Küveytdə "Xocalı
soyqırımı" kitabı nəşr edilmişdir
Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə ərəb dilində "Xocalı soyqırımı" kitabı nəşr edilmiş, eləcə də faciə haqqında filmin ərəb dilində diskləri hazırlanmışdır.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, kitab ümummilli lider Heydər Əliyevin erməni vandalların xalqımıza və bütün bəşəriyyətə qarşı törətdikləri cinayət barədə bəyanatı və Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti ilə başlayır.
"Xocalı soyqırımı" kitabında faciənin xronologiyası, rəsmi sənədlər, qanlı hadisələrdə şəhid olmuş həmvətənlərimizin siyahısı, dünya mətbuatında Xocalı faciəsi barədə dərc olunmuş məlumatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT, İKT və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və bəyanatların mətni, soyqırımı əks etdirən fotolar da öz əksini tapmışdır.
Nəşrdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
"Xocalıya ədalət" beynəlxalq kampaniyası
haqqında da ətraflı məlumat verilmişdir.
Azərbaycan.- 2011.-23 fevral.- S. 7.