Qafqaz Müsəlmanları İdarəsinin sədri dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlamışdır

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlamışdır.

Müraciətdə deyilir ki, narahat dünyamızın ən ağrılı yaralarından biri qədim tarixə malik Azərbaycan xalqının XX əsr ərzində başına gətirilən müsibətlərdir. Bəşəriyyət insan sifətini itirmiş qatilləri həmişə lənətləmiş, insanlığa qarşı cinayətləri daim nifrətlə damğalamışdır. Lakin təəssüflə qeyd olunmalıdır ki, Qafqazın qanlı terror qurbanı - Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməmiş, bu misli görünməmiş soyqırımı faktı dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənməmiş, layiqli siyasi qiymətini almamışdır.

Biz bir daha dünya ictimaiyyətinə xatırlatmaq istərdik ki, 19 il bundan əvvəl 26 fevral tarixində Xocalının dinc, silahsız, müdafiəsiz əhalisi amansız basqına məruz qalmış, yüzlərlə insan qətlə yetirilmiş, qadınlara, qocalara, uşaqlara belə rəhm olunmamış, meyitlərin üstündə eybəcər, təhqiramiz həqarətlər edilmişdir. Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərə biganəlik terrorizmi ruhlandırmaq kimi qiymətləndirilməlidir.

Ermənistan qəsbkarlarının təcavüzkarlıq planlarını genişləndirərək Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini bildirən A.Paşazadənin müraciətində deyilir ki, ermənilər minlərlə dinc əhalini girov aparmış, qəsb etdiyi torpaqlarda yaşayış məntəqələrini, məscid və qəbiristanlıqları xarabalığa çevirmiş, bütün maddi və mənəvi abidələri məhv etmişlər. Erməni ekstremistləri törətdikləri cinayətlərə görə hələ də cəza almamış, məsuliyyətə cəlb olunmamışlar. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalına dair qəbul etdiyi qətnamələrdə erməni qoşunlarının qəsb olunmuş ərazilərdən çıxarılması tələbinin öz əksini tapmasına baxmayaraq, Ermənistan hələ də təcavüzkar siyasətindən əl çəkmək istəmir. Beynəlxalq birlik BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, hüquqi prinsip və normaların mahiyyətinə uyğun olaraq, malik olduğu mexanizmlərdən istifadə etməklə qeyri-qanuni vəziyyətə son qoymalı, Ermənistanı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə hörmət etməyə vadar etməlidir. Cəzasızlığından ilhamlanan Ermənistan hər an atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir.

Müraciətdə bildirilir ki, Xocalı şəhərinin yer üzündən silinməsinin, bir milyon azərbaycanlının doğma torpaqlarından sürgün edilməsinin, varidatının talanmasının, qədim abidələrinin dağıdılmasının, tarixinə sahib çıxılmasının yalnız bir adı var - soyqırımı! Bunu bütün dünya etiraf etməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müraciətində deyilir: "Dünyaya car çəkdiyimiz Xocalı faciəsinin tanıdılması istiqamətində aparılan işlərin miqyası genişləndikcə tarixin mühakiməsinin ədalətli qərar verəcəyinə ümidlərimiz də artır. Biz bu hüznlü günün növbəti ildönümündə bir daha bütün dünya ictimaiyyətinə müraciət edərək Azərbaycan xalqının faciəsinə biganə qalmamağa, Xocalıda törədilmiş faciəni əsl soyqırımı kimi qiymətləndirərək prinsipial hüquqi və siyasi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində bizə dəstək olmağa, haqq səsimizə səs verməyə çağırırıq".

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 2.