştatının Konqresdəki nümayəndəsi xanım Virciniya Foks bildirmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 613 nəfər qətlə yetirilmişdir. "Human Rights Watch", "Memorail" və digər beynəlxalq insan haqları müşahidəçiləri bu hadisəni Dağlıq Qarabağ münaqişəsində "bu günə qədər ən böyük qırğın" adlandırmışlar. Konqres üzvü xatırlatmışdır ki, beynəlxalq icma tərəfindən dəfələrlə pislənən bu faciəni 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvü 324 nömrəli yazılı bəyannamədə "ermənilər Xocalının bütün əhalisini qırmış və şəhəri tamamilə dağıtmışlar" ifadələri ilə təsvir etmişlər. Virciniya Foks Konqresin spikerinə müraciətdə demişdir: "Mən, həmkarlarımı mənə qoşularaq Xocalı şəhəri və həmin fəlakətli günlərdə qətlə yetirilən Xocalı sakinlərinin xatirəsini yad etməyə və bu faciənin ildönümündə Azərbaycana dərin başsağlığı verməyə çağırıram".

Tennesi ştatının konqresmeni Stiv Koen isə bəyanatında qeyd etmişdir ki, vaxtilə yeddi min nəfər əhalisi olan Xocalı şəhəri 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edilmişdir. Hazırda erməni işğalı altında olan şəhərə hücum nəticəsində 613 nəfər qətlə yetirilmişdir. Bunların 106-sı qadın, 63-ü uşaq, 56 nəfər isə xüsusi qəddarlıq və işgəncə ilə öldürülənlər idi. 1275 nəfər əsir götürülmüş, 155 nəfər itkin düşmüş, 487 nəfər, onlardan 76-sı azyaşlı olmaq şərti ilə əlilə çevrilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130-u isə ən azı bir valideyndən məhrum edilmişdir. Koen faciəni həmkarlarına təsvir edərkən o zaman hadisə haqda yazan ABŞ-ın "Newsweek" və "Times" jurnallarından məqalələri xatırlatmışdır. O da, Azərbaycanın dünyanın mürəkkəb bölgəsində ABŞ-a güclü müttəfiq olduğunu deyərək, Konqres üzvlərini Xocalı şəhərində baş verən faciəni azərbaycanlılarla birlikdə anmağa çağırmışdır.

Azərbaycanın işğal edilmiş ərazisində baş verən faciə ilə bağlı bəyanatla çıxış edən daha bir Konqres üzvü, Texas ştatının təmsilçisi xanım Eddi Bernis Conson vurğulamışdır ki, hər il bu günlərdə Azərbaycanın müsəlman, xristian və yəhudi icmaları bir araya gələrək Xocalıda erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləməni pisləyir və beynəlxalq icmanı bu qanlı faciəni unutmamağa çağırır. "Onların çağırışlarını biz eşidirik" - deyən xanım Conson diqqətə çatdırmışdır ki, baş verən faciə geniş beynəlxalq media diqqəti qazansa da, o vaxtdan bəri, demək olar ki, unudulmuşdur: "Ümid edirəm, bundan sonra biz, hər il qurbanların xatirəsini dualarla ana biləcəyik". Amerika qanunvericisi Dağlıq Qarabağ münaqişəsinin bu gün də yüz minlərlə qurbanlarının qaçqın və məcburi köçkün kimi yaşadığını bildirmişdir. Eddi Bernis Conson demişdir: "Mən, Ruanda soyqırımının indiyədək sağalmayan qurbanları ilə görüşmüşəm, Bosniyaya gedib müharibədən sonra orada etnik təmizləmənin nəticələrini görmüşəm. Bilirəm ki, xəritədən hətta kiçik şəhərin silinməsi belə bütün bölgəyə böyük ziyan vurur. Bu gün Kəşmir və Darfurda qırğınlar baş verdiyi, günahsız mülki vətəndaşların qurbana çevrildiyi bir vaxtda biz, beynəlxalq icma kimi daha çox iş görməliyik". Konqres üzvü xanım Conson Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dinc həll yolu tapacağına və burada baş verən etnik təmizləmənin bitəcəyinə ümid etdiyini bildirmişdir. Onun sözlərinə görə, Xocalıda qətlə yetirilən insanların xatirəsi qarşısında hamı bu cür addımları qətiyyətlə pisləməyə borcludur.

Konqresdə Azərbaycanla bağlı işçi qrupunun həmsədri, pensilvaniyalı qanunverici Bill Şuster Xocalı qırğınını bəşəriyyətə qarşı cinayət adlandıraraq faciənin ildönümünü anan Azərbaycan xalqı ilə birlikdə olmağa çağırmışdır. Azərbaycanı ABŞ-ın güclü strateji müttəfiqi və dostu kimi dəyərləndirən konqresmen həmkarlarına müraciət edərək bildirmişdir ki, millət vəkilləri kimi onlar haqqında az məlumat olan hadisələri üzə çıxarmalıdırlar. Baş verən zaman "Boston Gobe", "Washington Post", "New York Times" və bir sıra digər nüfuzlu Avropa və Rusiya xəbər agentlikləri tərəfindən işıqlandırılan qanlı Xocalı faciəsi təəssüf ki, bu günlərdə çox az diqqət və maraq cəlb edir. Şuster Xocalıda baş verənləri heç vaxt unutmamağa və erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən azərbaycanlıların xatirəsini anmağa çağırmışdır.

 

 

Şəfəq Akifqızı,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 6.