Türkiyənin Sparta şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaqdır

 

Türkiyədə Sparta bələdiyyəsinin dəstəyi ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbir keçirilmişdir.

 

AzərTAc xəbər verir ki, tədbirdə Sparta bələdiyyəsinin başçısı Yusif Ziya Günaydın, Türkiyənin bir çox ictimai-siyasi xadimləri, QHT-lərin rəhbərləri və nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva, Elman Məmmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan-Türkiyə dostluq təşkilatının həmsədrləri Kadir Yıldız və Raşxan Qaraşlı və başqaları iştirak etmişlər.

Q.Paşayeva Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmalarından, Xocalı faciəsi də daxil olmaqla dinc azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrildiyini vurğulamışdır.

Bildirilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində türk dünyası birgə çalışmalı və səylərini daha da artırmalıdır. Xocalı soyqırımı Azərbaycan türklərinə qarşı törədilmiş bir soyqırımı olaraq bütün türk dünyasının problemidir. Bu soyqırımı törədənlər cəzalandırılmalıdır.

Q.Paşayeva Sparta bələdiyyəsinin başçısı Y.Z.Günaydına yaxın aylarda Spartanın mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması ilə bağlı verdiyi qərara görə təşəkkürünü bildirmişdir.

Milli Məclisin deputatı, Xocalı soyqırımının şahidi Elman Məmmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən, əsir və girov götürülən xocalılılara dəhşətli işgəncələrin verilməsindən danışmışlar.

Azərbaycan-Türkiyə dostluq təşkilatının həmsədrləri Kadir Yıldız və Raşxan Qaraşlı da Xocalı soyqırımının dünyaya çatdırılması və tanıdılması istiqamətində bütün türk dünyasının gəncliyini səylərini artırmağa çağırmışlar.

Sparta bələdiyyəsinin sədri vurğulamışdır ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, Türkiyənin də faciəsidir.

 

 

Azərbaycan.- 2011.- 24 fevral.- S. 2.