Teatr tarixinin unudulmaz siması

 

Şəmsi Bədəlbəyli - 100

 

Azərbaycanda elə şöhrətli, nəcabətli və möhtəşəm nəsillər var ki, onları həmişə dərin ehtiramla, həm də minnətdarlıq duyğuları ilə yad edirik: elmin, mədəniyyətin, maarifın inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər soyadı kimi. Qarabağdan pərvazlanan bu məşhur nəslin şəcərəsi qədim və çoxşaxəlidir. Onların digər məşhur soyadlarla da qohumluq əlaqəsi var ki, məhz həmin nəsillər (Qacarlar, Əliverdibəylilər, Hacıbəylilər) Azərbaycanın tanınmış simalarıdır. Şuşada doğulmuş Bədəl bəy XX əsrin lap əvvəllərində maarif fədaisi olmaq şərəfinə çatdı.

O, sonralar Bakıya köçərək paytaxtın keçmiş "Sovetski" küçəsində hələ də yaddaşlardan silinməyən "Bədəl bəyin məktəbi" adı ilə tanınan bir binada uzun illər boyu müəllimlik etmişdir. Bədəl bəyin qardaşı Əhməd bəy Azərbaycan səhnəsində qadın rollarının ilk ifaçısı məsuliyyətini boynuna götürdü. Belə bir ziyalı və fədakar ailədə doğulan övladlar da təkcə öz nəsillərinə deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə şərəf və şöhrət gətirdilər. Əfrasiyab Bədəlbəyli müsəlman Şərqində ilk baletin ("Qız qalası") yaradıcısı oldu. Şəmsi Bədəlbəyli də Azərbaycan Musiqili Komediya Teatrının qurucusu kimi adını mədəniyyət tarixinə həkk etdi. Bu nəslin davamçısı olan xalq artisti, pianoçuların beynəlxalq müsabiqələr laureatı, dünya şöhrətli mədəniyyət xadimi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə ata-babalarından ona etibar edilmiş missiyanı ləyaqətlə davam etdirməkdədir.

Ömrü boyu incəsənətə yüksək amalla xidmət edərək onu zənginləşdirən, teatra yeni quruluş gətirən, şöhrət qazandıran Şəmsi Bədəlbəyli sənətinin pərəstişkarları bu unudulmaz insanın ad gününü böyük ehtiramla yad edirlər. Həqiqətən də xalq üçün yaradanlar, çalışanlar heç vaxt unudulmurlar. Özləri həyatda olmasalar da, xatirələri anılır, xidmətləri yaddan çıxarılmır. Şəmsi Bədəlbəyli kimi örnək insanlar isə mədəniyyət tariximizin əbədiyaşar simalarıdır.

Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Şuşada anadan olub. Bu dilbər guşə həmişə Azərbaycanın musiqi, nəğmə, sənət beşiyi sayılıb. Şuşanı "Azərbaycanın konservatoriyası" adlandıranlar çox haqlıdırlar. Azərbaycan mədəniyyətinin, maarifinin, ədəbiyyatının, hətta nəbatat və xeyriyyəçiliyin elə məqamları var ki, onun ilkin yaradıcıları məhz şuşalılar olub. Doğrudur, Şəmsi orta məktəbi bitirdikdən sonra atası Bədəl bəy kimi müəllim olmaq istəyi ilə Bakı Pedaqoji Texnikumuna daxil olub. Amma içdən gələn bir hökm onu başqa sahəyə aparıb. Hələ yeni-yetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkərmiş. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. Özündən yaşca böyük sənətkarlarla dostluq etməyi çox sevən Şəmsi sonralar Cəfər Cabbarlı, rejissorlardan İsmayıl Hidayətzadə, Aleksandr Tuqanovla həm fikir oldu. Onun teatra olan həvəsi getdikcə sönməz məşələ dönürdü. 1932-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək Malı Teatrda Şillerin "Don Karlos" əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. Bu qədim teatrın yaradıcı heyəti ilə ünsiyyət qurub. Sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib. Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyası oldu. İlk yaradıcılıq işi ona fərəh gətirdi. Tamaşa yüksək qiymətləndirildi. Sonrakı işlərindən biri də. 1939-cu ildə quruluş verdiyi "Ölülər" komediyası oldu. Bu tamaşa haqqında mətbuatda müxtəlif yazılar dərc edildi. Bəyənənlər də oldu, tənqid edənlər də. Sabit Rəhmanın "Xoşbəxtlər" əsərinə verdiyi quruluş da uğurlu alındı. O, bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir etmişdi. Bu teatrda Şəmsi Bədəlbəylinin quruluş verdiyi son tamaşa Şekspirin "Kral Lir" pyesi oldu. İkinci dünya müharibəsinin başlanması bir çox məsələləri yarımçıq qoydu. Şəmsi Bədəlbəyli hərbi müxbir kimi İrana ezam edildi. O, burada öz həmkarları ilə birlikdə "Vətən uğrunda" qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Üzeyir Hacıbəylinin "Arşın mal alan", Zülfüqar Hacıbəylinin "Əlli yaşında cavan", "Evli ikən subay" əsərlərini tamaşaya qoyub. 1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Şəmsi Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Komediya Teatrının yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə teatrın repertuar məsələsinə, mükəmməl seçilməsinə, truppanın istedadlı insanlardan təşkil olunmasına çalışır. Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində bu teatrın yaradıcısı kimi silinməz izlər qoyub. O, dövrünün çox tanınmış, istedadlı dramaturqları, şair və yazıçıları, bəstəkarları ilə əməkdaşlıq etməyi bacarırdı. Məsələn, Sabit Rəhman, Süleyman Rüstəm, Mirzə İbrahimov,  Səid  Rüstəmov, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi sənətkarlarla məsləhətləşərək elə əsərlərə səhnə həyatı verərdilər ki, onlar həm tamaşaçılar, həm də teatr tənqidçiləri tərəfindən rəğbətlə qarşılanardı. Onun quruluş verdiyi tamaşalarda əsas rolları Lütfəli Abdullayev, Əlihüseyn Qafqazlı, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Şəfiqə Qasımova, Bəşir Səfəroğlu, Məmmədsadıq Nuriyev, Məleykə Şahmərdanova, Daqmara Seyidzadə kimi aparıcı aktyorlar iştirak edirdi. Onların saldığı izlərlə istedadlı gənclər gəlirdi. Bu aktyorlar həm də teatr sənətimizdə öz yollarını, öz məktəblərini yaratmış müqtədir sənətkar idilər.

Ümumilikdə, Şəmsi Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddətdə filarmoniyanın bədii rəhbəri və direktoru olan Şəmsi Bədəlbəyli 1976-cı il-dən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.

Şəmsi Bədəlbəyli hərtərəfli rejissor kimi geniş yaradıcılıq imkanlarına və potensialma malik idi. Opera və Balet Teatrında "Koroğlu", "Əsli və Kərəm", "Sevilya bərbəri" kimi operalara da quruluş verib. Hətta 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət ediblər. O, burada "Koroğlu" operasını tamaşaya qoyub. Keçmiş sovet məkanında Şəmsi həqiqətən çox məşhur idi. Onun rejissor işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış teatrşünaslar müsbət fikirlər söyləyirdilər.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət etməkdən doyumsuzluq tapan Şəmsi Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə ("O qızı tapın", "Axırıncı aşırım", "Xatirələr sahili" və s.) baxanda Şəmsi Bədəlbəylinin can verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.

Bir rejissor kimi quruluş verdiyi tamaşalarda seyrciləri güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı. Onu unutmaq mümkün deyildi. Təəssüf ki, istər teatr aktyorları, istərsə də rejissorlar qəribə taleyə malikdirlər. Onların sənəti ancaq görənlərin yadında qalır. Kino isə tamam başqa aləmdir. Nümayiş olunanda istər rejissorun, istər aktyorun, istersə də ssenari müəllifinin əməyi, istedadı bir daha yada düşür. Amma teatrda məsələ tamam başqa cürdür. Bu gün biz ancaq xatirələrdən oxuyuruq ki, Şəmsi Bədəlbəyli necə qüdrətli rejissor və mədəniyyət xadimi olub. Onun can verdiyi tamaşalar isə tarixin arxivindədir. Yalnız bir "Hicran" tamaşası bütövlükdə lentə alınıb. Xoşbəxtlikdən bu səhnə əsərində də dövrün korifey sənətkarları iştirak ediblər. Emin Sabitoğlu ilə birlikdə Azərbaycan teatr sənətinə ərməğan edilən bu tamaşa tez-tez televiziyada nümayiş etdirilir. Qəribədir ki, baxdıqca doymursan. Hər dəfə də bir yeni jest, bir yeni söz, bir yeni məna! Teatr tariximizin unudulmaz Şəmsisi sənətin yaşaması, inkişaf etməsi üçün, sözün əsl mənasında, böyük cəfakeşlik göstərmiş bir insan idi.

Deyirlər ki, Şəmsi Bədəlbəyli ilk dəfə fəaliyyətə başlayarkən teatrın orkestrində tar çalırmış. Şəmsi bütün ömrü boyu məhz bu gözəl sənətlərin ən mahir ifaçısı kimi yaşayıb-yaratdı. O, həssas musiqiçi, qayğıkeş müəllim, böyük rejissor idi!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-23 fevral.- S.8.