O kənd bizim kəndimizdir - gedə
bilməsək də, görməsək də...
"Soyqırımı:
Qaradağlı" sənədli filmindən əvvəl və
sonra
"Bəşər
övladı! Əzab və işgəncələrlə dolu
bu faciəni bil və xatırla! Bu məsum, günahsız
insanların - soyqırımı qurbanlarının sonsuz həyat
eşqinin, yaşayıb-yaratmaq istəyinin yarı yolda
qırılmasının şahidi ol! Bu insanların
dodaqlarında əbədiyyətə qovuşmuş "Nə
üçün" sualına cavab tapmağa
çalış! Ən nəhayət, insanlıq və haqq
naminə ədalətin zəfər çalması
üçün əlindən gələni əsirgəmə!"
"Soyqırımı:
Qaradağlı" sənədli filmindən
Bizimlə yaşayan faciələr,
yaxud filmə və faciəyə ön söz olaraq
Gürcüstanın ictimai-siyasi xadimlərindən Akaki Sereteli: "Gürcü çarları ermənilərə yazığı gəlib ticarətlə məşğul olmaları üçün onlara Gürcüstanın müxtəlif guşələrində torpaq ayırdı, şəhərlər verdi. Gürcülər özləri isə coxsaylı qəsbkarlara qarşı mübarizə aparmaqla məşğul idilər. Yorğun, yaralı, əldən düşmüş halda geri döndükdə heyrət içində görürdülər ki, onların evləri qardaş saydıqları ermənilər tərəfindən zəbt edilib. Üzr istəmək əvəzinə isə onlar əsəbiləşib bağırırdılar: "Siz kimsiniz, hardan peyda olmusunuz? Siz bu evdə nə vaxt yaşamısınız? Bu torpaqlar həmişə bizim olub!" Sübut üçün isə elə öz kilsə və monastırlarımızı göstərirdilər. Onlar artıq oradakı gürcü yazılarını silib özlərininkini həkk etmişdilər".
Qarabağda, Xocavənd rayonunun Qaradağlı kəndində baş verən bu dərdin, müsibətin gələn il 20 yaşı olacaq. Eləcə də Xocalı, Şuşa, Laçın itkisinin 20 yaşı gələn il tamamlanacaq!
Elə dərdlər, elə məsələlər var ki, ondan çox danışanda bəzən mənasını, dəyərini itirir, sanki adiləşir, əhəmiyyətsiz olur. Elə dərdlər, elə məsələlər də var ki, hər dəfə danışanda dəhşətə gəlirsən, hər dəfə xatırlayanda o dərd, o kədər, o müsibət ayaq tutub adamın üstünə gəlir! Onun sifətini görmək, üzünə baxmaq, səsini eşitmək həmişə çətindir, amma mütləq dayanıb baxmaq, o deyilənləri eşitmək lazımdır - bu, həm keçmişimizə lazımdır, həm gələcəyimizə, həm indi özümüzə lazımdır, həm də uşaqlarımıza...
O kənd bizim kəndimizdir...
Filmdən əvvəl bu faciəyə "sahiblik" edən Xocavənd rayonunun icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov danışdı. Vaxtilə özünün də bir döyüşçü olaraq uğrunda vuruşduğu bölgənin itkilərini, o cümlədən Qaradağlı kəndinin faciəsini bu illər ərzində neçənci dəfə yada saldı, qısaca "Gəlin filmə baxaq" - dedi. Nədənsə həmişə belə tədbirlərdə danışmaq, söz demək istəyən çox olur. Bu dəfə əksinə oldu, daha çox ekrandan bizə baxaraq bildiyimiz və bilmədiklərimiz haqqında şahidlər danışdı. Onların yerində hər birimiz ola bilərdik. Ona görə bu gün adı çəkilmədən qoca, cavan, qadın... bir sözlə, ŞAHİDLƏR danışacaq...
Bircə uşaqlardan başqa. Çünki həmin günün şahidi olan üç uşağı ermənilər başqa maşında ayrı bir istiqamətdə apardılar və indiyəcən onlardan heç bir xəbər yoxdur! O biri uşaqlar isə atalarının yanında, səngərlərdə şəhid oldular... Ona görə onların yerinə ata-anaları, qardaş-bacıları, bir də onları son dəfə görənlər və eşidənlər danışacaqlar.
Şahidlər hələ ki
sağdır
1-ci ŞAHİD: - Ağdamdan Qaradağlıya gedən avtobusu ermənilər qəflətən atəşə tutdular. 8 nəfər öldü, neçə adam yaralandı...
2-ci ŞAHİD: - Gözümün qabağında bir qadını boynundan vurdular, qanı fantan kimi fışqırdı...
3-cü ŞAHİD: - Güllələr yağış kimi yağırdı. Avtobusdakı cavanlardan birinə dedim ki, ay bala, aşağı əyil, bəlkə ötüşə bildik. Dedi: erməni kimdir ki, əyilim. O da, başqa bir cavan da eləcə namərd gülləsinə tuş oldu...
4-cü ŞAHİD: - Bizim uşaqların silahı, patronu tükənəndən sonra ermənilər kəndə girdilər. Nə qədər cavanı gözümüzün qabağında güllələyib silos quyusuna tökdülər. Deyəndə ki bizi, yaşlıları güllələyin, gülüb deyirdilər: "Siz kimə lazımsınız?! Onsuz da axırınıza bir şey qalmayıb. Cavanları öldürürük ki, sonra bizi axtarıb qisas ala bilməsinlər"...
5-ci ŞAHİD: - Bizi Qaradağlıdan Xankəndiyə aparırdılar. Yol boyu ermənilər halımıza baxıb şadlanırdılar. Kəndlərin birinin yanında, Zəki bulağı adlanan yerdə dayanıb cavanlardan ikisini - Abbasov Səlvər İldırım oğlunu və Bayramov Elmidar Rəşid oğlunu maşından düşürdülər, gözümüzün qabağında onları güllələdilər. Toplaşmış ermənilər arvadlı-kişili vəcdə gəlib sevincdən bağırırdılar: "Birini də güllələyin, birini də..."
6-cı ŞAHİD: - Bizi kənd-kənd gəzdirirdilər. Erməni kəndi olan Cəmiyyətdə daha iki nəfəri - Xəlilov Zahid Əyyub oğlunu və Hüseynov Həbib Həmzə oğlunu adamların gözü qabağında güllələdilər. Bu, Həmzə kişinin ailəsində 4-cü şəhid idi...
7-cı ŞAHİD: - Əynimizdə nə vardı, alıb geyindilər. O soyuq günlərdə bizi ac-susuz saxladılar. Əsirlikdə olduğum qırx beş gün ərzində yediyim-içdiyim bircə soyuq qar oldu...
8-ci ŞAHİD: - Ağzımızdakı dişləri sökürdülər. Gəlib deyirdilər: "Kimin qızıl dişi var, yaxına gəlsin". Onsuz da gizlətmək mümkün deyildi. Gizlətdiyini biləndə döyürdülər. Qapıya qoyulan nəfəslikdən başımızı çıxaran kimi yapışıb əllərindəki kəlbətinlə dişlərimizi çıxarırdılar. İki sağ dişim də qızıl dişlərin üstündə getdi...
9-cu ŞAHİD: - Bir gün gördük ki, iki cavan erməni əllərində gül həbsxananın qabağında durub. Gözətçilər gəlib aramızdakı cavanlardan birini - Əliyev Vətən Əmirxan oğlunu apardılar. O, daha geri qayıtmadı. Soruşdum ki, onu neylədiniz, dedilər ki, həmin ermənilər onu qəbiristanlıqda qurban kəsmək üçün apardılar...
10-cu ŞAHİD: - Bir nəfər onlara dedi ki, mənə dəyməyin, yeddi qız atasıyam. Güldülər, dedilər, yaxşı, qaç, get. On addım atmamışdı ki, arxadan güllə ilə biçdilər, parça-parça oldu...
Sağ qalanlar analara təsəllidir
Şahidlərin bəzisini filmdən əvvəl də gördüm, sonra da. Onlar mənim çox yaxşı tanıdığım insanlardı, qohumlarım, yaxınlarımdı. Mən onları tanıyanda, onlarla bir yerdə orta məktəbdə oxuyub təhsil alanda heç kəsin, elə mənim də gələcək müsibətlərdən xəbərimiz yox idi. Hamı min bir arzu-istəklə yaşayırdı. İllər keçəcək və onları bu dərdin, faciənin içində tanımaq çox çətin olacaq.
Xocavəndin Əmirallar və Muğanlı kəndlərindən başqa bir kəndə - Kuropatkin kəndinə yuxarı siniflərdə oxumaq üçün gələrdik. Qızların arasında Xuraman adında biri vardı - sakit, mehriban və savadlı... Filmin təqdimatından sonra ilk danışan o oldu. O da şahidlərdən biri idi.
Bu ananın adı Xuramandır
11-ci ŞAHİD: - O faciədə 46 ailə başsız qaldı. Onlardan biri mənim ailəmdir. 146 uşaq atasız qalıb. Onların ikisi mənim evimdədir. Ataları Mobil müəllim Qaradağlı məktəbinin direktoru idi. Şagirdləri ilə birgə ön səngərdə idi. 16 fevralda o səngər alındı və hər şey dəyişdi... Onlar mənim 8 şagirdimi də qətlə yetirdilər. İndi də sinfə girən kimi gözlərim onları axtarır... Biz analar müharibə istəmirik. Amma biz bu qanı da yerdə qoymayacağıq...
Bütün bunlardan sonra mütləq prokuror
danışmalı idi. Danışdı da. Respublikanın hərbi
prokuroru Xanlar Vəliyev də həm şahid, həm təhqiqatçı
kimi danışdı. Dedi ki, film mənim bu qanlı hadisələrlə
bağlı təsəvvürlərimi daha da genişləndirdi.
Dahilərdən biri əbəs deməyib ki, tarixi yazanlar onu
yaradanlar qədər əhəmiyyətli iş görürlər.
Nə vaxtsa daşla başlayan dava sonradan qanlı müharibəyə
çevrildi. O qeyd etdi ki, 1993-cü ildən Baş prokurorun
müavini, 2005-ci ildən hərbi prokuror kimi bu işlə məşğuldu.
Prokurorluqda bu məsələ ilə bağlı xüsusi qurum
da yaradılıb. Faktlar bir daha dəqiqləşdirilməli
və sistemli şəkildə təqdim olunmalıdır. Qaradağlıya
qədərki və ondan sonrakı faciələr, Kərkicahan,
Malıbəyli, Quşçular, Xocalı,
Bağanıs-Ayrım... - bütün bunlar sistemli şəkildə
araşdırılmalıdır. O bildirdi ki, hər şeyi
vaxtında və düzgün desəydik, bəlkə də
bir çox faciədən yan keçə bilərdik, o
cümlədən Qaradağlı müsibətindən də.
Düşmənin hiyləsindən danışan prokuror təbliğat
işində ləngidiyimizi vurğulayaraq dedi ki, hələ
Sumqayıt hadisələri olmamışdan ermənilər onu
bütün dünyaya car çəkmişdilər. Biz
isə olanları belə vaxtında təqdim edə bilmirik.
Üzünü jurnalistlərə, tədqiqatçılara
tutaraq söylədi ki, bu hadisələrlə bağlı
çəkiliş etmək, yazı yazmaq istəyənlərə
hər cür kömək etməyə hazırıq. Birgə
işimizin nəticəsi kimi inanıram ki, bu filmin ikinci hissəsi
çəkiləcək. Biz orada, nəhayət,
günahkarların mühakiməsini də görə biləcəyik.
Baş nazirin müavini: "Uduzan
ermənilər olacaq!"
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da faciələrimizin, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlərin vacibliyini vurğuladı. Qeyd etdi ki, bu işdə hamımız əl-ələ verməliyik, problemin ümummilli problemə çevrilməsinə çalışmalıyıq. Hər bir azərbaycanlı bütün bu faciələri özününkü bilməyincə irəliləyişdən danışmağa dəyməz. Təəssüflə bildirdi ki, o vaxt Qaradağlı faciəsi respublika rəhbərliyi üçün həyəcan təbili olmadı: "Düşmənimiz çox hiyləgərdir. Ona qalib gəlmək üçün hər birimiz torpaqlarımızı azad etməyə hazır olmalıyıq, problem isə ümummilli problemə cevrilməlidir. Bəzi beynəlxalq qurumların ədalətsizliyi də münaqişənin həllinə mane olur. Bu gün ermənilər onların bir çoxunun qəbul etdikləri qərar və qətnamələrə laqeydliklə yanaşır, yerinə yetirmirlər. Əvəzində işğalçıya maddi yardım göstərilir. Lakin biz əminik ki, gec-tez separatçılar Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin siyasəti qarşısında diz çökəcəklər! Uduzan ermənilər olacaqdır!"
Ən sonda
axırıncı şahid kimi Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov danışdı, filmdəki hadisələri daha tez-tez ekranlarda, qəzet səhifələrində görmək istədiyini bildirdi.
12-ci ŞAHİD: - Qaradağlı - birinci Xocalıdır. İkinci Xocalının müsibəti sonra baş verdi. Gəlin heç vaxt Xocalı kimi, Qaradağlını da unutmayaq.
Şahidlər danışdı,
film qurtardı
və sonda hamı sükut içində toplantı zalını tərk elədi. Əvvəlki illərdən, əvvəlki görüşlərdən fərqli olaraq, sanki heç kəs bir-birinin üzünə baxmaq istəmirdi. Axı hamımızın bu faciədə nə qədər dərdimiz varsa, o qədər də günahımız var. Bunu bilmək, duymaq, yaşamaq və gördüklərimizdən, eşitdiklərimizdən bir daha nəticə çıxarmaq isə həsrətində olduğumuz QƏLƏBƏNİN başlanğıcı, qisas gününün çatması deməkdir...
Bir daha faktlara nəzər salaq
●Erməni təxribatçıları tərəfindən törədilmiş terror aktları nəticəsində 1991-ci ilin 28 iyununda 3-ü qadın olmaqla 6 həfər diri-diri yandırılıb.
●1991-ci ilin 8 sentyabrında sərnişin avtobusunun gülləbaran edilməsi nəticəsində 8 nəfər öldürülüb, çoxlu sayda insan yaralanıb. Yaralılardan 5-i sonradan dünyasını dəyişib.
●1992-ci ilin 17 fevralında Qaradağlı kəndinin işğalı zamanı 118 nəfər əsir götürülüb, onlardan 33-ü dərhal güllələnib. Sonrakı müddətdə 68 nəfər qətlə yetirilib.
●Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 46 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib.
●146 uşaq yetim qalıb.
●Ümumilikdə Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.
●Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur.
●200 yaşayış, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılaraq yerlə yeksan olunub.
Bir daha film haqqında
Film Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi ilə çəkilib. Qısa bir müddətdə hazırlanan film bədii-estetik təsir gücünə görə bu istiqamətdə hazırlanan, ayrı-ayrı faciələrimizə həsr olunmuş filmlərə yaxşı bir nümunədir. Filmin təsir gücünü ifadə eləmək baxımından Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun fikirləri çox maraqlıdır: "İnanıram ki, bu filmə baxıb döyüşə getmək istəyənlər çox olacaq".
Filmə və faciəyə son
olaraq
vaxtilə erməni xislətinin nəyə qadir olduğunu yaxşı bilən gürcü mütəfəkkiri İlya Çavçavadze yana-yana yazırdı: "Ermənilər heç vaxt yaşamadıqları yerlərdə özlərinə məskən salmağa çalışırlar. Eyni zamanda hamını inandırmağa çalışırlar ki, guya, burada kök salmaları üçün bütün tarixi haqlara malikdirlər".
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-23 fevral.- S. 7.