Almaniya ilə hüquqi əməkdaşlıq
inkişaf edir
Fevralın 23-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellen və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) məsul nümayəndələri ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan və Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişaf etdiyi vurğulanmışdır. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatları, xüsusilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə mühüm rolu olan hakimlərin ən şəffaf qaydalarla seçimi və inzibati məhkəmələrinin yaradılması üzrə görülən işlər barədə məlumat vermiş, islahatlarda GİZ-in fəal iştirakını qeyd etmişdir.
Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən səfir ümummilli lider Heydər Əliyevin hüquqi dövlətin quruculuğu ideyalarının uğurla icrasının şahidi olduğunu vurğulamış, GİZ-in ölkəmizə yeni təyin olunmuş layihə rəhbərlərini təqdim etmişdir. Qonaqlar GİZ ilə Azərbaycan arasında hüquqi əlaqələri təqdir etmiş, Ədliyyə Nazirliyi ilə uğurlu əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək, qarşılıqlı fəaliyyətin bundan sonra da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini söyləmişlər.
Görüşdə, həmçinin gələcək fəaliyyətin prioritetləri müəyyən olunaraq konkret təkliflər irəli sürülmüşdür.
Qonaqlar
nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış
olmuşlar.
Azərbaycan.- 2011.-24 fevral.- S. 2.